Keçid linkləri

Təcili xəbərlər

Partiya, yoxsa vətəndaş hərəkatı?


Moskvada Dövlət Duması qarşısında nümayiş - 11Aprel 2012
Moskvada Dövlət Duması qarşısında nümayiş - 11Aprel 2012
-
Hüseynbala Səlimov, müstəqil analitik

Bəlkə də bu sual bir qədər kontekstdən kənar görünür, çünki bu gün partiya adlanan siyasi strukturlar bir vaxt geniş hərəkatlardan cilalanıb çıxıblar. Elə bu səbəbdən diqqətli oxucu soruşa bilər ki, yenidən keçmişə qayıtmaq, bir daha keçmiş mübarizə formalarını təkrarlamaq üçün əsas varmı? Ola bilsin, sosialist düşərgəsinin bir çox ölkələrində buna ehtiyac yoxdur, o səbəbdən ki, bu ölkələrdə siyasi və vətəndaş hüquqları ciddi şəkildə təsbit olunub. Bu ölkələrdə belə geniş siyasi formata ehtiyac duyulmur. Lakin Rusiya kimi bir ölkədə yenidən geniş formatlı hərəkatlara qayıdış tendensiyası hiss olunur.

Maraqlıdır ki, bu proses hökumətin partiyaların qeydiyyatını ciddi şəkildə və əsaslı surətdə sadələşdirən qərarının fonunda baş verir. Üstəlik, hakimiyyət komandasının əsas siması V. Putin öz ətrafında geniş formatlı bir hərəkatın yaranmasına cəhd edir. Bu mənada Rusiyada gedən proses Azərbaycanda gedən prosesdən qat – qat mürəkkəb və ziddiyyətlidir. Azərbaycanda daha çox partiyaların azalmasına, qeydiyyat proseduralarının çətinləşməsinə, bir çox partiyaları siyasi müstəvidən kənarlaşdırmağa yönələn addımlar atılır.

Rusiyada sağçı, konservativ siyasi təşkilatların bir blokda birləşdirilməsinə cəhd edilir. Azərbaycanda isə hakim partiyadan başqa qalan bütün siyasət strukturlarının siyasi əhəmiyyətinin itirilməsinə, onların hakim partiyanın və məmur dəstəsinin zəif və aciz əlavəsinə çevrilməsi üçün mümkün olan hər bir şey edilir: partiyaların hətta qapalı məkanlarda toplaşmasına, onların öz konstitusion fəaliyyətini həyata keçirməsinə maneə törədilir. Hər bir ölkəni öz siyasi spesifikası xarakterizə edir. Ona görə də bir ölkədə baş verənlərin identik olaraq başqa ölkəyə köçürülməsi bir az çətin məsələdir. Amma indi elə ölkələr var ki, onlara «Rusiya və onun ətrafı» demək daha düzgün olardı.

Mən bu yaxınlarda MDB –nin məhz bu sektorunda (təəssüf ki, onun başqa sektoru yoxdur, necə deyərlər, olanı budur. Bəlkə də bu da bir xoşbəxtlikdi) baş verən prosesləri təhlil etməyə cəhd etmişdim. Bəli, Rusiyada izotimik bir proses gedir. Yeni müxalifət (təbii ki, əsl müxalifətdən söhbət gedir) niyə Putinlə birləşmək istəmir? Güman edirəm ki, bu günlərdə Putinin açıqladığı illik gəlir deklarasiyasına kim baxsa bundan vaz keçər, əsl müxalifəti başa düşər. Rusiyada yeni müxalifət birləşmək üçün başqa alternativ göstərir və bu alternativ indi rusiyalı analitikləri də çox cəzb edir.

YENİ ADLAR VƏ YENİ SİYASİ MÜSTƏVİ

Mən bir məsələyə çox təəccüb edirəm. 19 il ərzində Azərbaycanda bir nəfər belə olsun yeni ciddi siyasi sima ortaya çıxmadı. Siyasi səhnədə ya 80-ci illərin fəallarını, ya da hakimiyyət gəmisindən kənara atılmışları görürük. Bu çox darıxdırıcı məqamdır. Amma Rusiyada iki yeni siyasi fiqur ortaya çıxdı.

Onların siyasi uğurdan başları gicəllənmədi, ölkənin 100 siyasətçisi siyahısında görünmək belə onlara təsir etmədi, bu adamlar özlərini mühafizə dəstələri, cangüdənlə əhatə etmədilər. Onlar öz adi siyasi fəaliyyətlərini davam etdirirlər. Bir neçə ildir ki, Azərbaycanda belə tezis müdafiə olunur ki, hamı filankəsin ətrafında birləşsə nəsə alınar. Ona görə də hər seçki zamanı vahid namizəd məsələsi meydana çıxır və təbii ki, heç nə alınmır, hamı da məyus olur ki, filankəsin ətrafında «sıx» birləşmədilər, ona görə də heç nə alınmadı. Amma Rusiyada mən başqa tendensiya görürəm. Orada hələ ki heç kim camaatı öz ətrafında birləşməyə çağırmır. Siyasi və vətəndaş hüquqları uğrunda mübarizə gedir. Bu mübarizədə isə «vahid namizəd»ə ehtiyac olmur. Azərbaycanda prosesi bir qədər deformasiya edərək təqdim edirlər. Öz şöbələrinin iclaslarını belə keçirə bilməyən partiyalar əsas hədəfi bir tərəfə qoyub adamları ətraflarında birləşməyə çağırırlar ki, bəs, biz hakimiyyətə gələcəyik! Hərçənd, özləri çox yaxşı bilirlər ki, bu ölkədə seçki yolu ilə hakimiyyətə gəlmək qeyri-mümkün bir şeydir, ən azı o səbəbdən ki, seçkilər total qaydada saxtalaşdırılır. Elə o səbəbdən də «Hakimiyyətə gəlirik!» demək əvəzinə «Gəlin tam demokratik seçki uğrunda mübarizə aparaq!» desəydilər daha realist görünə bilərdilər.

NİYƏ BİRİ İRƏLİDƏDİR, O BİRİSİ GERİDƏ...

Belə bir deyim var ki, təbiət çox ədalətsiz bölünüb. Bəlkə bunu elə tarixə də şamil etmək olar. Niyə bir millət irəlidədir, başqa bir millət geridə? İndi mən böyük tarixi ekskurs etmək fikrindən uzağam, buna gücüm də çatmaz. Mən bunun üçün A. Toynbee-nin yazdıqları ilə tanış olmağı məsləhət bilərdim. Bəli, bu adam 21 cəmiyyət növü müəyyən edib. Bunlardan yalnız ikisi əsl qərbçi cəmiyyət statusuna iddia etmək iqtidarındadır. Amma bunu da bir tərəfə və necə deyərlər, beynimizin uzaq küncünə qoyuram. Yazıda ən çox Rusiyada baş verən proseslərdən söz açıldı. Ruslar «Nə etməli?» sualını iki əsr əvvəl soruşmağa başlayıblar. Özü də bir dəfə yox, bir neçə dəfə. Mən demirəm ki, onlar çox irəli gediblər. Lakin geridə də deyillər. Bəlkə elə bizim geriliyin də səbəbi budur ki, «Nə etməli?», «Necə etməli?» suallarını yalnız məişətimizin problemlərinə tətbiqən soruşuruq və onlara heç vaxt ciddi ictimai məzmun vermirik?

Ən son yazılan

XS
SM
MD
LG