Keçid linkləri

Etiraf edim ki, rejissorlara həmişə qeyri–adi insan kimi baxmışam. Bəlkə bu onunla bağlı olub ki, kino və hətta teatrın özü qeyri – adi sənətdir.

Teatrı bir sənət kimi sevmişəm, amma kinoya pərəstiş etmişəm. Hələ çoxdan mənim diqqətimi bir detal cəlb edib. Kino rejissorları digərləri ilə müqayisədə daha intlellektual olurlar.

Bəlkə də bu onunla bağlıdır ki, kino sintetik sənətdir, bu sənət özündə təsviri, sözü və musiqini birləşdirir. Konkret polyak kinosuna gəldikdə isə keçmiş SSRİ-nin ərazisində gürcü və ya Pribaltika kinosu hansı marağı doğururdusa, o, da bütün sosialist düşərgəsində öz dəsti – xətti ilə seçilirdi.

K.Zanussini biz hələ o vaxt tanıyırdıq. Stanislav Lem nə qədər və nə dərəcədə məhşur idisə Zanussi də kino həvəskarlarının arasında o qədər tanınırdı.

Təbii ki, mən onun yaradıcılığı haqda yazmaqda acizəm. Amma bu adamın radioya verdiyi müsahibəni oxuyandan sonra ağlıma gələn ilk fikir o oldu ki, bəli, mən onu belə də təsəvvür edirdim. Polşada iki dəfə olmuşam.
Bir dəfə bizi bir jurnalistlə tanış etdilər. O vaxt Polşa prezidenti həmin şəxsi məhkəməyə vermişdi. Jurnalist onu DTK–ya xidmət etməkdə suçlamışdı. Bu bizə bir qədər qeyri – adi görünürdü, çünki həmin jurnalistin cibinə anaşa və yaxud başqa bir şey atılmamışdı, o, şərlənməmişdi və ya döyülməmişdi, sadəcə jurnalistlə münasibətləri məhkəmə zalında aydınlaşdırmaq qərarına gəlmişdilər. Bu detalı Polşanı bir qədər səciyyələndirmək üçün xatırladım. Doğrusu, o prosesin necə bitdiyini bilmədim. Lakin Zanussinin söz azadlığı haqda dediklərini oxuyanda bu qərara gəldim ki, bəli, bu, mənim gördüyüm Polşadır. Belə yüksək ifadələri çox adamdan eşitmişik.

K.Zanussi

K.Zanussi

Bura gələn əcnəbilər nitq sarıdan kasadlıq çəkmirlər, hamısı pafoslu ifadələri xoşlayırlar. Məni bir məsələ də maraqlandırırdı. Zanussi sosialist düşərgəsindən çıxmış adamdır və bu düşrəgədə kino da senzuraya məruz qalsa da hər halda bir sənət kimi dövlətin diqqətində idi. Mən bir detala fikir vermişəm ki, keçmiş azad fikirli insanların çoxu yeni gerçəkliyi, yeni formasiyanı çox tənqidi qarşıladılar. Bu özü çox maraqlı sosial – psixoloji ştrixdir. Məsələn, A.Zinovyev kimi filosof və publisist Qərb qaydalarına, gerçəkliyinə uyğunlaşa bilmədi. Mən bunun izini Zanussidə də axtardım, amma tapa bilmədim. Təbii ki, bir müsahibə və ya bir qeyd insan haqqında tam təsəvvür əldə etmək üçün azdır. Amma, gəl, ürək dolu olanda elə bir müsahibədə də boşalır.
BİZİM BÖYÜK ADAMLARIMIZ BU QƏDƏRMİ ÇOXDUR?
Biz bəlağətli sözləri, pafoslu ifadələri həmişə sevmişik. Söz düşən kimi elə o saat deyirik ki, böyük alimlərimiz, şairlərimiz, bəstəkarlarımız var. Amma onlar belə böyükdürsə niyə əcnəbi bir insan onları tanımır? Bu, təkcə bizdə belə deyil. Ruslar beyinlərinə doldurublar ki, məsələn, radionu Popov kəşf edib. Halbuki belə deyil. Özlərini inandırıblar ki, Lomonosov dünya elminə çox böyük töhvə verib. Amma P.L.Kapitsa Lomonosov haqda bir araşdırma aparmışdı və gəldiyi nəticə də bu, olmuşdu ki, onun dünya elminə heç bir töhfəsi olmayıb.

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

K.Zanussi R.İbrahimbəyov haqqında çox yüksək fikirlər və təriflər dedi. Etiraf edək ki, Azərbaycan kinosu K.Zanussinin onun haqqında danışması üçün elə də yüksəklikdə deyil. Amma bir nəfər – R.İbrahimbəyov bunu müəyyən qədər kompensasiya edir. Bu, azdırmı? Mən İbrahimbəyovu da bir sənət adamı kimi təqdim etməkdə acizəm, çünki kino tənqidçisi və ya mütəxəssisi deyiləm. Amma Zanussiyə inanmamağa da haqqım yoxdur.

Bu, necə deyərlər, elə ustad qiyməti və yaxud da dərsidir. İbrahimbəyovla bağlı isə onu deyə bilərəm ki, mən onun haqqında yalnız bir ictimai fenomen kimi söz deyə bilərəm. J.P.Sartrın bir fikir var ki, əvvəl – axır hər bir kəs özünün daxili dünyasını yaşayır. Mən də onu deyə bilərəm ki, Rustəm müəllim də öz daxili dünyansını, gözəlliklər dünyasını yaşayır. Onu bundan ayırmaq sözün əsl mənasında günah olardı. Bir çox hallarda müasirlərimizi qiymətləndirə bilmirik. Bu, təkcə bizim qüsurumz deyil. İndi onu yamanlayan siyasətçilər və məmurlar başa düşmürlər ki, onlar haradasa R.İbrahimbəyovun yerliləri kimi tanınırlar, nə vaxtsa onun müasirləri tək anılacaqlar. Bir vaxtlar qonşu Gürcüstanda Fəlsəfə İnstitunun direktoru deyirmiş ki, bizləri yalnız Merab Mamardaşvili ilə bir institutda işlədiyimizə görə xatırlayacaqlar. Bəlkə bizi də İbrazimbəyovla bir dövrdə və ya bir şəhərdə yaşadığımıza görə anacaq və yada salacaqlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG