Keçid linkləri

Təcili xəbərlər

Yaşamaq utanc gətirirsə…


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
Bəzən hətta belə də olur. Təbii, mən bunu bir simvolik mənada deyirəm və mənim dediklərimin tərki–dünyalığa heç bir dəxli yoxdur. Sadəcə, hər səhər qəzet alarkən dərhal üçüncü səhifənin yuxarı küncünə baxıram. Orada indi siyasi məhbusların şəkilləri dərc olunur. Mən onların baxışlarında təkcə bir sual oxuyuram:« Sən bizim üçün nə etmisən?». Bu sual qarşısında özümü bir çocuq kimi aciz hiss edirəm. Hətta mənə elə gəlir ki, nə etsək yenə də bu baxışlardakı tənə azalmayacaq, çünki bu məhbusların hamısı bizim özümüz üçün cızdığımız «qırmızı xətt»i adlayan, onun o biri tərəfinə keçən insanlar və mübarizlərdir. Bu ölkədə utanc gətirən tək bu deyil. Millətin Amacinin və Sianın (hind serialının qəhrəmanları) tərəfdarlarına bölünərək biri-birlərini necə «qırmasına» sakitcə tamaşa etmək olmur. Bu mənasız və maraqsız bir serialda belə bir rasional element var-söhbət seçki hüquqlarının qadınlara da şamil edilməsindən, bu hüquqların genişləndirilməsindən gedir. Artıq bu serialın verilməsi dayandırılıb. Hətta bu serialda belə seçkiyə necə hörmətlə yanaşılmasının şahidi oluruq. Amma hər gün bunu müzakirə edən insanlar bütün bunları görmürlər, onları gəlin-qaynana münasibətləri maraqlandırır.

Bu ölkədə mətbuata, yazılı sözə və yazı adamlarına münasibət adama utanc hissi gətirir. Hətta dünyada hazırda 179 mətbuat adamının həbsdə olması o hissi azaltmır. Mətbuat adamlarına münasibət, onları gözdən salmaq üçün seçilən üsullar... Bütün bunlardan sakit danışmaq və bunlara sakit tamaşa etmək mümkündürmü? Almaniya ilə elə davaya çıxdılar ki, hətta səfiri də bu məsələyə qatdılar. İndi isə deyirlər ki, bunlar iki dövlət arasındakı münasibət və ilişgilərə xələl gətirə bilməz! Necə gətirməz? Hətta artıq səfir belə buna qarışmaq məcburiyyətində qalırsa, deməli ortada narahatlıq yaradan ciddi və düşünməli məqamlar var. İ. Əliyev ABŞ-a səfər etmək üçün ən kiçik fürsəti belə əldən vermir. Amma o, ABŞ-ın müvəqqəti işlər vəkilinin indi müstəqil qəzetlərdə yazı yazması haqda da düşünə bilərdi və bundan özü üçün kiçik də olsa, bir nəticə hasil edərdi. Müvəqqəti işlər vəkili məcbur olub yazısında ölkədəki mətbuat və söz adamlarının qarşılaşdığı problemlərdən söz açırdı. Mayın 3-ü Dünya Mətbuat Azadlığı günü idi. Ölkə bunu necə qarşıladı? Bu haqda danışmasaq daha yaxşıdır...

HƏTTA HEÇ NƏ BACARMIRSANSA...

A. Solzhenitsynın maraqlı bir fikri var. Heç nə bacarmırsansa, yalana qoşulma!
Mən indi Sianı və Amacini müzakirə edən insanlara baxıram. Maraqlıdır, bu insanlar M. Qandhi, C. NehruR. Tagor haqqında nəsə eşidiblərmi?

Qandinin haqqında çox maraqlı film var. Onlar həmin filmə baxıblarmı? Mən istərdim ki, kino adamları bu müzakirəyə öz münasibətini bildirsin. Ölkədə musiqi və sənət zövqü aşılanıb, indi bir kino qalmışdı, onu da aşındırırlar! Dünyanın çox nadir kino inciləri var. Hətta sovetlərin vaxtında bu incilər haqda xüsusi verilişlər olurdu. İndi isə... Bir az əvvəl Solzhenitsyndan misal gətirdik. Onun yasaq olduğu vaxtlarda Moskvada bu ədibin əsərlərini yüz, ya yüz əlli rubla satırdılar və insanlar da bunu alırdı. Mənim bir rus tələbə dostum vardı. Bu adam «qara bazar»da Z. Freud-in kitabını yüz rubla almışdı. Bu da etirazın və müqavimətin bir forması idi. L. Landau deyirdi ki, elə fənlər var ki, onlardan üçdən yuxarı qiymət almaq eyibdir! O hansı fənləri nəzərdə tuturdu? Təbii, elmi kommunizmi və elmi ateizmi! Mən bu misalları niyə gətirirəm? Ən sakit və donuq ölkədə belə etiraz forması seçmək mümkündür və ən başlıcası isə buna kütləvi forma vermək mümkündür. Onda yaşamaq da adama utanc və başıaşağılıq gətirməz...

KİÇİK SÖZARDI

Bilmirəm, kim deyib, amma çox maraqlı bir fikir var ki, qaranlığın, zülmətin dalınca deyinməkdənsə bir şam yandırın!... Bəli, böyük işlər bəzən çox kiçik işlərin məcmusu kimi təzahür edir. Yetər ki, kiçik işlər görməkdən utanıb və çəkinməyəsən! Bəzən insanlar öz etinasızlığına, passivliyinə böyük işlərin görülməsi üçün şəraitin olmaması ilə bəraət qazandırmaq istəyirlər. Amma bu, bəhanədir, kiçik bir iş görüb «heç olmasa mən buna cəhd etdim» demək də olar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG