Keçid linkləri

-
“Eurovision-2012” həyacanı artıq arxada qaldı, necə deyərlər tədbiri həqiqətən də indiyə qədər analoqu olmayan səviyyədə beynəlxalq ictimaiyyətə təqdim olundu və buna yalnız sevinmək olar.

Sözün düzü, fevralın o cür sərt şaxtasından bərbad hala düşmüş yolların 2 aya (Nəqliyyat Nazirliyinin rəsmi aşıqlamasına görə Bakıda 80 km yol təmir edilib) təmir edilməsi, həmçinin yeni keçidlərin və körpülərin istifadəyə verilməsi ona dəlalət edir ki, əgər bu hökumətin vadar etsən, hətta səmərəlilik iş əmsalının aşağı olmasına baxmayaraq yenə də olsa nəsə etməyə qadirdirlər.

Mən hətta sosial şəbəkələrdə neçə dəfə təkliflərə də rast gəldim ki, kaş Azərbaycan bir də bu müsabiqəni udaydı və gələn ilə qədər şəhərin digər hissələrini də hökumət indiki kimi abadlaşdıraydı.

Büdcəyə yenidən baxılır

“Eurovision-2012” finalı başlamamış Milli Məclisin İqtisadi siyasət komitəsində “2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi başlandı. Hökumət heç kəsin gözləmədiyi halda dövlət büdcəsində neftin qiymət proqnozunu 1 barel üçün $80-dan $100-a artırmaq təklifini parlamentə təqdim etdi.
... indi əsas məsələ heç də neft gəlirlərinin ədalətli bölgüsü deyil, daha gecdir. Əsas məsələ hökumətin işləməsidir, “Eurovision-2012”-dəki kimi: az qala beşillik planın 1 ilə yerinə yetirilməsi.

Hökumət adından danışan maliyyə naziri Samir Şərifov bunu belə əsaslandırıb ki, dünya bazarlarında neftin qiymətlərinin artması Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin əlavə olaraq 3,625 milyard manat artmasına gətirib çıxaracaq. Bundan əlavə xarici neft şirkətlərinin ödədiyi mənfəət vergisi cari il üçün 810 mln manat proqnoz edildiyi halda, artıq 2012-ci ilin 4 ayı üçün 702 mln manat təşkil edib.

Beləliklə, Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri 600 mln manat artaraq müvafiq olaraq 17,038 mlrd manat ($21,7) və 17,672 mlrd manat ($22,5 mlrd) olacaq.

Maliyyə nazirinin sözlərinə görə, 2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti əsasən aşağıdakılardır:

  • Ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın aradan qaldırılması,
  • 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması,
  • Bu il bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması.

Neftin qiyməti düşsə...

Neft stabil qiymətlərə malik bir xammal deyil. Onun qiymətləri ətrafdakı bir çox amillərə çox həssasdır və kəskin surətdə dəyişməyə meyllidir. Belə olan tərzdə, Azərbaycan hökumətinin birdən-birə büdcə proqnozlarında neftin hər bareli üçün qiymətini $20 artırmaq nə dərəcədə məqsədəuyğundur?

Dövlət Gömrük Komitəsinin son məlumatlarını təhlil etsək görərik ki, cari ilin 4 ayının yekunlarına əsasın Azərbaycanın ixrac neftinin orta qiyməti 1 barel üçün $117,60 olub.

May ayının qiymətlərini London birjasına əsasən təqribi qiymətləndirsək, onda orta ixrac qiyməti $113 olar. Hazırda isə neftin qiyməti $107-108 dəhlizi arasında dəyişir.

Ancaq mart ayında neftin 1 bareli $124-dan da baha satılırdı. Və ola bilsin ki, Avropa Birliyi ölkələri üzrə II rübün nəticələri acıqlanan zaman neftin aşağı düşməsi daha aktiv xarakter alsın.

Ancaq ola bilər ki, Yaxın Şərqdəki (Suriya, İran) siyasi vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar neft yenidən bahalaşmağa meyl göstərsin. İstənilən halda ilin I yarısında Azərbaycan neftinin orta ixrac qiyməti $110 ətrafında qərarlaşacaq, bu isə o deməkdir ki, illik göstəricinin hökumətin hazırkı proqnozlarına uyğun olması üçün ilin II yarısında neftin orta qiymətinin $90 olması yetər.

Yəni, hökumət ilk dəfə olaraq problemsiz büdcədən $22,5 mlrd xərcləyə bilər. Hətta neftin qiymətinin $80 düşməsi belə onu narahat etməyəcək, çünki Neft Fondundan yeni transfertlər üçün qarşısında hansısa ciddi bir baryer yoxdur.

Əsas məsələ

Bu ərəfədə vətəndaşlarımızdan eşitdiyim bir ifadə də bu idi: indi əsas məsələ heç də neft gəlirlərinin ədalətli bölgüsü deyil, daha gecdir. Əsas məsələ hökumətin işləməsidir, “Eurovision-2012”-dəki kimi: az qala beşillik planın 1 ilə yerinə yetirilməsi.

Kənardan müşahidə edirəm: doğrudan da, final gününəcən hökumət işlədi ki, yarımçıq işləri qalmasın, qonaq-qara qarşısına üzü ağ çıxsın. Bir növ daxili bir həyəcanı vardı xaricilər qarşısında. Bax, məsələnin əsası burdadır.

Bu hökumət “Eurovision-2012” qarşısı keçirdiyi hisləri, həyəcanı öz vətəndaşları qarşısında nədənsə keçirmir.

Nəticədə, 2010-cu il sel-sudan əziyyət çəkmiş insanların problemləri indiyədək həll edilməkdə davam edir, “Gənclik”dəki yol qovşağının istismara verilməsi ildən ilə keçirilir (sanki elə belə də olmalıdır) və ya metronun Elmlər Akademiyası stansiyasında yeni bir çıxış üçün 4 il zaman istənilir (!). Vəsait isə sel-su kimi büdcədən axır.
...əgər hökumətimiz bu iştahla neft vəsaitlərini xərcləməkdə davam etsə, onda növbəti $100 mlrd vəsaiti xərcləmək üçün 4 il ancaq bəs edəcək.

Təkcə 2005-2012-ci illər üçün hazırkı kursla Azərbaycanın dövlət büdcəsi xərcləri xətti ilə nə az, nə çox – düz $100 mlrd vəsait xərclənəcək. Ancaq xərclənən təkcə bu vəsait deyil axı – Neft Fondunun maliyyələşdirdiyi milyarlıq layihələr də var, xarici maliyyə institutlarının və kreditorlarının vəsaitləri hesabına ərsəyə gətirilən infrastruktur və enerji layihələri də.

Məncə, bu vəsaitləri də nəzərə almaqla hökumət vətəndaşları qarşısında böyük bir hesabat verməlidi – 100 mlrd-la nələrə imza atıb və bunun nəticəsində sonrakı 100 mlrd-lıq üçün hansı risk və neqativ hallardan qaçmaq gərəkdir.

İş burasındadır ki, əgər hökumətimiz bu iştahla neft vəsaitlərini xərcləməkdə davam etsə, onda növbəti $100 mlrd vəsaiti xərcləmək üçün 4 il ancaq bəs edəcək.

Əsas məsələ məncə elə budur – dəyişilmədən fəaliyyət göstərən hökumət və neft gəlirlərinə göz dikən hökumət heç vaxt effektiv ola bilməz.

Hökumətin hazırda geninə-boluna xərclədiyi maliyyə hesabına həyata keçirdiyi işlərin keyfiyyətini isə Bakı sakinləri növbəti qış mövsümündən sonra özləri müşahidə edə bilərlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG