Keçid linkləri

Uğurlarımız özümüzü də heyrətləndirir. Mən də bir vaxt insanlara nikbinlik aşılamağın yolları və üsulları haqda çox düşünürdüm. Hətta bu proqrama o vaxt ad da qoymuşdum: «Sosial reabilitasiya proqramı». Bununla bağlı öz qeydlərimi bir müxalifət liderinə də vermişdim. İndi bunu nədən xatırladım? İnsanlara müsbət emosiyalar aşılamaq lazımdır. Mən, məsələn, heç bir vaxt satiranın «tərbiyə» gücünə, yaradıcı potensialına inanmamışam, hərçənd ki, mən də başqaları kimi bu tərzi sevirəm. Lakin müsbət emosiya da bayağı və zəhlətökən olmamalıdır. İnsanları inandıraraq nikbin etmək lazımdır. Daim o fikri aşılamaq lazımdır ki, başqaları bu işi bacarıbsa, sən də bacararsan. Bu yolla insanda özünə inam yaranır. İndi nə edirlər? Yalan danışırlar. Nəticəsi də əksinə olur, çünki yalan insanları dilxor edir, onlarda ikrah yaradır. Məni bu yalanlar daha çox bezdirir, çünki ölkənin real mənzərəsi qismən mənə və mənim tək mətbuatçılara aydındır. Amma o biri insanları da sadəlövh hesab etmək lazım deyil, onlar da bilir və düşünürlər. İndi mən bütün tərəflərdə bu tendensiyanı hiss edirəm, hamı süni siyasi texnologiyaya meyl göstərir. Bu, isə artıq yalanın milliləşməsidir. Məntiq sadədir. Onlar yalan danışmaqla düz 19 il idarə edə biliblərsə, biz nədən yalan danışmayaq?

AVTORİTARİZMİN ÜÇ SÜTUNU

Beləcə, hakimiyyət işsizlərin və yoxsulların sayını azaldır, müxalifət isə öz mitinq və tədbirlərinə gələn insanların sayını bir az artırır. Mən bu yanaşma tərzində kobud səhv görürəm. Əvvəla, onların hakimiyyətinin yalnız o yalan üzərində qurulması fikri yanlışdır, çünki bu hakimiyyət ictimai rəy üzərində deyil, zor üstündə bərqərar olub. Yalandan köməkçi vasitə kimi istifadə edir və düşünürlər ki, bunu da etmək lazımdır ki, insanlarda sual yaranmasın. O ki qaldı, yalanın təqlid edilməsinə mən bunun effektinə inanmıram. Güman edirəm ki, insanlara həqiqət deyilməlidir, çünki o acı olanda belə daha çox təsir edir, nəinki şirin yalan. Ümumi fikir belədir ki, bütün avtoritar sistemlər yalan üzərində qurulub. Mən bu fikrə də bir qədər düzəliş verərdim: onların hamısı yalandan istifadə edir. Amma əsas dayaq zordur, gücdür. Sovetlərin süqutu ərəfəsində yeni yalanlar istehsal etməyə cəhd etdilər. Deyirdilər ki, o vaxt mövcud olan quruluş Stalinin deformasiyalarının nəticəsidir, əgər ölkə Stalinin yox, məsələn, Bukharinin dediklərini etsəydi başqa mənzərə alınardı.

Amma bu yalanlar işləmədi, çünki artıq kökə yox idi və kökə olmadığı üçün hökm və hakimiyyət yox idi. Nahaq yerə demirlər ki, varlı hökmdarın hökmü çox çəkər. Mən bunu ona görə deyirəm ki, tək yalanla idarə etmək olmur və arabir başqa şeylər də fikirləşmək lazımdır. Bu mənada indiki hakimiyyət də istisna deyil, çünki neft kökə problemini qismən həll edir və zor problemi isə yoxdur, onu daim inkişaf etdirir və daim aktuallaşdırırlar. Bunu yazanda rusların bir ifadəsi yadıma düşdü: kökə və zor metodu. Qəddar sistemlər, o cümlədən də avtoritar sistemlər o vaxt çökməyə başlayırlar ki, o iki amildən birinin böhranı başlayır. Böhran başlayanda yalan daha çox aktuallaşır, ona da kökə- zopa-yalan triadası deyirlər. Bu triadasız totalitar və yaxud da ki avtoritar sistemlər mövcud ola bilməz. Totalitar sistem ideoloqlarından biri deyirdi ki, yalanı mümkün qədər tez-tez və ucadan demək lazımdır, onda o daha inandırıcı görünür. Amma inandırıcı görünürmü? Həmin o ideoloqların elə özlərinin son aqibəti bu fikrin nə qədər yanlış olduğunu göstərir...

KİÇİK SÖZARDI

Yazının əvvəlində sovetləri misal kimi çəkdim. Hərdənbir düşünürəm ki, ola bilsin sovet sisteminin dinc transformasiyası, onun Qərb sosializmi üslubunda dəyişməsi mümkün idi. Amma 70 illik yalan insanlarda o qədər ikrah, nifrət yaratmışdı ki, onlar buna inanmadı, buna imkan vermədilər, kommunistlərə bir daha səhvlərini düzəltmək üçün şans vermədilər və beləcə sovet sistemi süqut etdi. Bu ikrah hissi o qədər güclü idi ki, hətta yaxşı şeylərin üstündən xətt çəkdi. Bu yaxınlarda bir əcnəbi müəllifin K. Marks haqda fikrini oxudum. O, Marksı «kapitalizmin məğlub olmuş vicdanı» adlandırmışdı. İnanmıram ki keçmiş sosialist düşərgəsindən kimsə Marks haqda belə bir epitet yazmağa cəsarət etsin, çünki Marks da, marksizm də 70 illik yalanın qurbanı oldu. Və indi heç kim bunun haqlı olub-olmaması haqda düşünmür, çünki heç kimin belə işlərlə məşğul olmağa vaxtı yoxdur...

Şərhləri göstər

XS
SM
MD
LG