Keçid linkləri

Yadıma gəlir, 80-ci illərin sonu və 90-cı illərin əvvəlində biz Baltikyanı ölkələrdə gedən prosesləri xüsusi diqqətlə izləyirdik. Bunun səbəbi təkcə o ölkələrin demokratikləşmə və müstəqilləşmə prosesində irəlidə olması və o biri ölkələri bir xeyli qabaqlaması deyildi, hərçənd ki, bu, faktor da vardı. Ən əsas səbəb bəlkə də bu üç respublikadakı proseslərin sanki bir mərkəzdən koordinasiya olunması və hətta idarə olunması idi. Belə sistemlilik bir neçə səbəbdən həsəd doğururdu. Birincisi, mərkəzlə – o vaxtkı SSRİ ilə mübarizə daha mütəşəkkil xarakter daşıyırdı. İkincisi, bu ölkələrin birgə fəaliyyəti ona gətirib çıxarırdı ki, onların ən kiçik addımları belə daha möhtəşəm forma və məzmun alırdı. Nəhayət, belə təsəvvür yaranırdı ki, dünya siyasətinə daha bir regional siyasi, iqtisadi və mədəni vahid daxil olur. Bunun siyasi mənası da elə təbii inteqrasiya və regionlaşma prosesi idi.

Bundan savayı daha iki istiqamətdə ciddi regionlaşma meyli gözlənirdi. Bunlardan biri Qafqaz, o birisi də Mərkəzi Asiya idi. Amma təəssüf ki, bu iki ünvanda regionlaşma və inteqrasiya prosesi alınmadı. Bunu daha yaxşı dərk etmək və əhəmiyyətini yetərincə hiss etmək üçün dünya siyasətinə ötəri nəzər salmaq lazımdır, biz o halda bir daha əmin olarıq ki, dünya təkcə ayrı-ayrı ölkələrdən deyil, həm də regionlardan ibarətdir.

DÜNYANIN QƏRİBƏ BÖLGÜSÜ

Dünya iyerarxik siyasi, iqtisadi və mədəni struktura malikdir. Biz inteqrasiya deyəndə onu ən qlobal miqyasda başa düşürük. Amma regional və bir də subregional inteqrasiya da heç də az əhəmiyyətli faktorlar deyildir. Özünüz bircə anlığa diqqət yetirin. Şimali Amerika, Cənubi Amerika, Avropa, Afrika, Yaxın və Orta Şərq, Uzaq Şərq, Cənub – Şərqi Asiya...

Bunların hamısı çox mühüm siyasi, iqtisadi və mədəni vahidlərdir. O bölgələrin təbii regional və subregional dəyərləri var. Məsələn, Cənubi Amerikanı götürün. Burada biz hətta siyasi hərəkatların inteqrasiyasını görürük. Avropadan danışmağa və bunu xüsusi qeyd etməyə dəyməz, çünki burada hər şey daha barizdir. Elə inteqrasiya dərəcəsi təsdiq olunub ki, hətta bütün Avropanı, yaxud da onun əsas hissəsini əhatə edən siyasi partiyalar mövcuddur. «Ərəb baharı»nın və ümumiyyətlə, ərəb ölkələrindəki proseslərin öyrənilməsi göstərdi ki, hətta o regionda siyasi qüvvələr bir ölkə hüdudlarında deyil, regional miqyaslarda təmsil olunublar. Söhbət təkcə transmilli partiyaların mövcudluğundan və yaxud transmilli şirkətlərin şəbəkəsindən getmir. Bu regionlarda ümumi və ortaq siyasi, mədəni dəyərlər var. Dünyanın belə kəsimlərini bir rakursda və ya bir ölçüdə nəzərdən keçirmək olmur, gərək, ya bütün regionu öyrənəsən, ya da ki, sənin tədqiqatın yarımçıq xarakter daşıyacaq. Bizim indi müşahidə etdiyimiz qloballaşma prosesləri əslində daha kiçik miqyaslı regionlaşmanı özündə ehtiva edir, onların birgə məcmusu kimi təzahür edir. Əvvəldə qeyd etdiyimiz regionun–Baltikyanı ölkələrin nümunəsində bunu görmək o qədər də çətin deyil, bu subregion daha bir böyük regionun–Avropanın bir hissəsi oldu.

«QAFQAZ EVİ» İDEYASI NİYƏ BAŞ TUTMADI?

Qayıdaq Qafqaza. Mədəni baxışlarda Qafqaz haqqında ümumi və ortaq dəyərlər bölgəsi kimi danışılsa da əslində bu bölgə regionlaşmadan o qədər də xəbər vermir. Əgər Qafqazın bir regionla siyasi, iqtisadi və mədəni vahid kimi formalaşmaq imkanı olsaydı indi buradakı etnik münaqişələr, ya da ərazi mübahisələri olmazdı və yaxud da bunlara çox az təsadüf olunardı.

«Buna bir neçə dəfə cəhd edilib» - demək azdır, əslində belə cəhdlər heç bir vaxt kəsilməyib. Mən indi əsrin ikinci on illiyindən danışmayacam. Son illər nəticə çıxarmaq üçün xeyli material verir. O vaxtlar azərbaycanlı, erməni və gürcü fəallarının təmaslarını qurmağa cəhd edilirdi, hətta dəfələrlə belə tipli görüşlər keçirilmişdi. Lakin ümumi dil tapmaq mümkün olmadı. Hətta Qərbi Avropada «ikinci plan diplomatiyası» adlanan üsuldan istifadə olunurdu, di gəl, bir nəticə hasil olmadı. Z. Gamsakhurdia
Ə. Elçibəyi «başa düşmür» və o da, yəni Elçibəy də L.Ter–Petrosyanı anlamırdı. Siyasi iyerarxiyanın bir qədər aşağı hissəsində təmsil olunanların isə səyləri heç bir nəticə vermirdi. Belə təsəvvür yaranmamalıdır ki, ciddi regionlaşma və inteqrasiya prosesi yalnız milli azadlıq hərəkatının liderlərinin bir-birini başa düşməməsi nəticəsində baş tutmadı.

Yox, belə deyil. Sonrakı dövrlərdə də bu, alınmadı. Hətta əvvəl bunun da günahını milli azadlıq hərəkatlarının adına yazmaq istədilər, lakin sonradan gördülər ki, belə deyil, çünki bu ölkələrdə təzədən hakimiyyətə və vəzifəyə gəlmiş keçmiş kommunistlərin də bu istiqamətdəki səyləri heç bir nəticə vermədi. Bir daha qeyd edirik ki, əgər bu alınsaydı, biz Qafqazla bağlı bir bütöv region kimi danışa bilsəydik, indi bölgədə tamam başqa mənzərə müşahidə edərdik. İndi isə Qafqaz sözün əsl mənasında İ. Krılovun məşhur təmsilini xatırladır – hərə Qafqazı bir tərəfə çəkir, kimi Rusiyaya, kimi Avropa tərəfə, kimi də Asiya səmtinə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG