Keçid linkləri

Təcili xəbərlər

Milli gələnəklərə «axmaqlıq» sözündən baxanda


Professor Niyazi Mehdi
Professor Niyazi Mehdi

.

Cızığa salmağın fəlsəfəsi

Qanunların işləmədiyi toplumla bağlı Pənah Hüseynin bir çıxışından sonra bizdə rus sözü «bespredel»i söyləmək dəbdir. Bunun mənası, yaradıcı çevirsək, «cızığa salınmayan»dır. Yada salaq özümüzün «cızığından çıxma!», «cızığı aşma!» deyimlərimizi. Hegel fəlsəfəsində bilmək, təyin etmək, konkretləşdirməklə bağlı cızığını qoymaq, cızığını tapmaq xeyli ağıllı düşüncələr törətmişdi. Axı, bir nəsnənin cızığını bilmək, onu o biri nəsnələrdən ayırmaqdır və deməli, o biri nəsnələrdən seçməkdir. Bizdə bəyəm görməmək anlamında demirlər, «gözüm seçmir»?!

Qanunların «predel», yəni hüdud qoyması haracan olar, haracan olmaz mənasında cızığa salmaqdır. Türklərin qanunsuz dünyaya «yolsuzluq» deməsi isə məsələni daha yaxşı açır: qanun yoxdursa, kim hara, necə gəldi gedir, ona görə də yolsuzluqdakı kimi qarmaqarışıqlıq yaranır.

İndiki mövzu öhdəliym

Ötən köşə yazısında bu yazım üçün ənənələri, gələnəkləri düşünməklə bağlı iki soru qoymuşdum:

a) necə edək ki, gələnəklərdə işləri korlayan nə varsa, ona utanıb göz yummayaq?

b) necə edək ki, mentalitetimizdən «getməli olanı qazıb tullayaq»?

Bu günlərdə gəncləri milli adət-ənənələrdən «uzaqlaşdırdığına görə» serialların, əsasən, türk seriallarının, yerli televiziyalardan yığışdırılması məsələnin önəmini bir daha açdı.

Milli ənənələr haqqında söhbətlərin gəvəzəliyi

İş burasındadır ki, Azərbaycan kulturologiyasında ən çeynənmiş konulardan bir milli adət və ənənələrdir. Daha sonra 90-cı illərdən «milli mentalitet» bu «adət-ənənələrin» modernləşmiş, bir az təzələnmiş variantı oldu. Ancaq Azərbaycan adət-ənənələrinə, mentalitetinə keşikçi iddiasında bulunan adamdan soruşanda ki, “nədir Azərbaycan adət-ənənələri, mentaliteti? - qonaqpərəstlikdən, böyüyü saymaqdan (hansı böyüyü, hansı cür saymaqdan) elə də uzağa getmirlər. Mentalitet məsələsi gələndə bir də məmnuniyyətlə qızlarımızın namusundan danışırlar.
Niyə axıb tökülməyi bildirən «axmaq» feli həm də mənəvi-psixoloji halın adı olub? İş burasındadır ki, bir şeyin başda qalması üçün o başın içində nəyəsə ilişməlidir ki, qalsın, yoxsa axıb gedər.

Çoxları üçün qızın namusu mütləq dizdən aşağı geyinməkdə, makiyajsız gəzməkdə özünə göstərici tapır. Hərçənd bu çoxları da çağdaş dünyanın gənci olmaq istəyən qızları ilə bacarmayıb onların şalvar və gödək geyinməsi ilə barışırlar. Ancaq yanıqlı qaldıqları üçün qızları ilə ilgili boğduqları qəzəblərini «bu gün gənclərin əxlaqının pozulması» üstündə gedən çayxana, teledebat deyinmələrinə tökürlər.

Biz gələnək dediyimiz nəsnələrin dəyərini və ziyanını bilməliyik, deməli, haracan, nə qədər işlənməsinə cızıq qoymalıyıq ki, milli mentalitet məsələsində axmaqlığa yuvarlanmayaq. Yeri gəlmişkən «axmaqlıq» haqqında bir-iki söz…

Axmaqlığın nəliyi

Niyə axıb tökülməyi bildirən «axmaq» feli həm də mənəvi-psixoloji halın adı olub? İş burasındadır ki, bir şeyin başda qalması üçün o başın içində nəyəsə ilişməlidir ki, qalsın, yoxsa axıb gedər. Başı boş adamların başında ilişməyə (sözlərdən başqa) bir şey olmadığı üçün ora nə düşürsə, axıb gedir. Milli mentalitet məsələsində axmaqlıq heç bir dəyərli düşüncəyə ilişə bilməyən gəvəzəlikdir. Sanki «dır-dır» danışır, hamısı da axıb boşuna gedir.

Mentalitetdən axmayanlar

Yeri gəlmişkən, ötən yazıda demişdim ki, bir çox nəsnələri mentalitetdən qazıb atmaq olmur. 5-10 il davalar olur, adamlar yoxsullaşır, toy etmir, şabaş atmır. Sanki bütün bunları ömürlük unutmalıydılar. Ancaq görürsən, dolanışıqları düzələn kimi yenidən başlayırlar toy, şabaş ədabazlığına. Buna «nədən» sorusunu verəndə gərək tapasan, bu ədabazlıq mentalitetdən nələrə ilişib ki, heç cürə oradan axıb getmir, yəni «qazılıb atılmır»?
...mentalitetdən nəyisə «qazıb» çıxarmaq üçün onun ilişdiyi nəsnələri tapmalısan.

Görünür, bir səbəb odur ki, Azərbaycan mentalitetində mutluluqla, sevinclə bağlı «başından tökmək/tökülmək» deyimi və bu deyimə uyğun gözəl həyat şəkli var, şabaş ona ilişib qalır. Görürsünüzmü, adət-ənənə və mentalitetlə bağlı nə ilginc məsələlərə çıxmaq olar?!

Deməli, mentalitetdən nəyisə «qazıb» çıxarmaq üçün onun ilişdiyi nəsnələri tapmalısan. 5-10 ildir yaslardan ağır ehsan xərclərini yığışdırmaq haqqında, qətl günü özünü qana qəltan etməmək haqqında ruhani qatından lazımlı şeylər deyilir, ancaq di gəl, tərgitmirlər ki, tərgitmirlər. Onların nəyə ilişdiyini tapıb bu ilişdiyinə ilişiyini qoparsan, tərgitmək olar.

Bəs müsəlmanlarda 12 yaşında qız almaq istəyi mentalitetdə nələrə ilişib ki, İslam ölkələrində zaman-zaman qanunvericilik təşəbbüsünə təkan verir?

Yazı nəsə uzun alındı. Bəlkə gələnəklərin nədə ağıllı, nədə axmaq olması söhbətini növbəti yazıya saxlayaq?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG