Keçid linkləri

Azərbaycan idmançılarının birinci qrupu Londona gedib


İdmançılar İlham Əliyevlə görüşərkən. 10 iyul 2012

İdmançılar İlham Əliyevlə görüşərkən. 10 iyul 2012

Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının birinci qrupu iyulun 24-də səhər Gənclər və İdman Nazirliyinin qarşısından yola salınıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzadlıqRadiosuna bildirib ki, atletika, güllə atıcılığı, boks, qılıncoynatma və cüdo üzrə idmançılar, onların məşqçiləri, həkimlər, rəsmi şəxslər olmaqla bu gün təxminən 100-ə yaxın adam Londona yola salınır.
Təyyarə saat 14 radələrində hava limanından ayrılacaq.
Səmayə Məmmədovanın sözlərinə görə, Londona növbəti qrup avqustun 4-də yola salınacaq.
XXX Yay Olimpiya Oyunlarında Azərbaycan 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunacaq. Müstəqillik dövründə ilk dəfədir Azərbaycan belə böyük heyətlə olimpiya oyunlarına qatılır. Bundan başqa ikisi güləş, digərləri ağırlıqdqaldırma, boks və gimnastika üzrə olmaqla olimpiadada Azərbaycanı 5 hakim də təmsil edəcək.
XXX Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 27-də olacaq. 16 gün davam edəcək yarışlarda 200-dən çox ölkədən 10 minədək idmançı 302 medal uğrunda mübarizə aparacaq.

BİRİNCİ YER TUTAN 400 000 ALACAQ

İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək güləşçi Rövşən Bayramovla birlikdə

İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək güləşçi Rövşən Bayramovla birlikdə

İyulun 3-də prezident İlham Əliyev Azərbaycan idmançılarını və onların məşqçilərini Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, olimpiadada
- 1-ci yeri tutan hər bir idmançıya 400 min, onun məşqçisinə 200 min,
- 2-ci yeri tutan hər bir idmançıya 200 min, onun məşqçisinə 100 min,
- 3-cü yeri tutan hər bir idmançıya 100 min, onun məşqçisinə 50 min manat veriləcək.
İlham Əliyev olimpiadadan sonra Londonda keçiriləcək XIV Yay Paralimpiya Oyunlarında Azərbaycanın əlil idmançıları və onların məşqçiləri üçün də mükafatlar müəyyən edib.
Bu sərəncama əsasən, Paralimpiya Oyunlarında
- 1-ci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
- 2-ci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
- 3-cü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat veriləcək.
İyulun 27-də başlayacaq London olimpiadasında Azərbaycan 53 idmançı ilə təmsil olunacaq.

Şərhləri göstər

XS
SM
MD
LG