Keçid linkləri

Etiraf edirəm ki, mən həmişə gürcülərə bir azca həsəd aparmışam. Qafqazın bu kiçikcə diyarı hər vaxt özünü Avropanın bir hissəsi tək aparıb. Bəzən elə olurdu ki, mənim həsədim absurd qərarlara və nəticələrə gətirib çıxarırdı. O vaxt, biz tələbə olarkən təhsil illərimizin bir yarısı yenidənqurma illərinin lap başlanğıcına təsadüf etmişdi. T. Abuladzenin bir filmi vardı – «Tövbə». Həmin filmi əvvəl buraxmaq istəməmişdilər. Amma sonradan deyilənə görə Mərkəzi Komitədə filmə baxış keçirilmiş və icazə verilmişdi. İndiki kim yadımdadır ki, bizim yataqxananın lap yaxınlığında yerləşən «Litva» kinoteatrında həmin filmi nümayiş etdirirdilər. Bütün tələbələr axışıb ora getmişdi. Mən getmədim, elə bil bir həsəd hissi məni boğurdu ki, niyə azərbaycanlı rejissorun yox, gürcü rejissorun filmini göstərirlər. Düzdür, sonradan həmin filmə baxdım, kinoya olan məhəbbətim üstün gəldi. Bilirsiniz, Gürcüstan o vaxt da qəribə ölkə idi.

Nə gizlədim, bizdə N. Musxeleşvili, İ. Vekua, R. Qamkrelidze kimi riyaziyyatçılar və yaxud da A. Taxvelidze kimi fizik yox idi. O insanlar mənim ixtisasıma bir qədər yaxın olduqları üçün onların adını çəkirəm, bəlkə başqalarını da qeyd etmək olardı. Məsələn, o vaxt harada M. Mamardaşvili kimi filosof vardı? Nə isə. İndi bütün gürcü alimlərinin adını sadalayası deyiləm ki!... İndi hamımız bir nəfər kimi fəxr edirik ki, V. Mustafazadə kimi həmyerlimiz var. Amma o da bir müddət Gürcüstanda çalışmışdı. İndisə bir aydınlıq gətirim, mən bunları nədən xatırladım? Bilirsiniz, Gürcüstan hətta indiki vəziyyətində belə insanı təəccübləndirməkdə davam edir. Bu il oktyabrın 1-də bu ölkədə parlament seçkisi keçiriləcək. Mən də o haqda yazmaq istəyirdim, amma hissiyyat azca məni uzaqlara apardı. İndi bu ölkədə iki böyük seçki bloku mübarizə aparır.

Hakimiyyəti «Vətəndaş hərəkatı», müxalifətisə «Gürcüstanın arzusu» təmsil edir. Təbii ki, parlament seçkisilə kimisə təəccübləndirmək çətindir. Amma düzgün və obyektiv parlament seçkisi ilə ən azı bizi təəccübləndirmək olar, çünki bizim təcrübəmizdə bu olmayıb. İndi mən iddia etmirəm ki, bu ölkədə ideal seçki keçiriləcək. M. Saakashvili də deyib ki, biz nəyin bahasına olursa-olsun seçkini udacağıq. N. Makiavellinin bir sözü var ki, məqsəd vasitəyə və üsullara bəraət qazandırır. Amma mən əmin deyiləm ki, Gürcüstanın dövlət və milli maraqları nəyin bahasına olursa–olsun hakim partiyanın qələbəsini tələb edir. Mən bu fikirdə deyiləm. Hətta onu da deyim ki, M.
Saakashvilinin o fikri – seçkini nəyin bahasına olursa–olsun udmaq əzmi azca ehtiyatlandırır.

Amma Saakashvilinin prezidentlik müddətində üç mühüm iş görüb.

M. SAAKAŞVİLİNİN ÜÇ ADDIMI

Mikheil Saakashvili

Mikheil Saakashvili

Mənə elə gəlir ki, onların sayı həqiqətən də üçdür. Birincisi, Saakashvili bəlli olduğu kimi korrupsiyanı hiss olunacaq dərəcədə buxovlayıb. Bunu onun keçmiş inqilab dostu – V. Yuşşenko Ukraynada edə bilmədi. Əgər etsəydi o da indi hakimiyyətdə qalardı. İkincisi, Saakashvili ölkənin iqtisadi yönümünü çox düzgün müəyyən edib – Gürcüstan turizm ölkəsi kimi inkişaf edə bilər. M. Saakashvili də bunun üçün hər şeyi edir.

Üçüncüsü, o, Gürcüstanı siyasi illüziyalardan xilas edib, ölkəni MDB-nin yedəyindən qurtarıb. Doğrusu, bu üçüncü məsələ bir qədər mübahisəlidir, çünki bəzən insanlar illüziyaları çox sevirlər. Parlament seçkisi düzgün keçirilsə gürcülərin ovqatı məlum olacaq və bilinəcək ki, onlar MDB ilə, yaxud MDB-siz yaşamaq arzusundadırlar. Bu məqamda gərək qeyd edim ki, müxalifətin lideri B. İvanişvili Rusiyaya loyal münasibətilə Saakaşvilidən fərqlənir... Hər halda, üç əsas məqam budur. Bu yerdə qeyd etməliyəm ki, İvanişvilinin də əsas seçki şüarı iqtisadiyyatdır. O, ölkənin sənayesini dirçəldəcəyi haqda gen-bol vədlər verir. Amma bunlar hələ hamısı deyil.

SAAKAŞVİLİNİ KİM ƏVƏZ ETMƏK ƏZMİNDƏDİR?

Maraqlıdır ki, B. İvanişvilinin siyasi ambisiyaları hələ ki, hökumətlə bağlıdır. O, ölkənin baş naziri olmaq arzusundadır. Prezidentliyə isə hələ ki, müxalif partiyalar başqa adamı – ölkənin BMT-də səfiri olmuş İ. Alasaniyanı görür.

İvanişvili başqa bir siyasətçini – N. Burcanadzeni də dirçəltmək əzmindədir.
Maraqlıdır ki, sonuncu bu parlament seçkisində namizədliyini verməyib. Gəl İvanişvili onunla da danışıqlar aparır. Siyasi vektorların təxmini sırası belə görünür. Parlament seçkisi bütün hallarda lakmus kağızı olacaq. Bir imtahan kimi bu seçkidən sonra Gürcüstanla bağlı çox ciddi nəticələr çıxarmaq mümkün olacaq. Hələlik isə seçkinin nəticələrini gözləmək lazım gəlir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG