Keçid linkləri

Qarşılanma mərasiminə söz ola bilməzdi. Avropa Birliyinin prezidenti dövlət başçıları üçün nəzərdə tutulan proseduralara uyğun qarşılandı. Ölkə başçısı və AB prezidentinin görüşündən sonra təbii ki, mətbuat konfransı keçirdilər. Bu tipli konfranslardan çox təəssüf ki, ancaq üstüörtülü şəkildə bəzi nüans və detallarla bağlı müəyyən təxminlər etmək olar, çünki konfransda mətbuat adamları sual vermir, burada yalnız nazirlər, diplomatik korpus təmsilçiləri və bir də Prezident Administrasiyasının nümayəndələri iştirak edirlər. Mən bir detala xüsusi diqqət yetirdim. İ. Əliyev AB ilə əməkdaşlığı yalnız enerji və Qarabağ məsələləri ilə bağlı məhdudlaşdırmağa cəhd etdi və ölkənin həmin qurumla apardığı danışıqlar haqqında bir kəlmə də demədi. Bu, hansısa bir ötəri epizod deyildi, bu vaxta qədər aparılan siyasətin, sadəcə növbəti dəfə təzahürü idi. Bakı Avropa strukturları ilə əməkdaşlığını həmişə enerji və bir də Qarabağ məsələsilə məhdudlaşdırmağa cəhd edibdir. Həmin gün Bakıda səfərdə olan NATO təmsilçisi də bir daha bu fikri təsdiq etdi. Azərbaycanın alyansa üzv olmaq məsələsinə toxunan təmsilçi bildirdi ki, rəsmi Bakı hələ belə bir maraq nümayiş etdirmir. AB-nin prezidentinin açıqlamasında da bu məsələ geniş şərh olunmadı. H.V.Rompuy sadəcə bildirdi ki, 2013-cü ildə Şərq Tərəfdaşlığı ilə bağlı keçiriləcək konfransa qədər bir çox məsələlər öz həllini tapacaq. Təəssüf ki, kənardan görüş haqda yalnız bu qədər təəssürat əldə etmək mümkün oldu. Bir çox ilginc məlumatlar mətbuata yəqin, bir az sonra səfər bitəndən sonra məlum olacaq. Hələliksə onu demək mümkündür ki, Azərbaycan AB prezidentinin səfərinə yalnız natamam əfv fərmanı ilə və bir də mətbuat və qeyri hökumət təşkilatları ilə keçirilən formal bir görüşlə hazırlaşdı. Bütün bunlar azad ölkə təəssüratı yaratmaq iqtidarındadırmı?

TƏKCƏ GEYİMLƏ AVROPALI OLMAQ MÜMKÜNDÜRMÜ?

Suala «hə» demək olmur. Dünyanın qərbilə şərqi arasında təzadların varlığı, iki kəsim arasındakı fərqlər heç kimdə təəccüb doğurmur. Amma Avropanın şərqi ilə qərbi bu qədərmi fərqlidir? İndi Azərbaycan da Şərqi Avropa ölkəsi statusunu daşıyır. Amma bu yalnız ironik təbəssüm doğurur. Yazılarımdan birində əsas Avropa dəyərlərini sadalamışdım. Həmin dəyərlərə baxanda o saat ağlıma gələn bu oldu ki, bu ölkə Avropadan hələ çox uzaqdır. Bəlkə də vizual yaxınlıq var: geyim, xarici görünüş və s. Amma bu çox azdır. Hətta iş o yerə çatıb ki, ərəb kanalı da bu ölkədə korrupsiyaya qurşanmış və əhalini qorxu altında saxlayan hökumətin olduğundan danışır. İ. Əliyev öz çıxışında ölkədə demokratiyanın, azadlığın və xüsusən də internet azadlığının olması haqda danışdı. İnternet azadlığı haqda deyilənlər məni təlaşlatdı. Məsələ bundadır ki, bir şey hökumətin diqqətini cəlb edəndə dərhal bununla əlaqəli qadağalar meydana çıxır, çünki bəzi dövlətlərdə hökumətlər özlərini millətə qadağalarla xatırlatmağı sevirlər.

BƏS ASSOSİATİV MÜQAVİLƏ NƏ OLDU?

Görüşdən ən çox gözlənilən bu məsələyə aydınlıq gətirilməsi idi. Ölkə artıq Şərq Tərəfdaşlığı sazişinə qoşulub, amma assosiativ müqavilə ilə əlaqədar danışıqlar yubanır və məsələni yubadan da Azərbaycan tərəfidir. Təəssüf ki, bu məsələyə aydınlıq gəlmədi. Amma bu, son deməkdirmi? Təbii ki, yox. Bu məsələdə Avropa çox israrlıdır. Hətta bəzən bu adamda təəccüb də doğurur və bu marağın mayasında nəyin dayandığını başa düşə bilmirsən. İnanın ki, Avropa Türkiyəyə bu qədər maraq göstərsəydi bu ölkə çoxdan AB-nin üzvü olardı və Azərbaycan da Türkiyə qədər israrlı olsaydı çox yəqin, assosiasiya sazişi çoxdan imzalanardı. Çoxu Avropa ilə inteqrasiyaya maddi bir proses kimi baxır, amma bu, maddi olmaqdan daha çox mənəvidir. Bir neçə ölkə bu son illərdə AB-nin üzvü olub. Onlar «süd gölü»ndə üzmürlər. Amma həmin ölkələrdə siyasi islahatlar aparılıb, əsl siyasi azadlıqlar var, azad seçkilər və hökumətə real nəzarət mövcuddur. Enerji əməkdaşlığına gəldikdəsə son günlərə qədər İran da Avropa ölkələrinə neft satırdı. Amma İrana azad ölkə demək mümkündürmü? Əgər mən bilsəydim ki, Avropanın Azərbaycana və onun xalqına marağının mayasında neft və ya qaz dayanır, bundan olduqca məyus olardım. Bəlkə də bu elə belədir. Amma mən özümü inandırmağa və başqalarına təlqin etməyə çalışıram ki, bu, belə deyil. Və mənim ümidimi bir qədər gücləndirən bir amil də var. Avropanın bütün ölkələrlə münasibəti bir qədər aksioloji məzmun da daşıyır. Avropa tərəfdaşlarına həm də dəyərlərin kontekstində baxır. Əgər belə olmasaydı bəzi ölkələrdə yaşamaq məşəqqətə çevrilərdi, çünki insan hər şeysiz keçinə bilir, təkcə ümiddən başqa...

Şərhləri göstər

XS
SM
MD
LG