Keçid linkləri

Bu Sabir

Sabir

​yazıya başqa ad da tapa bilərdim. Amma istəmədim. Çünki onun öz adı yaşadıqlarının, etdiklərinin canlı göstəricisidir.

Bu gün onun doğum günüdür.

Düz 150 il keçir.

O da eynən Mirzə Cəlil kimi gözünü açandan dünyanı qaranlıq gördü.
Amma zülmətlə barışmadı. Qaranlıqlar içində işıq aramağa girişdi.
Qaranlıqda işıq axtarmaq çoooox müşkül məsələdir!!!
İlk maneə onu ruhani görmək istəyən ata-anası oldu.
Tale üzünə güldü. Müəllim sarıdan deyirəm. Seyid Əzim kimi müəllimi oldu.
Amma atası onu yenə dükana sarı çəkirdi.
Alverdən qaça bilməyən Sabir elə dükandaca şeir yazırdı...
Atası dəftəri cırırdı.
O yenə yazırdı.
Dostu Abbas Səhhətə gizlicə canını qurtarmaq üçün Şamaxıdan gedəcəyini söyləyirdi.
Və bir gün dediyini etdi də.
Çıxıb getdi bu məmləkətdən. 23 yaşı var idi. Orta Asiyanı, İranı dolaşdı. Hər yerdə yoxsulluq, cəhalət gördü.
Amma işıqlı adamların da varlığını duydu. Bu, onu toxtatdı.
İki ildən sonra Vətənə dönməli oldu. Evləndi. Çoxlu uşaqları doğuldu. Onları necə saxlayasan?
Sabun bişirmək sənətinə belə başladı.

Azərbaycanın ən ünlü şairlərindən biri olacaq bu adam sabun bişirməklə həyatını keçirməyə məcbur qaldı.

Səbir edə-edə.
Başqa çarəsi yox idi. Yazmaqdan başqa.
Yazdı, yazdı, yazdı...
Nələr yazmadı?
İndi oxuyanda adamın tükləri ürpəşir.
Adam ətrafına boylanır. Bunu kim yazıb—deyə...
Sanki yanımızdadır, sanki bizlərdən biridir.
Sanki müasirimizdir.
O qədər çağdaşdır!..
Hə, harada qaldım?

Sabun bişirməkdə...

1902-ci il Şamaxı zəlzələsində evi dağıldı.
Uşaqları bir-birinin ardından ölməyə başladı.
Qaragüruh hər yandan onun üstünə daş yağdırmağa davam etdi.
Hətta doğma anası onu mürtəd adlandırdı...
Bakıya köçdü.
Sabirin Bakıda heykəli

Sabirin Bakıda heykəli

Heç nə dəyişmədi.
Ehtiyac, ehtiyac, yenə də ehtiyac...
Buna ciyər dayanardımı?
Ciyər vərəmlədi.
Sısqa bədən dözmədi.
Sümüklərini də vermək istəyirdi, amma mümkün olmadı.

Və kədərli son—ölüm...

İl--1911.
Düz 101 il keçib.
Nə dəyişib?
Qaragüruh yenə öz işində.

Daş atır...

Gerçəyi yazanlar yenə hədəfdə.

Yatağına girilir...

Sabunbişirənlər yenə ciyəri vərəmli.

Ən yaxşı halda: «Məni sevdiklərim daş-qalaq eylər» deyə nalə çəkir...

Bircə o şair Bakının düz mərkəzində--adını daşıyan bağda əyləşib neçə on illərdir bütün bunları seyr edir.

Səbirlə!!!

Nahaqdan adını Sabir qoymayıb ki?!
Mən də elə o üzdən 150 yaşının tamamında yazımı sadəcə «Sabir» adlandırdım...

P.S. Bir şəklim var. Düz 40 il öncə Sabir heykəlinin yanında çəkilib. Ağ-qara. Universitetin birinci kursunda oxuyurdum. Uşaqlarla «Foto jurnalistika» dərsində Sabirin heykəlinin yanına yığışmışdıq. Hərdən baxıram. Mən çox dəyişmişəm. Sabir heç dəyişməyib... Necə oturmuşdusa, eləcə də qalıb. Səbirlə...

Müəllifin fikirləri onun şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG