Keçid linkləri

Rusiya mətbuatı axır vaxtlar xarici siyasət haqqında o qədər yazır ki, sanki V. Putin altı illik prezidentlik müddətini bütünlüklə xarici siyasətə, xüsusən də MDB daxilindəki inteqrasiya proseslərinə həsr edəcək. Ruslar həmişə bu aspektdən fərqləniblər, onlara çörək vermə, yalnız böyük Rusiyadan danış, onda səndən razı qalacaqlar. Düşünürsən, bəlkə zaman özü bu ambisiyaya nöqtə qoyar, onu bir qədər cilovlayar, amma belə deyil, bu da əsl geosiyasi sindromdur. Dünən Moskvada MDB dövlət başçılarının qeyri-formal görüşü başladı. İ. Əliyev də bu sammitə yollandı. Əvvəlcədən verilən məlumata görə, dövlət başçıları bir neçə məsələni, xüsusən də Avrasiya İttifaqı ilə bağlı bir sıra problemləri müzakirə edəcəklər. Putinin bu tezliklə, andiçmə mərasimi baş tutandan bir neçə gün sonra dərhal belə məsələlərin həllinə girişməsi o qədər də təqdir olunan detal deyil. Amma Rusiya mətbuatı böyük bir sevinc içində bəyan edir ki, Putin hətta yeni ittifaqın qurulması mexanizmini tapıb...

MİQRANTLAR ÜÇÜN PUTİN SESSİYASI

Bəli, Putinin qərarına görə Rusiyada yaşayan miqrantlar düz üç predmetdən – rus dilindən, Rusiya tarixindən və bir də qanunvericilikdən imtahan verməli olacaqlar. Belaruslar və qazaxlar «ittifaqa» qoşulmağa razılıq verdiklərindən onlar bu imtahandan azad ediləcəklər. Özlərini «yaxşı aparsalar», deyilən o ittifaqa qoşulsalar taciklər də imtahan verməyəcəklər. Belə alınır ki, həmin imtahan əsasən ukraynalılar və bir də azərbaycanlılar üçün nəzərdə tutulub.

Putin bu dəfə də yeni bir şey fikirləşməyib. «Miqrant kartı» ilə o, əvvəllər də oynayırdı. İndi yenə də bu amildən istifadə edərək bir neçə MDB ölkəsinə öz təzyiq maşınını nümayiş etdirmək istəyir. Amma bu maşının effektivliyi azca olsa da şübhə doğurur. Rusiya böyük demoqrafik problem yaşayır. Miqrant adlanan keçmiş sovet vətəndaşları bu ölkənin tək iqtisadiyyatında mühüm rol oynamır, onun vətəndaş cəmiyyətinin formalaşmasında iştirak edir. Onu da qeyd etmək lazımdır ki, «miqrant kartı» çoxdan siyasi instrumentə dönüb və bir çox ölkələrin siyasətçilərinin seçki platformasında miqrant məsələsinə münasibət çox önəmli yer tutur. Rusiya da bu yolla gedir. Amma bu ölkənin siyasətçiləri bir suala cavab verməlidi: rus dilini bilən, rus mədəniyyətindən hali olan, bir çox hallarda Rusiyada təhsil almış əməkçi miqrantları kiminlə əvəz etmək olar? Siyasət siyasətdir, bunu anlamaq o qədər də çətin məsələ deyil. Amma sağlam düşüncə də var və bir çox hallarda sağlam düşüncə öz üstünlüyünü diktə edir.

BÖLGƏNİN İKİ MƏCHULLU SİYASƏTİ

İndi bölgədə bir neçə məlum siyasi vektor var və onların davranışı aydındır.

Amma əsasən iki məchul komponent var ki, bunları Ukrayna və Azərbaycan hesab etmək olar. Bu iki ölkənin davranışı Rusiyanın planları üçün olduqca önəmlidir. Onların isə necə davranacağı hələ məlum deyil. Ukrayna xüsusilə önəm və maraq kəsb edir. Əcnəbi politoloqlar dəfələrlə qeyd edib ki, həmin ölkə - Ukrayna olmadan Rusiyanın geosiyasi ambisiyaları puçdur, inteqrativ proseslər perspektivsizdir. İndi Ukraynaya qarşı böyük təzyiqlər var. Maraq kəsb edən detal budur ki, bu təzyiqlər qismən Almaniyadan gəlir. Bunun əsl səbəbini demək çətindir, amma çoxdan A.Merkel ilə V.Putin arasında yaxın anlaşma hiss olunur. Almaniya və Fransa, nə qədər qəribə olsa da, tək bir ölkəyə – Ukraynaya təzyiq etmir, onlar Gürcüstanın NATO-ya yolunu sözün əsl mənasında bağlayıblar. Təbii ki, Ukrayna rəhbərliyi, V. Yanukovich, onun komandası mələklər deyil. Lakin Almaniyanın Ukraynaya təzyiq etmək üçün seçdiyi vaxt, məqam əlverişsizdir. Azərbaycana gəldikdə isə bu ölkə onsuz da İranın permanent təzyiqləri altındadır. Bu yaxınlarda hətta Qafqaz Ruhani İdarəsi İranın siyasətini kəskin şəkildə pisləyən bəyanat yaydı, əvvəllər belə olmamışdı. Rusiyanın planları Azərbaycanın da qərarından asılıdır. Amma o da var ki, Rusiya azad ticarət zonası haqda ciddi danışmağa başlayanda bu ölkə Rusiya maşınlarının ixracının dayandırılması haqda qərar qəbul etdi...

İndi iki ölkənin – Ukrayna ilə Azərbaycanın gələcək siyasəti bir qədər məchul olaraq qalır. Rusiya ilk növbədə bu ölkələri ram etməlidir, çünki onların hər ikisi Şərqi Avropa ölkəsi statusu daşıyır. Amma bu status Rusiyanı nə qədər dilxor edirsə Ukrayna ilə Azərbaycana bir o qədər müqavimət immuniteti və dözümü verir. Adətən yazarlar yazılarını belə bir sonluqla yekunlaşdırırlar ki məsələlərə tezliklə aydınlıq gələcək. Lakin mən bu ənənəni bu dəfə pozmaq istəyirəm. Çətin ki, çox yaxın müddətdə bu məsələlərə aydınlıq gəlsin. Heç Rusiyanın özü də belə sürətə hazır deyil. Ona görə də hələ belə sammitlər çox olacaq, çox güman ki, hər dəfə kimsə «xəstələnəcək», kimsə həmin bu yeni sazişlərin altından öz qeydini yazacaq...

Şərhləri göstər

XS
SM
MD
LG