Keçid linkləri

Təcili xəbərlər

NATO tələbləri səmtində kiçik bir addım


Arxiv foto
Arxiv foto
Hüseynbala Səlimov, müstəqil analitik

Ötən həftənin sonunda böyük olmasa da, maraqlı bir hadisə baş verdi. Milli Məclis növbəti dəfə Ombudsmanın səlahiyyətlərini artırdı.

Düzdür, Məclisin əvvəllər də belə qərarları olmuşdu. Belə ki, bir neçə il bundan əvvəl Məclis mətbuat üzrə ayrı Ombudsmanlıq postu təsis etmədi, mövcud Ombudsmana əlavə səlahiyyətlər verərək mətbuat Ombudsmanı səlahiyyətlərinin icrasını da ona həvalə etdi.

Bəs, indi nə baş verdi? Bundan sonra Ombudsman hərbi qulluqçuların hüquqlarının müdafiəsilə də məşğul ola biləcək. Bunun üçün ona hərbi qulluqçuların saxlandığı cəzaçəkmə müəssisələrinə əvvəlcədən heç bir xəbərdarlıq etmədən, istənilən vaxt baş çəkmək, onların vəziyyət ilə maraqlanmaq hüququ verildi.

Bu punktun qəbul edilməsini Məclis rəhbərliyi bir neçə il bundan əvvəl işgəncələrlə bağlı konvensiya ratifikasiya edilərkən götürülmüş öhdəliklə bağladı. Lakin deputatlar da, eləcə də analitik və təhlil həvəskarları da bunu ölkədə ordu üzərində mülki nəzarətin ilk təzahürü kimi qiymətləndirdilər.

Bir neçə deputat hətta bundan həvəslənərək parlamentə ordu üzərində nəzarəti həyata keçirmək üçün əlavə səlahiyyətlərin verilməsi təklifilə çıxış etdilər.

Amma «nəzarət» sözünü sevməyən Məclis rəhbərliyi o saat bunun qeyri-mümkün olduğunu bildirdilər. Onlar bunu onunla izah və şərh etdilər ki, ordu qapalı strukturudur və bu struktura daxil olmaq üçün hər adama səlahiyyət verilə bilməz.

Lakin maraqlısı budur ki, ordu bütün dünya ölkələrində qapalıdır, zira buna baxmayaraq NATO-nun əsas tələblərindən biri məhz ordu üzərində mülki nəzarətin təsbit olunmasıdır.

Bəs, onda mülki nəzarət necə həyata keçirilir? Bunun bir yolu hərbi büdcənin şəffaflaşması və onun ən azı deputatlar üçün şəffaf olmasıdır. Azərbaycanda yeni büdcə layihəsi qəbul və müzakirə edilərkən deputatlara yalnız ümumiləşmiş, yəni inteqral göstəricilər açıqlanır, büdcə təsnifatı ölkədə ciddi problemlərdən və öz həllini gözləyən məsələlərdən biri kimi qalır. Bəs, onda NATO-nun tələb və tövsiyələri necə olsun?

İ. ƏLİYEVİN ƏMƏKDAŞLIQ SİYASƏTİ

İndi hətta xarici dərgilər də yazır ki, cənubi Qafqazda müəyyənləşməmiş və özünün təhlükəsizlik tərəfdaşını seçməmiş bir ölkə qalıb – Azərbaycan!.

Bu fikir son vaxtlar xüsusilə çox səslənməyə başlayıb. Bakıda belə güman edir və ümid bəsləyirdilər ki, ölkənin neytral dövlətlər blokuna qoşulması həmin məsələni gündəlikdən çıxaracaq. Amma belə olmadı.

İndi İ. Əliyev NATO ilə əməkdaşlığı yalnız bir səmtə yönəltmək istəyir – ordunun modernləşməsi və NATO-nun sülhməramlı əməliyyatlarında iştirak.

Bu günlərdə o hətta bir maraqlı qərar verdi: Əfqanıstanın ordu fonduna bir milyon avro məbləğində pul köçürülməsi haqda sərəncam verdi. O, bu haqda ötən ay NATO-nun bir sammitində iştirak edərkən bəyanat vermişdi. İndi bunu yerinə yetirdi.

Bunu NATO qarşısında özünü, necə deyərlər, tərəfdaş ölkə tək nümayiş etdirmək cəhdi kimi də yozmaq olar. Bəli, bu gün, yəni İ. Əliyevin idarəçiliyi dövründə Azərbaycan üçün Əfqanıstan ordusunun hesabına pul köçürmək daha asan işdir, nəinki NATO-nun tələb etdiyi islahatları həyata keçirmək.

Hətta iş elə səviyyəyə çatıb ki, İ. Əliyevin «səxavəti» ölkədə ciddi narahatlıq yaratmağa başlayıb, çünki bu gün Azərbaycandan ən mənasız layihələrə pul qoparmaq heç bir çətinlik təşkil etmir, bunu hətta Belarus və yaxud Serbiya edə bilir...

OMBUDSMAN APARATI BÖYÜYÜR, AMMA...

Burada bir məsələni də qeyd etmək lazımdır. Bu da Ombudsman institutunun özünün fəaliyyətilə bağlıdır.

Bu fəaliyyət ümumiyyətlə yoxdur demək olmaz, lakin o səmərəsizdir. Ölkədə bir partiya özü - özünə nəzarət mexanizmləri yaratmaq istəyir. Problem bundadır.

Bunun nə qədər mənasız olduğunu isə biz əvvəlki və eləcə də avtoritar sistemlərin indiki durumunda görmüşük. O səbəbdən yeni səlahiyyətlə bağlı da eyforik ümidlərə qapılmaq yersizdir. Bu sadəcə kiçik bir addımdır.

Təbii ki, o böyük də ola bilərdi və böyük nəticələr də verə bilərdi, amma ölkənin siyasi sistemi buna imkan vermir. Hətta kiçik bir məsələ bu vaxta qədər öz həllini tapmayıb. Ölkədə hüquq müdafiəsi ilə məşğul olan müstəqil təşkilatlar var. Onlar hərbi qulluqçuların hüquqlarını da ombudsman institutundan çox əvvəl müdafiə etməyə başlayıblar.

Yaxşı olardı ki, Ombudsman institutu ilə hüquq - müdafiə təşkilatları arasında bir əməkdaşlıq yaransın. Lakin bu günə qədər bu əməkdaşlığın olub-olmaması haqda hər hansı bilgi və məlumat yoxdur.

Ən son yazılan

XS
SM
MD
LG