Keçid linkləri

Az bir müddət bundan əvvəl müəssisə və təşkilatların kimə məxsus olması faktı kommersiya sirlərinə aid ediləndə bunun ölkənin onsuz da mürəkkəb informasiya məkanını bir az da qəlizləşdirmək, jurnalist araşdırmalarının və təhqiqatlarının qarşısını almaq üçün edildiyi bildirilmişdi. Bu yaxınlarda isə hökumət daha bir addım atdı, informasiyaların pulla alınması haqda göstəriş verdi. Hökumətin bu qərarına görə bundan sonra təkrar informasiya almaq zərurəti meydana çıxarkən, informasiyaların həcmi böyük olarkən və onların verilməsi üçün böyük məsrəflər tələb edilərkən informasiya alan sorğuçular pul ödəməli olacaqlar. Bunun jurnalistlərin gündəlik fəaliyyətində hansı bir dəyişikliklər yaradacağı bəlli deyil. Media ekspertləri də prinsip etibarilə bu cür qaydaların qeyri-adi bir yenilik olmadığını etiraf etsələr də təzə qərarın müxtəlif sui-istifadələr üçün əsas yaradacağını bildirirlər. İnformasiyanın dəyərinin gündən – günə artdığı qloballaşan dünyada onun pulla ölçülməsi yalnız bu sferadan uzaq adamı təəccübləndirə bilər. Amma informasiyanın pulla satışı ilə bu vaxta qədər qəzetlər, informasiya agentlikləri və bir də ki, buna bənzər qurumlar məşğul olub. Dövlətin öz vətəndaşını düzgün və yeni informasiyalarla məlumatlandırmalı olduğu halda belə xidməti pulla edəcəyi haqda xəbər bütün hallarda birmənalı təəssürat yaratmır. Azərbaycanda bu gün azad informasiya məkanının olduğunu demək böyük cəsarət tələb edir.

Bu cür münasibətlər azad rəqabətə söykənən bazarın olduğu hallarda bəlkə də mümkün olardı, lakin nə edəsən ki, bu cür iqtisadi sistem hələ bu ölkədə qurulmayıb. Ona görə də son vaxtlar qəbul edilən bir sıra qərarların mənası sadəcə qadağaları artırmaqdır. Vətəndaşların və subyektlərin öhdəlikləri ilə bağlı məsələlərdə bu hökumət dünya standartlarının səviyyəsində olmağa cəhd edir, amma məsələ hüquq və azadlıqlara gəldikdə isə, əksinə bunların çərçivələrini daim məhdudlaşdırmağa çalışır. Mətbuatla bağlı çox təntənəli tədbirlərin üstündən heç bir ay keçməyib. Elə bu ay ərzində qəzetlərin rast gəldiyi problemlər guya ki, çox yüksək səviyyədə müzakirə olunmuşdu. Bu müzakirələrin nəticələrinin isə hələ təhlil edildiyi bildirilir. İndi bir çox qəzet və jurnallar bu təhlillərin bitməsini gözləyir. Belə çıxır ki, hökumət özünün yaratdığı maneələri öyrənmək və onları aradan qaldırmaq üçün vasitələr və çıxış yolları aramaq niyyətindədir.

QƏZETLƏR SATILMIR, YOXSA...

Hökumət qəzetlərlə əsl bazar subyekti kimi davranmaq istədiyi bir vaxtda qəzetlərin sözün əsl mənasında bazarı bağlanıb. Məsələ bundadır ki, indilər şəhərdə quraşdırılan gözəl köşklər qəzetləri satmaqdan imtina edir. Amma bu hələ problemin hamısı deyil. Qəzetlər hətta satıldığı halda onların pulunu almaq mümkün olmur. Redaktorlar və media ekspertləri bədbin proqnozlar verməkdə davam edirlər. Çoxdandır şəhərdə səyyar qəzet satıcıları da gözə dəymir, onların da sayı xeyli azalıb. Əksər qəzetlər reklamın da nə demək olduğunu unudublar. Belə bir vəziyyətdə isə onların informasiyanı pulla ala biləcəyini təsəvvür etmək sadəlövhlükdür. Məsələ heç bunda da deyil. Bir xeyli müddətdir ki, dövlət rəsmiləri əksər qəzetlərə nəinki informasiya, heç müsahibə də vermirlər. Bunun «yuxarı»lardan gələn bir tendensiya olması heç kimdə şübhə doğurmur, çünki «aşağı»lar həmişə «yuxarı»ları təqlid və təkrar etməyi sevir. İ.Əliyevin artıq ikinci prezidentlik müddəti bitməkdədir.

Doqquz ildir ki, o, prezidentdir. Bu müddət ərzində bircə dəfə belə olsun o yerli mətbuata müsahibə və açıqlama verməyib. Hətta onun mətbuat üçün nəzərdə tutulan konfranslarında jurnalistləri görmək olmur, onlar ona sual vermir, hansısa sorğu ünvanlamır. Mətbuat konfranslarında nazirləri və bir də Prezident Administrasiyasının əməkdaşlarını görmək mümkündür. Hətta mən prezidentin hansısa yerli telekanala müsahibə verməsini xatırlamıram.

Bu, hər il növbəti ildönümü qeyd olunan milli mətbuata bu hakimiyyətin real münasibətinin göstəricisidir, necə deyərlər, artıq bir ştrixə ehtiyac yoxdur...

KİÇİK SÖZARDI

Mən başa düşürəm, ölkədə qəzet bumu keçib. Bəlkə də daha heç bir vaxt bu ölkədə insanlar 80-ci illərin sonlarında olduğu kimi səhər tezdən ilk növbədə qəzet köşklərinə cummayacaqlar və marağın bir qədər azalması o qədər də təəccüblü deyil. Amma indiki hal da normal deyil. Qəzetlərə olan bu münasibət heç də normal, özü-özünə stabilləşmiş və tənzimlənmiş bir münasibət deyil, çünki müşahidələr göstərir ki, insanların qəzetə və yazılı mətbuata marağı real münasibətdən qat-qat artıqdır. Bu hakimiyyət özünün sərəncamında olan hər şeyə bir əmtəə kimi baxır, dərhal onu necə satmaq haqqında düşünür, amma alıcı haqda, onun imkanları haqda düşünmür. Bu alıcılardan, informasiya almalı olan subyektlərdən biri də qəzetlərdir. Onlar isə bu gün nəsə almağa qadirdirmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG