Keçid linkləri

Təcili xəbərlər

London-2012: Britaniyanın alim olimpiyaçıları


Britaniyalı velosidepçi Elizabeth Armistead
Britaniyalı velosidepçi Elizabeth Armistead
Pekin Olimpiadasında Britaniyaya qızıl medalı tibb elmləri namizədi qazandırıb. Tim Brabant hazırkı London Olimpiadasının da iştirakçısıdır.

Britaniya olimpiya millisinin başqa bir üzvü, olimpiya çempionu Tom James öz ölkəsinə qızıl medalı avarçəkmə üzrə yarışlardan gətirib. Lakin bundan əvvəl o, məşhur Cambridge Universitetindən mühəndislik elmi dərəcəsini alıb.

Britaniya olimpiyaçılarının komandasına 30-cu Olimpiya Oyunlarından bir neçə həftə əvvəl qoşulmuş Lynsey Sharp artıq hüquq elmləri namizədidir.

Maneələrlə 100 metrlik məsafəyə qaçış növündə Britaniyanın qızıl medal ümidlisi olan Jessica Ennisin ümidləri doğruldub-doğrultmayacağı bilinmir, lakin bilinən budur ki, Olimpiya Oyunlarından dərhal sonra Şeffild Universitetinin məzunu psixologiyadan namizədlik dissertasiyasını müdafiə etməli olacaq.

Maraqlıdır ki, olimpiyaçılar idman karyerası ilə elmi karyeranı uzlaşdırmağa müvəffəq olurlar. Axı bu işin hər ikisi çox vaxt tələb edir. Qayıqsürmə yarışlarında Pekin Olimpiadasının qızıl medalçısı olmuş Tim Brabant idman yarışlarına hazırlaşdığı müddətdə işlədiyi xəstəxanada yarım ştata keçir.

Tim Brabant deyir ki, hər iki məqsədinə eyni vaxtda çatmaq asan olmayıb.

ONUN XƏYALI GAH SULARDA, GAH GÖYLƏRDƏDİR

Britaniya olimpiya komandasının başqa bir üzvü, suya başvurma üzrə ölkə çempionu Stacie Powellin fikri bəzən suların yox, ulduzlu göylərin dərinliyində olur. Cambridge Universitetinin məzunu, astrofizika üzrə, nə az-nə çox, elmlər doktorudur. O da deyir ki, sularla göylər arasında vaxtı bölmək asan deyil.

Britaniyanın alim olimpiyaçıları haqda çox yazmaq olar. Onlardan sadəcə bir-ikisinin adını sadalayıram: Qaçış üzrə olimpiya çempionu Christine Ohuruogu dilçidir, onun dissertasiya mövzusu «Söyüş və söyüş sözləri» olub.

Uzunluğa tullanan Jonathan Edwards (hərçənd bu Olimpiadada tullanmayacaq) fizikdir, Paul Manning – velosipedçi, olimpiya çempionudur və torpaq elmləri üzrə dərəcəyə malikdir.

Bu məlumatlar məni o qədər maraqlandırdı ki, köhnə dostum, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol kafedrasının baş müəllimi, bu payız pedaqoji elmlər üzrə fəlsəfə doktoru olmağa hazırlaşan Məzahir Dadaşova zəng etdim. O dedi ki, «bizim akademiyada indi elmlər dərəcəsi olan keçmiş idmançılar çoxdur. Elmi dərəcəsi olan məşqçilər də var, lakin fəal idmanla məşğul olan alim-idmançı barədə ən azı mən eşitməmişəm».

Britaniyanın ən prestijli orta məktəblərinə, məsələn, ölkə üzrə sayı cəmi 24 olan gimnaziyalara qəbul imtahanları üçün sənədləri götürməzdən əvvəl 11 yaşlı yeniyetmədən idmanın hər hansı növü ilə müntəzəm məşğul olub-olmadığını soruşurlar.

Cavab mənfidirsə, uşaq lap kimya, fizika, riyaziyyatdan, necə deyərlər kəllədirsə belə, gimnazist olmaq şansları son dərəcə azdır.

Azərbaycanın orta məktəblərində isə, binayi-qədimdən bir fenomen mövcuddur. Dərslərini pis oxuyanlar, iki alanlar, idman dərslərinin «əlaçı»sıdırlar. Əsl əlaçılar isə çox vaxt idman dərslərinə heç getmirlər də…

İdman dərslərinin «əlaçıları» sonradan peşəkar idmançı ola bilirlərsə, onlara gələcək karyera üçün elm lazım olmur.

İdmanda yaxşı göstəricilərə nail olmuş, medal qazanmış və çempionluğa yüksəlmiş şəxsləri, elə həmin xidmətlərinə hörmət olaraq, əsasən güc nazirliklərinə işə «düzəldirlər».

Güclü oğlanlar daha harada olmalıdırlar ki?...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG