Keçid linkləri

Bu yaxınlarda maraqlı hadisə baş verdi, amma o, özünə yetərincə diqqət və ya maraq çəkmədi. Söhbət Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasından gedir. Özbəkistan ikinci dəfədir ki, belə hərəkət edir. Bəlkə elə buna görə hadisə bizim mətbuatda rezonans yaratmadı. Rus mətbuatına gəldikdə isə məsələyə geniş yer ayırdılar, amma münasibət bir qədər ikili, dualist oldu. Maraqlıdır ki, siyasətçilərin və hərbi diplomatların o məsələyə münasibəti mətbuatın və ekspertlərin münasibətindən daha sakit və təmkinli oldu. Birinсilər bildirdi ki, onlar üçün bu, gözlənilməz deyildi. Bu addımı onlar, sən demə, çoxdan gözləyirmişlər, çünki İ. Kərimov Özbəkistanı faktiki olaraq bu təşkilatdan ayırıbmış, onun qərarlarını imzalamır, maraq və diqqət göstərmirmiş. Rusiya müxalifəti isə çox canfəşanlıq etdi. Özbəkistan üçün müxtəlif daxili konfliktlər ssenariləri cızdılar, çox «proqnoz»lar verildi.

Amma məsələni artıq bitmiş hesab etmək olar. Ruslar böyük hərbi və siyasi infrastrukturdan məhrum olduqlarını etiraf edirlər. Lakin əvvəldə dediyim tək böyük peşmançılıq da keçirmirlər. Mənə elə gəlir ki, Özbəkistanın o addımı müəyyən mənada elə Bakı üçün də dərs ola bilər. Düzdür, Azərbaycanın bu təşkilata elə bir aidiyyəti yoxdur. Amma Bakı da hərbi siyasət sahəsində bu ölkə – Rusiya ilə sonuncu münasibət aydınlaşdırılmasına nöqtə qoya bilər və Qəbələ RLS-nin məsələsini həll edə bilər. Mən bu prosesi çox diqqətlə və həm də maraqla izləyirəm. Düşünürəm ki, görən, bu hakimiyyət son 19 ildə heç olmasa bir dəfə cəsarətli addım ata biləcəkmi? Rusların reaksiyasından belə hiss olunur ki, onlar bu məsələdə israr etmək niyyətində deyillər. Daha çox məsələyə emosional, bir qədər küskün ton verirlər. Bu da elə səbəbsiz deyil. Qəbələ RLS-i Rusiya üçün öz əhəmiyyətini itirib. Çox güman ki, onu sakitcə tərk etmək istəyirlər, çünki Azərbaycanda təkcə strateji mövcudluq xatirinə ildə icarə haqqıtək 300 milyon dollar ödəmək onlara elə də sərf etmir. İndi görək məsələnin son nəticəsi necə olacaq. Hər halda, bu məsələni izləməyə dəyər. O ki qaldı indi bir qədər əvvəl yazdıqlarıma, Kollektiv Təhlükəsizlik Müqaviləsi ölü təşkilat hesab edilir. Heç kim onu hərbi blok kimi tanımır. O bir yana, heç MDB-ni də tanıyan yoxdur. Rusiyaya münasibətin kökündə tamam başqa bir şey durur.

ƏNDİCAN HADİSƏLƏRİNİN TƏKRARLANA BİLMƏSİ DƏ QORXUTMUR

Onu zorla regional güc hesab edirlər. Başqa necə ola bilər? Rusiyanın tam büdcəsi ABŞ-ın hərbi büdcəsinin yarısına bərabərdir. Elə Özbəkistanın da ABŞ-a tərəf yenidən dreyf edəcəyi istisna olunmur. Deyəsən, elə Əndiсan hadisələrinin yenidən təkrarlana bilməsi də İ. Kərimovu qorxutmur, onu da ruslar təzədən bu perspektivlə qorxutmaq istəyirlər, amma faydasızdır. İndi hamı dünyadakı proseslərdən müəyyən nəticə çıxarmağa cəhd edir. Bəli, bu region – Mərkəzi Asiya regionu çox həssas regiondur. Bu, həmin regiondur ki, orada nə vaxtsa dini qüvvələrin revanş götürməsi ehtimalı böyükdür. Elə buna görə hamı öz siyasətini bir daha götür – qoy edir, təkcə İ. Kərimov yox.

Daha bir maraqlı cəhət budur ki, hadisə V. Putinin növbəti qayıdışından, bir də onun keçmiş ittifaqı bərpa edəcəyi haqda dediklərindən sonra baş verdi.
Bu, bir daha göstərir ki, indi elə bir qüdrət sahibi yoxdur ki, o keçmiş SSRİ-ni bərpa etmək iqtidarında olsun. Hətta belə həqiqi istək də yoxdur, amma o vaxtlar olduğu tək indi də illüziyalar var. Belə illüziyalardan biri də vaxtaşırı Gürcüstanda səslənir.

GÜRCÜSTAN MDB-YƏ QAYIDACAQMI?

Bu günlərdə Gürcüstanın keçmiş prezidenti E. Şevardnadze maraqlı bəyanat verib. Qəzetlərdən birinə müsahibəsində E. Şevardnadze hakimiyyəti başqa bir adama deyil, M. Saakaşviliyə verdiyi üçün gürcü xalqından üzr istəyib. O, bildirib ki, onun fikrincə növbəti Gürcüstan prezidenti Rusiya ilə münasibəti yaxşılaşdıracaq və Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək üçün o ölkə ilə danışıqlara başlayacaq. Çox maraqlıdır, Şevardnadzenin öz hakimiyyəti illərində də Rusiya ilə münasibətlər o qədər rəvan deyildi və ölkənin ərazisi elə indiki durumda idi, onun bütövlüyü təmin olunmamışdı. Amma, görünür, siyasətçilər nəticə çıxarmağı sevmirlər, ya da, yaşlı siyasətçilər öz bəyanat və çıxışları haqda o qədər də düşünmürlər. Ruslar özləri bir faktı inkar etmir və o da budur ki, MDB yarandığı gündən birlik üzvlərinə heç nə verməyib və tək Moskvanın əlində alət olub. İndi məlumatlara inansaq Gürcüstanda belə bir ovqat, yenidən MDB çətiri altına qayıtmaq ehtirasları hiss olunmur. Bəli, M. Saakaşvilidən müəyyən narazılıq var. Amma bu narazılıq rusofil xarakteri daşımır və güman ki, MDB üçün də nostalgiya yoxdur. Bütün hallarda belə bir perspektiv baş versə də onu çox gözləmək lazım gəlməyəcək, çünki indi növbəti prezident seçkisinə bir o qədər də çox qalmayıb və güman ki, gürcü xalqının həqiqətdə nə düşündüyünü bilmək o qədər də uzaq vaxtın qayğısı deyil...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG