Keçid linkləri

Nə daha yaxşıdır? Diktatorla, ya diktatorsuz?


Suriyalı qaçqınlar Əmmanda Suriya səfirliyi qarşısında etiraz aksiyasından əvvəl axşam namazını qılır, 26 iyul

Suriyalı qaçqınlar Əmmanda Suriya səfirliyi qarşısında etiraz aksiyasından əvvəl axşam namazını qılır, 26 iyul

İndi Suriyada baş verən proseslərə bir qədər tərəddüdlə və hətta ironiya ilə yanaşanlar var. O insanlar bir çox hallarda mövqelərini açıq ifadə etməsələr də onların üzlərində bir sualı oxumamaq çox çətindir. Bu sual da odur ki, belə böyük itkilərə dəyərdimi? Hətta elələri var ki, indidən Suriya inqilabının da nəticələrini proqnozlaşdırmaqdan çəkinmirlər. Bu insanların fikrini tamam nəzərə almamaq, ona etinasız yanaşmaq da mümkün deyil, çünki onlar elə də az deyil, çoxdurlar. Hələ dünyada heç kim inqilaba inananlarla, ona rəğbət bəsləyənlərlə ona inanmayanlar, onu sevməyənlər arasındakı nisbəti tapıb müəyyənləşdirmək iqtidarında olmayıb. Bu, elə bu gün də belədir. Məhz bu səbəbdən ya bu tərəfdə, ya da o biri tərəfdə olmaq olar, ya inqilaba inanıb ona rəğbət bəsləmək olar, ya da ki, əksinə. Lakin bir məsələ var ki, mürtəce rejim illərlə davam edəndə, dözülməz olanda, islahatlar aparılmayanda heç kim inqilabı qınamır. Hətta onu sevməyənlər belə bunu çarəsizlikdən çıxış yolu kimi qəbul etmək zorunda qalır. Ərəb inqilablarının demək olar ki, hər biri məhz bu qəbildən oldu. On illiklərlə davam edən diktaturalar, cəmiyyəti yoran müstəbidlər, təqiblər, təzyiqlər – bunların hamısı ərəb gerçəkliyi idi və insanlar bu gerçəklikdən qurtulmağa cəhd edəndə hətta ərəblərin azadlıq və demokratiya potensialına şübhə ilə yanaşanlar belə susmağa üstünlük verdilər. Hətta bu dövrdə dünyanın başqa kəsimində baş verən rəngli, dinc inqilablar belə «ərəb baharı» üçün nümunə göstərilmədi, çünki elə inqilabın özü də novruzgülü kimidir, o qarın altında bitir, amma bu o demək deyil ki, bahar öz gəlişini hər yerdə sakitcə qarın altında çiçək bitirməklə bildirir, bir çox hallarda öz gəlişi ərəfəsində bahar qışla əlbəyaxa olur, qış təslim olmaq və yerini bahara vermək istəmir. Siyasətdə bir qanun var ki, kimsə getmək, öz yerini sakit tərk etmək istəməyəndə onu gec-tez yola salırlar. Ərəblərin diktatorları da çox yubanmışdılar, artıq onların könüllü getməsi haqda nəsə demək bir növ reallıq hissini itirmək kimi bir şey idi. Onlar könüllü getmədi.

Və elələri var ki, bu gün də getmək istəmirlər. Doğru deyirlər ki, tarix yalnız o şeyi öyrədir ki, o heç nəyi və heç kimi öyrətmir. Amma insanın xisləti elədir ki, o daim seçir və seçmək üçün də müqayisə edir və insanlar əsas etibarilə daha çox praqmatik olurlar, nəinki idealist, idealistlərə az təsadüf olunur. O mənada hələ tutuşdurmalar çox olacaq. Bütün dəyişiklikləri prinsip etibarilə iki sualda ehtiva etmək olar. Azadlıq artdımı? İnsanların rifahı yaxşılaşdımı?

Bəli, insan hər şeyi bir mənəvi kriteriya və bir də maddi kriteriya ilə ölçməyə öyrəşib.

MİSİR SİYASİ VEKTORU MÜƏYYƏN ETDİ

Misirdə dini qüvvələr hakimiyyətə gəldi. Onlar inqilabın gedişində çox böyük məharətlə dirijorluq etdilər, üzdə görünmədilər, amma hər şeyi idarə etdilər.

Ərəb dünyasının bir xüsusiyyəti var ki, burada partiyalar bir ölkə hüduduna və sərhədinə yerləşmirlər, bir ölkədə lokallaşmırlar, onlar əksər hallarda bir neçə ölkənin siyasi həyatına sirayət edərək regional partiyalara çevrilirlər. Bu mənada «Müsəlman qardaşları» da istisna deyil. Mən bunu ona görə bir daha qeyd etdim ki, Misir post-inqilab dövrünün siyasi vektorunu müəyyən etdi. Əvvəl də belə təxminlər vardı ki, ərəb diktatorlarının alternativi məhz o tipli siyasi qüvvələr olacaq. Ona görə də Suriyada baş verən proseslərə şiə azlığı ilə sünni çoxluğunun hakimiyyət və siyasi nüfuz uğrunda çarpışması kimi baxanlar da az deyil. B. Assad devrilsə bu ölkədə də hakimiyyətə məhz o qəbildən olan qüvvələrin - dini qüvvələrin gəlməsinin ehtimalı böyükdür. Bir fərq var ki, yeni ərəb modelləri İran modelini çox az xatırladır və çox böyük ehtimal var ki, ərəb gerçəkliyinin bu tərəfini – yeni dini qüvvələri ölkələr hələ bundan sonra öyrənəcəklər.

İNSANLAR HƏM DƏ YAXŞI YAŞAMAQ ÜÇÜN İNQİLAB EDİR...

Ərəb inqilablarından hələ o qədər də vaxt ötməyib ki, iqtisadi göstəricilərin müqayisəsi ilə məşğul olaq. Bu ölkələr üçün indi əsas məsələlərdən birinin diktatorlara məxsus sərvətlərin geriyə, ölkəyə qaytarılmasıdır. Lakin inqilab vaxtı bu xüsusda böyük vədlər verilsə də hələ ki, hər hansı bir ölkədə buna bənzər hadisə baş verməyib, sərvətlər geri qayıtmayıb. Ölkələrin daxilindəki proseslərə gəldikdə isə mən bu yaxında Liviya ilə bağlı maraqlı qeydlər və proqnozlar oxudum. Onlar həqiqətdirsə indi Liviyada iqtisadi canlanma hiss olunur. Hətta BVF ötən illə müqayisədə Liviya iqtisadiyyatının iki dəfə artım edəcəyini proqnozlaşdırır. Yəməni istisna etsək, ərəb ölkələri bir o qədər də kasıb ölkələr olmayıb, amma öz iqtisadi yüksəlişlərilə dünyanı təəccübləndirə bilmək iqtidarında da olmayıblar. İndi bir az gözləmək lazımdır. Vaxt gələcək inqilabdan sonrakı dövrlə əvvəlki dövrün iqtisadi göstəricilərini müqayisə etmək də mümkün olacaq.

KİÇİK SÖZARDI

Bütün hallarda siyasətin də yazılmayan qanunları var. Həmişə monarxiyanı respublika əvəz edəndə buna mütərəqqi hal kimi baxırlar. Diktaturaların da seçkili hakimiyyətlərlə əvəz olunması bu qəbildən hesab edilməlidir. Tarixin bir dərsi də var ki, o, sıçrayışları sevmir. Bir çox hallarda bir insan ömrü bir tarixi intervalla müqayisədə çox kiçik olur, ona görə də insan sıçrayışlardan bir növ rahatlıq duyur, ona elə gəlir ki, bu, prosesləri sürətləndirir. Lakin bu çox zahiri təəssüratdır. Əksər hallarda adladığın, sıçradığın dövrləri bir daha keçməli və yaşamalı olursan...

Şərhləri göstər

XS
SM
MD
LG