Keçid linkləri

-

Hələ ötən il dövlət başçısı hökumətin iclaslarının birində icra orqanları qarşısında belə bir tapşırıq qoyub: yaxın 10 ildə ölkə iqtisadiyyatının diversifikasiyasını (çoxsahəliliyini) təmin etmək. Yəni, iqtisadiyyatın neftdən asılılığını minimuma endirmək və ÜDM-in göstəricilərinin 2 dəfə artırılmasına nail olmaq.

Bundan başqa, prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə indiki uğurlarını bir platforma kimi qəbul edərək ölkənin 2020-ci ildən sonra inkişaf etmiş dövlətlər cərgəsinə qoşulmasını bir vəzifə kimi hökumət qarşısında qaldırıb.

Bunlar necə deyərlər, çox yaxşı istəklərdir, ən azından ona görə ki, artıq dövlətin birinci şəxsi hansı hədəfi nişan aldığını müəyyənləşdirib. Ancaq nə dərəcədə realdır bu vəzifənin öhdəsindən gəlmək, lap Olimpiadia-2020-nin keçiriləcəyi məkan Bakı olsa belə?


Bizim reallıqlar

Hazırda vəziyyətimiz məlumdur: Azərbaycan vizual baxımdan ortabab bir ölkədir. Müstəqillik illərində keçdiyi əzablı yollara baxmayaraq son 10 ildə neft gəlirləri hesabına nəinki "ayağa durmağa" imkan tapdı, hətta bəzi sahələrdə (neft hasilatı, neft-qaz infrastrukturunun yaradılması, onların idarəsi, karbohidrogenlərin tranziti, neft və neft məhsullarının marketinqi, regional qaz marketinqi) sıçrayışlarla irəliləməyə də nail oldu.

Son məlumatlara görə, müstəqillik illərimizdə bütün mənbələr hesabına Azərbaycan iqtisadiyyatına artıq 100 mlrd dollar vəsait xərclənib. Və bunun nəticəsində Azərbaycan təqribən 200 dövlət arasında ilk 100-lükdə hələ bir-neçə il öncə özünə yer də bilmişdi. ÜDM göstəricilərinə görə 2011-ci ilin nəticələrinə əsasən artıq ilk 70 ölkə arasındadır. Heç pis nəticə deyil, gələcək optimizm üçün də yaxşı şanslar gözləmək olar.

Hazırda vəziyyətimiz məlumdur: Azərbaycan vizual baxımdan ortabab bir ölkədir... Son məlumatlara görə, müstəqillik illərimizdə bütün mənbələr hesabına Azərbaycan iqtisadiyyatına artıq 100 mlrd dollar vəsait xərclənib.

İndi isə qarşıda duran vəzifə daha çətindir, mən deyərdim ki, olduqca çətindir. Biz heç olmasa ilk 40 ölkə sırasında yer almalıyıq ki, dövlət başçısının hədəfə aldığı nöqtəyə yaxınlaşa bilək.

2011-ci ilin nəticələrinə görə, Azərbaycanın ÜDM-i $63 mlrd, adambaşına düşən ÜDM $7 min, paritet alıcılıq qabiliyyətinə (PAQ) görə isə $10 286 olub.

2010-ci ilin nəticələrinə görə, adambaşına düşən ÜDM PAQ-a görə 50-ci göstəriciyə Antitua və Barbuda ada dövləti nail olub - $16 570, bundan 20 sıra irəlidə gedən ölkə isə ötən il adı "bankrot-iqtisadiyyat" siyahısından çıxmayan Yunanıstandır - $28 434.

İlk onluğun autsayderi isə Hollandiyadır - $40 765 və birincilikdə qaz vurub, qazan dolduran isə Qətərdir - $88 559.

Yəni bu siyahıdan göründüyü kimi, Azərbaycanın öz nefti və qazından gəlirlərini hətta son dərəcə mükəmməl bir idarəçiliklə xərcləmək hesabına belə ilk 40 ölkə arasında yer alması böyük bir problemdir.

Bunun bir sıra obyektiv səbəbləri var.

Yaxşı yaşamaq, gəlirlərin bölüşməsindən başlayır

Birincisi

Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığıdır. Neft gəlirlərinin həm büdcənin formalaşmasında (cari ildə 73%), həm ixracatda (neft məhsullar və qaz da daxil olmaqla 96%), həm də ÜDM də (neftə bağlı köməkçi xidmətlər də nəzərə alınmaqla 52%) xüsusi çəkisi çox böyükdür.

Neftin dünya bazarında isə qiyməti sabit deyil. Söhbət təkcə sabit qiymət faktoruna da bağlı deyil. Burada hasilat həcmlərinin də təsiri ciddi rol oynayır. Məsələn, 2011-ci ilin yekunlarına görə, dünyada neftin orta qiyməti 39% artdı, ancaq Azərbaycanda neft hasilatının cəmi 10,5% azalması ilə ölkənin ÜDM-də artım tempi vur-tut 0,1% təşkil etdi.

Digər tərəfdən, 2010-cu ildə Azərbaycanda 50,8 mln. ton neft hasil edilmişdisə, 2020-ci ildə ən yaxşı halda bu göstərici 40 mln. tona yaxın ola bilər. Bu isə iqtisadiyyatı hələ ki, neftdən asılı olan ölkə üçün ÜDM-in kifayət qədər azalması deməkdir.

İkincisi

Ölkə iqtisadiyyatının qapalılığıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə artıq 14 ilə yaxındır ki, danışıqlar aparır və ən yaxşı halda 2014-cü ildə bu təşkilata üzv ola bilər. Söhbətin məğzi isə ondan ibarətdir ki, Azərbaycan neft gəlirlərinin sel-su kimi axdığı bir zaman öz daxilində regional səviyyədə belə rəqabət apara biləcək iqtisadi məkan formalaşdıra bilmədi. Nəticədə ortaya nə şirkət çıxa bildi, nə də xidmət.

Deyilə bilər ki, axı Azərbaycan şirkətləri ölkə sərhədlərini aşıb beynəlxalq layihələrdə iştirak edirlər. Düzdür, ancaq, onlar əsasən dövlətin verdiyi kreditlərin podratçısı kimi çıxış edirlər və açıq beynəlxalq tenderlərdə qalib kimi xarici bazara daxil olmurlar (yeganə brendimiz – SOCAR-dır, o da neftə və qaza bağlıdır).

Son illər kənd təsərrüfatına edilən subsidiyalar nəticəsində müəyyən nailiyyətlər olsa da, ancaq onlar qonşu ölkələrin, əsasən də Türkiyənin, İranın və Gürcüstan malları ilə rəqabət qabiliyyətində deyillər.

Yerli bazarda isə uzun illərdir ki, monopollaşma nəticəsində idxal xüsusi bir gəlir mənbəyinə çevrilib. Bu baxımdan yerli mallarımızın qiyməti Azərbaycanda çox bahadır.

Son illər kənd təsərrüfatına edilən subsidiyalar nəticəsində müəyyən nailiyyətlər olsa da, ancaq onlar qonşu ölkələrin, əsasən də Türkiyənin, İranın və Gürcüstan malları ilə rəqabət qabiliyyətində deyillər.

Çünki Azərbaycanda əmək məhsuldarlığı aşağı səviyyədədir. Hətta son illər şirə və içkilərin istehsalının respublikada kifayət qədər artmasına baxmayaraq, onların ixracatda payı 0,1% səviyyəsinə belə yüksəlməyib. “Səviyyəli” toylarda isə masa üzərinə yerli içkilər qoymaq hələ də adət halını almayıb.

Üçüncüsü

Azərbaycanda son zamanlar neft gəlirlərinin artdığı bir zaman həm kapitalın, həm də özəl şirkətlərin elə bil “bir əldə” cəmləşməsi prosesi başlayıb. Oliqarx-məmur sindromu get-gedə daha da güclənməyə başlayıb. Bu isə faktiki olaraq dövlət kapitalizminin, mən deyərdim, daha pis formasıdır.

Ona görə ki, dövlətin əlində olan obyektlərin necə qeyri-effektiv idarə edilməsi artıq göz qabağındadır. Administrativ üsullardan istifadə etməklə özəl sektorda hansısa bir uğurun qazanılması isə yalnız qeyri-şəffaf, qapalı bazar, rəqabəti yaxına buraxmayan bir iqtisadi məkanda müəyyən dövrdə baş verə bilər. Yəni onun dayanıqlığı yarandığı gündən şübhə altındadır. Çünki ortaya biznes-menecment deyil, administrativ-bisnes qoyulur.

Dördüncüsü

Azərbaycanda ölkə əhalisinin yüksək templə artımı ilə bağlıdır. Belə ki, Azərbaycanın dövlət başçısı bir-neçə dəfə bəyan edib ki, “biz inkişaf etmiş dövlətlər səviyyəsinə çatmalıyıq”. Ancaq bunun üçün minimum adambaşına düşən ÜDM $20 min olmalıdır. Yəni, faktiki olaraq 3 dəfə artırma nail olunmalıdır.

Son illərin statistikası göstərir ki, ölkə əhalisi əvvəllər ildə 90-100 min nəfər artırdısa, artıq 120 min nəfər artmağa başlayıb. Bu hesabla, 10 ildən sonra Azərbaycanda 10 milyondan çox əhalinin olacağı gözlənilir. Elə bu baxımdan da adambaşına düşən ÜDM-də Azərbaycanın göstəricilərinin yaxşılaşdırılması çətin bir işdir. Yəni əhalinin yaşayış meyarlarında keyfiyyət məsələlərinin həlli hələ də gündəmdə qalacaq.

Və nəhayət

Yaxşı yaşamaq (söhbət əhalinin böyük əksəriyyətindən gedir) gəlirlərin ədalətli bölüşməsi prinsipindən başlayır.

Neftlə zəngin olan ölkələrin iqtisadiyyatı, demək olar ki, karbohidrogenlərdən məhrum olmuş dövlətlərlə müqayisədə daha monoton olur və ÜDM-i dəfələrlə geridə qalır.

Əgər Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev bəyan edirsə ki, Azərbaycanda orta təbəqə 150 manatdan yuxarı əmək haqqı alan insanlardır... artıq bunun ətrafında heç müzakirə açmağa da ehtiyac yoxdur.

Elə Sovet Azərbaycanında da orta əmək haqqı bu civarda idi. Ancaq iş onda idi ki, o zaman Azərbaycanın ÜDM-i cəmi $2,1 mlrd idi, sosial ədalət prinsipi geniş mənada yeriməsə də, yıxılacaq səviyyəyə salınmırdı və insanlar arasında sosial təbəqələşmə anlayışı faktiki olaraq yox idi.


Nəticə


Neftlə zəngin olan ölkələrin iqtisadiyyatı, demək olar ki, karbohidrogenlərdən məhrum olmuş dövlətlərlə müqayisədə daha monoton olur və ÜDM-i dəfələrlə geridə qalır. Məsələn, Çinin Honk-Honk kimi administrativ bir ada-vilayətinin ÜDM-i 2010-cu ildə $225 mlrd-la dünya ölkələri sırasında 38-ci yerdə qərarlaşıb, ancaq neftlə zəngin Küveyt (ildə 100 mln ton neft hasil edir) cəmi $109 mlrd.-la 55-ci yerdə qərarlaşıb.

Qapalı iqtisadiyyatı olan İran 2010-cu ildə 200 mln ton neft və 140 mlrd kubmetr qaz hasil etməsinə baxmayaraq cəmi $331 mlrd -lıq ÜDM yarada bilib, ancaq eyni əhaliyə malik qonşu Türkiyə isə $734 mlrd-lıq göstərici ilə dünyanın 17-ci iqtisadiyyatına malik olub.

Texnoloji baxımdan sıçrayış etmiş Cənubi Koreya isə həmin il ilk dəfə ÜDM-ni $1 trln.a çatdırıb (14-cü yer).

Şərhləri göstər

XS
SM
MD
LG