Keçid linkləri

.


Terminoloji giriş

«Dekonstruksiya» Post-modernistlərdə, Post-strukturalistlərdə sevimli sözdür. Adi anlamı «analiz»dir. Ancaq elmi anlamı odur ki, nəyisə analiz edib içində gizlənən və qorxusu, bicliyi görünməyən ünsürləri açıb ağardırsan, ifşa edirsən.

İndi azərbaycanlıların küçədə şortlar (qısabalaq şalvar), briçlər geyənləri ayıblaması, utandırması sanki mənəviyyat, abır-həya, əxlaq və tərbiyə üçündür. Bütün bunları dekonstruksiya edəndə isə, çağdaşlığımız üçün, mədəniyyətmiz üçün təhlükələr açılır.

Azərbaycanda şortlar tarixindən

Daha öncələri bilmirəm, ancaq mənim uşaqlığımın düşdüyü 50-ci illərdə uşaqların dizlik tuman geyinməsi adi hal idi. O vaxtlar «şort» sözünü bilməyib «tuman» deyirik.

O vaxtkı azəri bilinci üçün şort uşaq geyimi idi. Ona görə də 26 Bakı Komissarından olan filmdə ingilislər şortda peyda olanda bu, gülüş doğurmuşdu. Ekranda ingilis hərbçilərinin belə göstərilməsi onların hərbçi kimi zəhmini azaltmaq, onları komikləşdirmək üçün idi – sənətşünaslar dərslərdə buna rejissor tapıntısı kimi göstərə bilərdilər.

70-ci illərdə azərbaycanlılar Bakı küçəsində şort geyinmiş yabançı görəndə nəsə özlərini narahat hiss edirdilər, ancaq gülmürdülər, özlərini görməməzliyə qoyurdular.

80-ci illərdə iki vəzifəli adamla ailəlikcə Bolqarıstana getmişdik. Axşam gəzintiyə çıxanda bir də gördüm ki, ikisi də şort geyinib. Gəzirdik və onların nə geyindiklərinin fərqində olduqları bütün yerişlərindən sezilirdi. Məni içimdə axmaq bir gülüş tutmuşdu.
...bizim camaat Vahabi şalvarlarına dözürlər, Avropa şortlarına isə yox.

Həmin illərdə bizdə də özlərini elit sayan bəzi adamlar başlamışdılar sanatoriyalarda şort geyməyə. Ancaq tez-tez milli qeyrət qoruyucularımız da onlara ayıb tuturdular ki, «burda arvad-uşaq var!».

Bir ağır qədeş sanatoriyada belə etməsini mənə fəxrlə danışanda dedim ki, qəribə adamsınız. Sanatoriyada yemək yeyəndə biri burnunu qurtdalasa, deməzsiniz elə etmə. Ancaq şortu deyirsiz. Bir az pərt oldu.

90-cı illərdən, day, çoxları evdə şort geyinirdi. Ancaq 2000-ci illərdən tabu pozuldu və gənclərin nə qədərisə ya şortda, ya briçdə (bric də deyirlər) küçələrə çıxmağa başladı.

Şortla bağlı ilginc mənalar

Mənim yaşımda adam bütün görünüşündən bilinsəydi ki, «bir dəyqiqəliyə» bayıra çıxıb, onun şortda çıxması başqalarına ayıb görünməz.

Soruşmağın gəlir: şortda kişinin şəhərə çıxmasını ayıb sayıb qınayanlar nədən çıxış edirlər? Ən gözəl fiquru olan oğlanın da şortun iri balaqlarından çıxan tüklü ayaqlarının erotik cazibəsi olmur ki, - çöp kimi çıxan ayaqda nə erotika?! - deyəsən, azərilər qızların oğlana baxanda korlamasından qorxurlar. Bu, bir məntiqsizlik.

Bəlkə, bizim camaat bütün şəhərin estetikasının qayğısına qalırlar ki, eybəcər ayaqlar küçələrin görünüşünü korlamasın? Ancaq belə adamların şəhərin estetikasının qayğısına qalmasına bir dənə də fakt yoxdur. Şəhərin təmizlənməsindən məmnuniyyətlə danışırlar, ancaq indi-indi küçələrdəki zibil qutusuna nəsə atırlar. Tum çırtlayanlar isə skamyada oturanda qabıqlar çevrələrində «gölməçə» yaradır.

Bir də nədən bu adamlar qızların, day, şortda gəzməsi ilə barışıblar, kişilərinsə, yox?!
Belə görünür ki, bizim camaatın şorta pis baxması kişi topuğunun çılpaqlaşmasına pis baxmaqdan gəlmir.
Həm də, axı, briçdə yalnız topuqlar bayırda qalır…Di gəl, bizim camaat Vahabi şalvarlarına dözürlər, Avropa şortlarına isə yox. Yeri gəldi, vahabilərin qısa balağına bir yozum verim. Hədis var ki, Peyğəmbər uzun balaqda gəzməyi pisləyir. Görünür, o zaman palçıqlı, tozlu mühitdə balaqların batıb murdarlanmasına görə Peyğəmbər belə buyurmuşdu. Bəs bunun - vahabi dostlara deyirəm, - asfaltlı şəhərə nə dəxli?!

Bir nəsnə də ilgincdir. Kişi şalvarını balağını qatlayıb beləcə dükana getsə, pis baxmazlar. Bəs, nədən briçdə getməyə pis baxırlar?

Belə görünür ki, bizim camaatın şorta pis baxması kişi topuğunun çılpaqlaşmasına pis baxmaqdan gəlmir. O, sadəcə, şort geyinmiş kişini nədənsə kişi ideyasına yaraşdırmır, o nədənsə «şort geyinmək» anlayışına pis baxıb hiddətlənir. Ancaq belə də ayıb olar?!

Buradan çıxan sonuc: ey şort geyinmiş adamlara pis baxan azəri! Bizim dekonstruksiya göstərir ki, sənin pis baxmağının səbəbi əxlaq və abır-həya deyil. Özünü aldatma! Sən hələlik anlamadığım səbəbdən yarı şalvar olan parçaya, - şorta nifrət edirsən.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Mövzu ilə bağlı şərhin varsa, buyur, aşağıda şərhlər bölməsinə yaz.

Şərhləri göstər

XS
SM
MD
LG