Keçid linkləri

Təcili xəbərlər

"Teymurov" pastası hələ qalır


Azərbaycanda “Buflomedil” tərkibli dərman preparatlarının və xaricə istifadə edilən 100 faizli bor turşusunun dövlət qeydiyyatı ləğv edilib, “Qatifloksasin”in qeydiyyatına icazə verilməməsi barədə qərar qəbul edilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) provizoru Gülnarə Daşdəmirova bildirib.

Onun sözlərinə görə, bu haqda nazirliyin Farmokoloji və Farmakopeya Ekspert Şurasının son iclasında qərar qəbul olunub. G. Daşdəmirova deyib ki, bor turşusu tərkibli “Leyner” məlhəmi və “Teymurov” pastası ilə bağlı isə müzakirələr aparılır və yaxın zamanlarda müvafiq qərar qəbul ediləcək: “Avropa ölkələrində bor turşusunun istifadəsindən tamamilə imtina edən ölkə yoxdur. Yalnız tərkibinə görə, bəzi preparatlara məhdudiyyətlər qoyulur. Avropa ölkələrində tərkibi 3 faizdən artıq olan bor turşusunun istifadəsi dayandırılıb. “Leyner” məlhəmində həmin tərkib 2,5, “Teymurov” pastasında isə 7 faizdir. Bu preparatlarla bağlı mütəxəssislərə tapşırıq verilib, onlar bu barədə müzakirələr aparıb şuraya hesabat verəcəklər”.

G. Daşdəmirova bildirib ki, “Buflomedil” tərkibli 4 adda dərman vasitələrindən 3-ü İtaliya istehsalıdır və artıq həmin şirkət də istehsalı dayandırmaq barədə qərar qəbul edib. Digər dərman preparatı isə Yunanıstan istehsalıdır.

G. Daşdəmirova şuranın iclasında “Qatifloksasin”in qeydiyyatına icazə verilməməsi barədə qərar qəbul edildiyini də bildirib. O deyib ki, “Qatifloksasin”in tərkibli dərman vasitələrinin qeydiyyatına baxılmayacaq.

DVAEM Azərbaycanda “Buflomedil” və bor turşusu tərkibli preparatların dövlət qeydiyyatının ləğv olunması, “Qatifloksasin”in isə qeydiyyatına icazə verilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin Farmokaloji və Farmakopeya Ekspert Şurasına müraciət edib. Müraciətdə bildirilir ki, yerli istifadə olunan bor turşusu preparatlarının yüksək toksikliyi bəzi hallarda uşaqların ölümünə səbəb olub. “Buflomedil” tərkibli preparatların kardioloji və nevroloji sistemlərdə törətdiyi riskləri faydalı effektə nisbətən daha artıqdır. “Qatifloksasin” isə həyat üçün təhlükəli olan hipo və hiperqlikemiya yarada bilər. Belə mənfi əlavə təsirlər təkcə şəkərli diabet xəstələrində deyil, həmçinin anamnezində bu xəstəliyi olmayan insanlarda da rast gəlinib. Preparatdan istifadə həm də qlikemik homeostaz prosesinin gedişatının pozulmasına da səbəb olur.

Ən son yazılan

XS
SM
MD
LG