Keçid linkləri

Təcili xəbərlər

Qəbələ düyünü


Qəbələ RLS-i
Qəbələ RLS-i
Bəlkə də mən bu prosesə düyün deməkdə bir qədər təhrifə yol verirəm, ona görə ki, əslində bu düyünün açılmaması, onun həll olmaması Azərbaycanın maraqlarına daha çox cavab verir, nəinki bu iki ölkə arasında anlaşmanın və razılığın əldə olunması. Zahiri müşahidələr də göstərir ki, sanki Azərbaycan qəsdən şərtləri ağırlaşdırır ki, Rusiya Qəbələ RLS-dən əl çəksin. Hər halda, əvvəlki 7 milyon dollarlıq icarə haqqı əvəzinə indi 300 milyon dolların tələb edilməsi, müqavilənin Rusiyanın istədiyi kimi 2020-ci ilə qədər deyil, yalnız 3 il müddətinə imzalanması təklifi, modernləşmiş stansiyanın da elə əvvəlki kimi Azərbaycanın mülkiyyətinə verilməsi tələbi bunu iddia etməyə əsas və güman verir. Etiraf etmək lazımdır ki, Rusiya çox çətin vəziyyətdədir. Ölkəni təmsil edən müxtəlif insanlar – siyasətçilər, analitiklər, media mənsubları və digər insanlar bildirir ki, Rusiyadan tələb edilən məbləğə bir neçə müasir və modernləşmiş stansiya tikmək mümkündür. Əslində bu Rusiyanın problemi hesab edilməlidir.

Azərbaycanda strateji mövcudluğu özünün əsas məqsəd və hədəfi hesab edən ölkə praqmatik tərəf kimi çıxış etmir. Hətta onu demək yerinə düşər ki, indi Rusiyada Qəbələ RLS-in sektorunu əhatə edən yeni və modernləşmiş stansiya mövcuddur. Burada bir məsələni qeyd etmək yerinə düşər ki, stansiyadan rusların əl çəkməsi onun başqa ölkələrə istifadəyə və icarəyə verilməsi baxımından əhəmiyyət kəsb etmir. Bir vaxt Ukrayna da bu cür hərəkət etmişdi-öz ərazisindəki stansiyanı Rusiyadan alaraq NATO-ya vermək istəmişdi. O vaxt bu «rokirovka» alınmadı. İndi də əminlik yoxdur ki, Azərbaycanın nümunəsində bu, alınsın. Amma bir daha qeyd edirik ki, belə perspektiv gözlənilən əsas nəticə deyil. Əsas olan budur ki, Azərbaycanın ərazisi Rusiya hərbi bazalarından tam təmizlənsin. Lakin bu addımın bir sıra geosiyasi nəticələri də ola bilər.

SİYASƏTDƏ İKİ DƏFƏ İKİ HƏMİŞƏ DÖRD EDİRMİ?

Təəssüf ki, yox. Elə bu səbəbdən Azərbaycan buna hazır olmalıdır. Təbii ki, Rusiya Qəbələ RLS-dən əl çəkəcəyi təqdirdə münasibətlər soyuyacaq və o soyuqluq regiondakı onsuz da soyuq münasibətləri bir azca da soyudacaq. İndi İranla münasibətlər çox gərgindi, nota mübadiləsi, qarşılıqlı ittiham seli davam edir. Mən İrana münasibətdə ölkələri belə düzərdim: İsrail, ABŞ, bir də Avropa. Bu şkalada ən kəskin münasibət İsrailə, təbii, nisbətən mülayim münasibət Avropaya məxsusdur. İranın hədəfə götürülməsi Avropanın neft və qaz asılılığını, Rusiyadan asılılığını artırır. Avropa hələ buna hazır deyil, o səbəbdən də Azərbaycan İranla bağlı siyasətini heç olmasa ABŞ-la əlaqəli aparmalı və ondan qabağa qaçmağa tələsməməlidi. Azərbaycana elə gəlir ki o iki ölkəni özündən narazı salır. Amma əvvəldə dedim ki, siyasətdə heç də həmişə iki dəfə iki dörd eləmir. İndi ölkə Avropa ilə də soyuq münasibətlər yaşayır. Təbii, bu münasibətlər əhəmiyyətli dərəcədə Avropanın demokratiya tələblərinin nəticəsidir. Bir neçə gündür ki, qəbul edilmiş bir qətnamə ölkəni, əməlli başlı qarışdırıb, hakimiyyət mənsubları yalnız bundan danışır. Zira bu münasibətlərin pisləşməsi qismən geosiyasi amillərdən də asılıdır. İndi birmənalı şəkildə demək olar ki, İ. Əliyev hakimiyyəti özünün ən mürəkkəb dövrünü yaşayır.

HAKİMİYYƏT İSLAHATLARA GEDƏCƏKMİ?

Əslində buna xarici siyasətin böhranı da demək olardı. Amma əvvəldə qeyd etdik ki, bütün məsələləri xarici siyasətin üstünə atmaq da olmur. Rusiyanın geosiyasi ambisiyaları təmin olunmur, İran bərk narazıdı və Avropa olduqca sərt siyasət aparır. Üstəlik, daxili siyasət amili də var. Təəssüf ki, hakimiyyət bu amili yetərincə qiymətləndirmir, onlar İsrailin imkanlarını və özlərinin də malik olduqları sərvətləri reallıqda olduğundan çox qiymətləndirirlər, hətta deyərdim ki, şişirdirlər. İndi daxildə elə vəziyyət yaranıb ki, bu hakimiyyətin doğru addımları da ictimai dəstək tapmır. Qəbələ RLS-i Rusiyadan almaq və yaxud da İrana qarşı sərt siyasət aparmaq əslində bu vaxta qədər özünü ifrat istiqlalçı və həm də bütövlük tərəfdarı kimi göstərən müxalifətin real və davamlı dəstəyini tapmalı idi. Əvvəllər yazmışdım ki, hakimiyyətin siyasəti o səviyyəyə gətirib çıxara bilər ki, müxalifət bu hakimiyyət üçün pis olan hər bir şeyi özü üçün yaxşı hesab edə bilər. İndi müxtəlif soraqlar dolaşır. Hətta bu il referendum keçiriləcəyi, parlamentin tərkibinin artacağı, proporsional sistemin bərpa olunacağı haqda şayiələr dolaşır. Bu şayiələrin nə qədər və hansı məzmunda reallığa dəlalət etdiyini deyə bilmərik. Amma onu demək lazımdır ki, əhalisi Azərbaycandakından üç dəfə az olan Ermənistanda belə deputatların sayı bir neçə nəfər çoxdur. Üstəlik, başqa bir məsələ də var və o da budur ki, geosiyasi manevr imkanları bilavasitə daxildəki potensialdan, ölkə içindəki həmrəylikdən və birlikdən asılıdır. İndi isə bu birlik, həmrəylik yoxdur...

Ən son yazılan

XS
SM
MD
LG