Keçid linkləri

Təcili xəbərlər

Millətə ayna tutmuş insan


Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi
Mən bir nəşriyyatın binasına daxil olanda, bir də mətbuat günlərində sevinc hissi keçirirəm. Özüm də təəccüb qalıram: biz bu qədərmi çoxuq? Nədənsə adi günlərdə bu çoxluq özünü hiss etdirmir. Amma dərhal yadıma düşür ki, əsl cəsurlar tək qalmaqdan qorxmayanlardır. Belə cəsurlardan biri də bizim H.Zərdabi olub.

Bu adam haqqında hər il danışırlar. Amma heç nə demirlər. Mənə elə gəlir, hər il özümüzü aldadırıq ki, guya H.Zərdabi bizim hər birimiz və hamımız üçün çox böyük iş görüb, milli mətbuatı yaradıb. Əgər mətbuat bizim üçün bu qədər önəməlidirsə, nədən jurnalist sözünü eşidəndə dodaq büzürük? Nədən qəzet köşklərin yanından bu qədər etinasızcasına ötüb öz yolumuza davam edirik? Nədən jurnalistləri jurnalist olduğuna, yazdıqlarına görə deyil, «narkotik istifadəçisi» olduğuna görə həbs edirik? Nədən dövlət başçısı, milli mətbuatın hamisi elan edilən şəxs mətbuat üçün açıqlamalar verən zaman zalda bir nəfər belə jurnalist olmur? Nədən, nədən... Sualların sırası tükənməzdir, amma vaxt sonsuz deyil. Ona görə də qısa deyəcəm və bununla da bayaqdan demək istədiyim fikri bitirəcəm. Gəlin özümüzü heç də aldatmayaq. H.Zərdabi bizim üçün heç bir dəyəri olmayan bir şey qurub.

Hökumət bir tərəfə, hətta adi insanlar səninlə görüşən zaman «neçə illərdir qəzet – filan oxumuram» deməyi özlərinə borc bilirlər. Elə H.Zərdabinin də vaxtında belə idi, beş – on ziyalıdan başqa heç kim onun qəzetini oxumurdu və o, bir neçə yüz nüsxəni yaya bilmirdi, aydan – aya borca düşürdü. Bunu deməklə mən onun əməyini azaltmaq, kiçiltmək istəmirəm, sadəcə, bununla onu demək istəyirəm ki, bu əməyin heç vaxt bizim gözümüzdə bir qəpik də qiyməti olmayıb. Mən bunu səmimiliyin təsdiqi kimi deyirəm. Özü də bu tək mətbuatla bağlı deyil. Əksər bayramları biz yalnız ona görə qeyd edirik ki, o bayramları başqa xalqlar da qeyd edir. Bayramlardan təkcə H.Əliyevlə bağlı olanların səmimiliyinə inanıram, çünki bizim adamların hamısına olmasa da, bəzisinə H.Əliyev, necə deyərlər, ömürlük çörək və hakimiyyət verib. Elə bu səbəbdən də mayın 10 – da, «Qurtuluş» günündə məmurlar böyük təmtəraq və təntənə ilə bayram yapanda mən bunun səmimiliyinə inanıram. Qalan vaxtlar isə hər şey gözdən pərdə asmaq üçündür: mətbuat günü də belədir, Respublika günü də. Mətbuat bir yana, respublika bizim üçün bu qədər əziz və dəyərlidirsə nədən biz bu dəyərin üstündə əsmirik, onu necə var, eləcə yaşamağa can atmırıq? Haqlı sualdır, deyilmi?

ZƏRDABİDƏN İKİ DƏRS

Hətta bu gün də bəzi jurnalistlər daha intellektual və müasir görünmək üçün rus dilində yazırlar. Hətta elə adamlar var ki, bu gün də milli mətbuata, milli dildə yazılan hər şeyə elə sovetlərin vaxtında olduğu kimi həqarətlə «çuşka mətbuatı» deyir və onu sevmirlər. Bəli, belələri bu gün də var. Zərdabi rus dilini mükəmməl bilirdi, onun dövründə Azərbaycanda artıq rusdilli nəşrlər vardı. Lakin milli mətbuat yox idi. H.Zərdabi məhz milli mətbuatı yaratdı. Elə bugündən qalanlar da məhz milli mətbuat nümunələri olacaq. Bu, ən birinci dərsdir.

Daha bir dərs tək Zərdabi ilə bağlı deyil. Çox qəribədir ki, Azərbaycanın milli mətbuatında və ədəbiyyatında o vaxtkı hakimiyyət tənqid olunmayıb. Daha çox diqqət hakimiyyətin tənqidinə deyil, millətin tənqidinə, mövhumatçılığın və geriliyin tənqidinə yönəlib. Misal üçün qeyd edək ki, o vaxtın rus nəşrləri belə deyildi, onlar hakimiyyəti sözün əsl mənasında qamçılayırdılar. Ənənə, milli mətbuat təcrübəsi, peşəkarlıq deyəndə indi bizim məmurlar o dövrün məhz bu xüsusiyyətini nəzərdə tuturlar – hakimiyyətdən yazmayın, amma o biri məsələlərdən, millətdən nə qədər yazırsınız, yazın, necə deyər, problem yoxdur. Məhz bu ənənə müasir Azərbaycan ziyalısını yaradıb - kiçik məmur cənablarının qarşısında yeddi qat əyilən bu ziyalı elə ilk imkanda milləti və onun dəyərlərini qamçılamaq və hamıya dərs vermək fürsətini əldən vermir. Bu ölkənin ziyalısının həmişə bir bəraəti olub:«Əşşi, millətimiz budur də! Nə edə bilərik?!». Heç kim də soruşmur ki, bəs sən özün necəsən? Özün nəsə etmisənmi? Bu milləti yaxşılaşdırmaq, dəyərini artırmaq üçün nəyəsə cəhd etmisənmi?

KİÇİK SÖZARDI


Yubiley və bayram stilini sevməsəm də çox istədim ki, bu yazı məhz o stildə olsun. Axı bu il H.Zərdabinin 170 illiyi qeyd olunur. Mən bu adamı millətə və onun yoluna güzgü tutmağa cəhd edən ilk insan hesab edirəm. Yol da məhz onun yoludur, kiçik korrektələr olsa belə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG