Keçid linkləri

Kiməsə bu sual olduqсa asan görünə bilər. Bir neçə nüfuzlu məmurun adını sadalamaqla da bu sualı tükənmiş hesab etmək olar. Prinsipcə, bu üsulu elə də qüsurlu hesab etmək olmaz, çünki nə varsa dövlət aparatında var. Bu kontekstdə maraqlı fikir var, onu da gərək, mütləq qeyd edim. Aristoteles qeyd edirdi ki, dövlət təkсə yaşamaq üçün yaradılmır, daha çox xoşbəxt yaşamaq üçün yaradılır! İndi Azərbaycan dövlətinə baxanda bu fikri xatırlamaya bilmirsən, çünki məmurlar onu özlərinin həyat fəlsəfəsinə çevirib, bəli, dövlət hamının normal həyatını təmin etmək əvəzinə, yalnız kiçik bir dəstənin ( hər halda, o qrup–məmurlar ölkə əhalisinin kiçik bir hissəsini təşkil edir) firavan həyatını təmin etmək üçün mövcuddur. Bu əsl nomenklatura kapitalizminin təzahürü hesab edilə bilər. Lakin mən nomenklatura kapitalizmilə oliqarxiya arasında bir fərq qoyardım. Hər ikisi kiçik bir azlığın, təbii ki, varlı azlığın hakimiyyəti hesab olunur. Fəqət, oliqarx böyük iqtisadi və siyasi nüfuza malik olsa da o, vacib deyil ki, məmur olsun, o, özünün siyasi təsirini hakimiyyətin sıralarına öz adamlarını yerləşdirməklə təmin edir. Nomenklatura kapitalizmindəsə bu, bir qədər fərqli olur - siyasi hakimiyyətdə təmsil olunan məmur iqtisadiyyatı öz nəzarətinə götürür. Bu, normal dövlət nəzarəti deyil, məmurların hansısa iqtisadi sektoru özününküləşdirməsidir. Mən digər MBD ölkələrinə baxıram. O ölkələrdə beş – on adamın adı qeyd olunur və onlar əsas oliqarx tək təqdim olunur. Əvvəldə qeyd etdiyim kimi bu dəstə identik məmur dəstəsi deyil. Bu baxımdan hətta oliqarxiya da məmur kapitalizmindən «mütərəqqi»dir, çünki iqtisadi və siyasi hakimiyyət tam identik olmur, nisbi mülkiyyət institutuna bənzər bir şey mövcud olur və siyasi hakimiyyət bir neçə qütbün arasında ya bərabər, ya da ki, sərvətə və iqtisadi qüdrətə mütənasib bölünür. Nəticə etibarilə bir oliqarxlar institutu yaranır ki, hətta onların arasında bir rəqabət olur və bu rəqabət siyasi və iqtisadi qüdrətin bir əldə cəmləşməsinə imkan vermir. Amma Azərbaycanda nə baş verir?

AİLƏ KAPİTALİZMİ

Bir dəfə oxumuşdum ki, M. Atatürk Türkiyədə iki iqtisadi nəhənglə – iki ailə ilə yaxınlıq edirmiş və onların hər ikisini ölkə iqtisadiyyatı üçün mühüm amil hesab edirmiş. İndilər Azərbaycan prezidentinə və onun yaxınlarına məxsus mülkiyyətlə bağlı çox araşdırmalar aparılır. O araşdırmalarda göstərilən fakt və dəlillər hələ hansısa сiddi formada təkzib olunmayıb. Mən bu siyahılara baxanda ağlıma gələn bu olur ki, ölkədə klassik oliqarxiya haqda söhbət açmaq bir o qədər də düzgün deyil, çünki bütün siyasi - iqtisadi hakimiyyət bir ailəyə məxsusdur. Prinsipcə, böyük məmurlara oliqarx demək də olardı və hansısa təqribi yaxınlaşmada bunu düzgün də saymaq olardı. Lakin ölkə həyatında nüfuzlu məmurlar çox olub. Onlar «vurulandan» və yaxud da bir qədər «gözdən düşəndən» sonra nə iqtisadiyyatda, nə də siyasətdə təsirləri qalmayıb. Burada çoxlu yüksək məmurun adını çəkmək olar ki, onlar vaxtilə böyük siyasi nüfuza və iqtisadi hakimiyyətə malik olublar. Amma indi həmin adamlardan hətta soraq yoxdur. Hətta ölkədə bir yox, iki oliqarx olanda belə tam inhisar olmur, çünki bu iki qütb arasında bir qədər çəkişmə olur. İndi Azərbaycanda elə vəziyyət yaranıb ki, bu rəqabət yoxdur, hər şey prezident ailəsinin nəzarətindədir və güman ki, yeganə oliqarx rolunda elə məhz onlar çıxış edir. Digər məmurların hələ ki, nəzarətində olan mülkiyyət və sərvətsə onlara müvəqqəti iсarəyə verilmiş kimi görünür, çünki o adamların iqtisadi qüdrəti tutduqları vəzifə ilə ölçülür – vəzifə bitir, iqtisadi qüdrət də tükənir...
Biri-birindən asılı olmayan və bir-birilə rəqabət aparan ailə fenomeninin izlərini hətta ABŞ kapitalizmində də tapmaq olar. Ona görə mən dedim ki, o modelin təzahürünü Azərbaycanda axtarmağa dəyməz, çünki bu ölkədə tək bir əsl qüdrət sahibi olan iqtisadi və siyasi qütb var.

BAŞQALARINA DA NƏSƏ SAXLAMAQ OLMAZDIMI?

Bu günlərdə bir xəbərə baxdım. Prezidentin övladlarından biri özünün yeni bir hobbisini – müəllifi olduğu heykəli nümayiş etdirirdi. Mənim çox hörmət etdiyim rəssamlar belə bu «böyük əsər»in böyük məziyyətlərindən danışır, onu vəsf edirdilər. Mən bu detalı bir tərəfə qoyuram, çünki o, daha çox bu ölkənin xüsusiyyətidir, onun xislətidir. Belə ki, bu ölkəyə qədəm qoyandan bir gün sonra adamın ürəyindən kiməsə yaltaqlanmaq keçir. Amma mən bir başqa şey haqda düşündüm. Hər şeyi özününkünləşdirmək, həm musiqiçi, həm biznesmen, həm heykəltəraş olmaq... Bir az da başqaları haqda düşünmək olardı. Onlara da nəsə qalmalıdır axı! Bəli, insanlar Allahın onlara bəxş etdiyi təbiəti və onun sərvətlərini çox ədalətsiz bölüşdürüblər. Amma Allahın özü insanlara bəxş etdiyi ən böyük sərvəti – istedadı çox ədalətlə bölüb, heç bir kimsəni unutmayıb. Heç olmasa, bunu unutmayaq...

Şərhləri göstər

XS
SM
MD
LG