Keçid linkləri

İndiki Azərbaycan gəncliyi çox güman ki, A. Makareviçi tanımaz. Amma bir vaxt o rus və rusdilli gəncliyin kumiri idi.

O vaxt hələ yerli rok musiqiçiləri bir o qədər də çox deyildi. Üstəlik, rok musiqisi caz kimi sovet gerçəkliyilə uyuşmadığından bir o qədər də təqdir olunmurdu.

Amma o vaxt bir «Zaman maşını» (adını tərcümə edib yazıram) adlı qrup vardı və onun da lideri indi adını çəkdiyim A. Makareviç idi. Diskotekalar bu qrupsuz ötüşməzdi.

Bir az xarici musiqi «fırladandan» sonra bir də görürdün elan edirdilər: «İndi isə mehriban və əziz «Maşın...». Və başlayırdı...

Məni gəncliyə aparan bu etüd rok musiqisi üçün qəribsəməyim deyil. Şükür indi elə qruplar var ki, mən heç onların adını da bilmirəm. Məsələ başqa cürdür.

Bu yaxınlarda A.Makareviç böyük qastrol səfərinə çıxmışdı.

Özü də Rusiyaya. Qayıdandan sonra həmin bu müğənni – bəstəkar qələmə sarılıb prezidentə bir məktub yazıb.

Yox, o, ölkənin analoqsuz inkişafından vəcdə gəldiyini izhar etməyib.

Bu qətiyyən onun şakəri deyil. Makareviç ölkədəki korrupsiyanın vəziyyətindən dəhşətə gələrək prezidentə, bir daha deyirəm ki, böyük və açıq məktub ünvanlayıb.

.

Siz necə düşünürsünüz? Prezident nə edib? O da Makareviçin məktubunu oxuyub və ondan təvəqqe edib ki, belə bir məktubu biznes adamlarına da ünvanlasın, çünki prezidentin fikrincə onlar korrupsiyanın çiçəklənməsinə böyük töhfə verirlər. Qərəz, əsl «top atdı» oyunu baş verib. Amma bir fərq var. Makareviç «qara siyahı»ya salınmayıb, hökumətə yaxın qəzetlər də onu özünün «qəhrəman»ına çevirməyib. Sizcə bu azdırmı? Burada yadıma lap bu yaxın günlərdə qeyd olunan kino günü düşdü...

KİNO GÜNÜNÜ NİYƏ İKİ ÜNVANDA QEYD ETDİLƏR?

Etiraf edim ki, o gün böyük pərtlik yaranmışdı. Əvvəllər yeni Kinematoqraf İttifaqının yaradılmasını mən o qədər də ciddi qəbul etmirdim. Amma həmin gün başa düşdüm ki, hökumət bu məsələdə qətidir. Hətta tədbirdə belə bir cümlə də işlədildi: «az bir vaxtda yaradıldığına baxmayaraq...». Bu o demək idi ki, hökumət yeni yaranmış ittifaqı dəstəkləyir. Səbəbini da hamı bilir.

Di gəl, soruşsan ki, niyə belə oldu, çoxu buna cavab verməyə çətinlik çəkər. O səbəbdən ki, ortalıqda böyük bir cinayət yoxdur. Sadəcə, R.İbrahimbəyovun ölkədəki vəziyyətlə bağlı bir neçə tənqidi çıxışı olub. O da elə A.Makareviçin etdiyi kimi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını tənqid edib. Amma sən, gəl, reaksiyalara bax! Mən hələ onu demirəm ki, bəlkə də özünün sənət tutumuna görə R.İbrahimbəyov A.Makareviçdən qat-qat sanballı insandır.

Lakin bu insanı tamam təcrid etdilər, onun dediklərinə diqqət vermədilər və onu da «radikal müxalifət» cərgəsinə yazdılar. Əslində müxalifətdə olmaq böyük şərəfdir. Lakin bu hakimiyyətin ən yüksək təbəqəsinin fikrincə onlar, yəni müxalifət «naftalin qoxuyur», üstəlik heç bir təşkilat – filan deyillər və sadəcə «elementlər və ünsürlərdir»! Bəli, kimin adı bu cərgəyə yazılırsa onu artıq bu ölkədə heç bir perspektiv gözləmir. Yaradıcı insan üçün bundan da ağır zərbə ola bilərmi?

Güman etmirəm. İndi «Ziyalılar Forumu» müxalifətin rastlaşdığı münasibətdən ağır münasibətlə qarşılaşır. Amma mən əvvəldəcə dedim ki, bu insanlar sadəcə vətənpərvərlik göstərərək ölkədəki neqativ və xoşagəlməz hadisələrə münasibətlərini bildirirlər. Lakin prinsip yenə həmin prinsipdir: ya tərifləməlisən, ya da... Doğrudanmı, imkan tapıb bu insanlarla görüşmək və onların ölkədəki vəziyyətilə bağlı fikirlərini öyrənmək olmazdı?

KİÇİK SÖZARDI

Yazını Makareviçdən və onun məşhur rok qrupundan başladım. O vaxtlar o qrupun məşhur bir mahnısı vardı. Bir neçə sözü yadımda qalıb: «Budur o! Yeni döngə!...» . Bəli, mahnıda deyilirdi ki, yeni döngə gəlir və onun ardında nə olduğu bilinmir. Ölkə də, elə həyat da belə döngələrdən ibarətdir. Heç bir kəs bilmir ki, növbəti döngədə onu nə gözləyir...

Şərhləri göstər

XS
SM
MD
LG