Keçid linkləri

Təcili xəbərlər

London 2012: Elnur Məmmədlini əzişdirmək istəyən kimdir?


2008 Pekin Olimpiyadasının qalibi Elnur Məmmədli
2008 Pekin Olimpiyadasının qalibi Elnur Məmmədli
-

Azərbaycan hələ sovet vaxtlarından idmanda ən yaxşı göstəricilərini “təkbətək” yarışlarda nümayiş etdirib.
Yadımdadır ki, Yasamaldakı həyətimizdə əksəriyyəti bədəncə cılız olan uşaqlar, idmanın məhz güləş növü ilə məşğul olurdular.
Güləşçi yeniyetmələr sınmış qulaqları, boksçu yeniyetmələr isə sınmış burunları ilə qürrələnirdilər.
Onu da demək lazımdır ki, bu uşaqların əksəriyyəti elə bu “sınma” məqamında idmanı buraxardılar.
Yəni Yasamala “Sovetski”dən köçmüş Etibarın qulaqları, Əjdərin burnu sınıbsa, bu, avtomatik olaraq onlara “cayıl” kateqoriyası verirdi.
Cüssəli oğlanların isə idmana o qədər də maraqları olmazdı.
Bu ənənənin nəticəsidir ki, Azərbaycanın əksər atletləri yüngül çəki kateqoriyalarında yarışırlar.
İndi keçək 30-cu Yay Olimpiadasına.
Ötən şənbə Londonun Excel arenasında Azərbaycan cüdoda ilk məğlubiyyətini yaşadı. İlqar Muşkiyev Ermənistanlı rəqibi Hovannes Davtyana uduzdu. 60 kiloqram kateqoriyasında.
Yeri gəlmişkən elə həmin gün Rusiyanı təmsil edən Arsen Qalstyan da Nigerli Zakari Quruzanı məğlub etdi.

EUAN BURTON KİMDİR?
Ermənistan idmançıları ilə yarışlar Azərbaycan idmançıları üçün bir növ prinsip məsələsidir.
Lakin London Olimpiadasında ən azı iki Britaniyalı idmançı Azərbaycanın əlindən yanıqlıdır.
Britaniyalı cudoçu Euan Burton öz ölkəsinin qızıl medal ümidlisidir.
Lakin o, bu ümidini doğrultmaq üçün Azərbaycandan olan Olimpiya Çempionu Elnur Məmmədliyə qalib gəlməlidir.
Burton bundan əvvəl Elnura iki dəfə məğlub olub. Pekində və Bakıda.
Olimpiadaqabağı müsahibəsində Euan Burton bildirib ki, Olimpiya qızılını almaq üçün rəqibini “əzişdirməyə”, “qollarını qoparmağa” və onu “nəfəsi kəsilənədək boğmağa” hazırdır.
Əslən Şotland olan cudoçu bildirib ki, Azərbaycanlı Elnur Məmmədli ilə bundan əvvəlki yarışlarda onu “uduzdurublar”.
O deyib ki, Məmmədliyə qarşı heç bir düşmənçiliyi yoxdur, lakin çempion adını qazanmaq üçşün onu “məhv etməyə” hazırlaşır.
Söhbətimə yüngül çəkili idmançılarla başlayıb, ağır çəkililərlə bitirirəm.
Britaniyanın daha bir potensial qızıl medalçısı, yüksək ağır çəki katyeqoriyasında yarışan 22 yaşlı boksçu Anthony Joshua çox güman ki, Azərbaycan komandasından olan Məhəmmədrəsul Məcidovla qarşılaşacaq.
Britaniya mətbuatı xəbər verir ki, boks üzrə hazırkı dünya çempionu Məcidov final yarışında Joshuaya çox az xal fərqi ilə qalib gəlib.
Məhəmmədrəsul Məcidov barəsində Azərbaycan İctimai Televiziyasının saytında maraqlı məlumat var: “Məhəmmədrəsul Məcidov 2011-ci ilin oktyabrında Bakıda dünya çempionu olmaqla yanaşı, London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Həmçinin AİBA tərəfindən dünyanın ən yaxşı boksçusu seçilib. Ağası Məmmədovun uğurundan 8 il sonra Məhəmmədrəsul Məcidov Azərbaycana dünya çempionatında ikinci qızıl medalı qazandırıb. Dünya çempionu olduğu üçün Dağıstanlı boksçuya ölkə prezidenti İlham Əliyev tərəfindən mənzil, federasiya rəhbəri Kəmaləddin Heydərov tərəfindən 50 min dollar və avtomobil verilib. Doğulduğu Akuşinskiy rayonunun rəhbəri Məhəmməd İsmayılov isə “Lada Priora” markalı maşın hədiyyə edib. Şərh: Azərbaycan boks tarixində olimpiya çempionu yoxdur. Məhəmmədrəsul Məcidov bu səddi aşmağa çalışacaq”.
Amma yenə də təəssüf edirəm ki, 2012-ci ilin London Yay Olimpiadasında Yasamallı uşaqlar yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG