Keçid linkləri

Təcili xəbərlər

Türkmənistan və Azərbaycan metamorfozları


Paytaxt Aşqabat
Paytaxt Aşqabat
Adamlar kimi avtoritar ölkələr də müxtəlif olur. Belarusun adı gələndə adam qeyri – ixtiyari olaraq qəzəblənir, Türkmənistandan söz düşəndə isə tək bir əlac qalır – əllərini yelləmək və gülmək. Bu, Türkmənistana olan sevgidən və rəğbətdən yaranmır, sadəcə çarəsizliyin etirafı kimi özünü büruzə verir. Əgər simpatiyaya qalsa Belarus bəlkə də daha çox rəğbət yaradır, çünki bu ölkə özünün gözəl insanları, xüsusən də gözəl qızları və gözəl paytaxtı ilə dərin iz qoyur yaddaşda. Mən burada ölkələrin insanlarını və xalqlarını müqayisə etmək istəməzdim, əslində insanlar hər yerdə eynidi, pisi də olur, yaxşısı da və yadda qalan da həmişə yaxşılıqlar olur. Lakin hələ tələbəlik illərindən bir detal qalıb yadımda və nə qədər çalışıramsa onu unuda bilmirəm. Mən tacik, türkmən, özbək, qazax, qırğız uşaqlarla tələbəlik illərində tanış olmuşam, o vaxta qədər belə imkanım olmayıb. Yadıma gəlir, onlar öz ölkələrindən söz düşəndə bir qədər sıxılırdılar. Bunu açıq – aşkar sezmək mümkün idi. Əgər gürcülərin dilində birinci söz Gürcüstan idisə, Mərkəzi Asiyadan olanlar bir qədər başqa cür davranırdılar, öz ölkələrini xatırlamamağa üstünlük verir və daha çox böyük insan kütləsi içində əriyib yox olmağa çalışırdılar. Bəli, indi keçmiş «homo sovetikus»ların hamısı azad olub. Amma yenə də fərq qalır, çünki hərə bir növ azaddır. Kiməsə bu azadlıq öz ölkəsində yaşayıb-işləmək üçün nəsə verir, kiməsə də yalnız ölkəsini tərk etmək imkanı yaradır. Mənim bu sətirləri yazmaqda məqsədim var, onları elə – belə, söz gəlişi üçün yazıb sətir artırmaq fikrində deyiləm. Bu yaxınlarda Türkmənistandan çox maraqlı xəbər eşitdim. Bəlli oldu ki, bu ölkə də çoxpartiyalı sistemə keçir. İnanılası deyil, elə deyilmi? Amma dünyada nələr olmur?

TÜRKMƏNİSTANDA ARTIQ İKİ PARTİYA VAR...

Bəli, partiyaların sayı iki dəfə artıb, düz iki partiya olub. Əvvəllər ölkəni əski kommunist partiyası idarə edirdi. Müstəqillikdən sonra bu partiya əsasında ölkənin yeganə və hakim partiyası – Türkmənistan Demokrat Partiyası təsis edildi. Bu yaxınlarda isə ölkə prezidenti daha bir partiyanın yaradılması ilə bağlı göstəriş verdi və dərhal da ikinci partiya təsis edildi. İndi artıq bu ölkə 2013-cü ildəki parlament seçkisinə iki partiya ilə gedəcək. Nə demək olar?

Əvvəl yazdığım qeydlərdən belə təəssürat formalaşa bilərdi ki, özümüzü bir qədər irəlidə görür və irəlidə hiss edirəm. Amma reallıqda belədirmi? Əsla!

Türkmənistanda ikinci partiyanın yaradılmasını eşidəndə ağlıma gələn elə o oldu ki, bizdə bu partiyalardan onlarla var, gündə birini təsis edir və yaxud da ki, bağlayırlar. Nəsə dəyişirmi? Görünür, Mərkəzi Asiyada hətta azadlığın və demokratiyanın imitasiyasından da ehtiyat edirlər. Elə İ. Əliyev də bu cür edir. Atası heç olmasa demokratiyanın imitasiyasına önəm verirdi. Oğul isə bundan da ehtiyatlanır. Görünür, G. Berdymukhammedov da darıxdığından bu addımı atır. Yəqin istəyir ki, başqa prezidentlər kimi onun da müxalifəti, bir neçə partiyası olsun. Bir neçə ay bundan əvvəl G. Berdymukhammedovun öz konsertini təşkil etməsi haqda yazmışdıq. Yenə deyirəm ki, o vaxt belə fikir yarana bilərdi ki, biz özümüzü çox irəlidə görürük. Amma vəziyyətimiz tam eynidir. Düzdür, Azərbaycan prezidenti özü mahnı oxumur, amma müğənni kürəkəninin əlindən efirdə dinclik yoxdur. Bu da elə Azərbaycan reallığıdır və bizim türkmənlərdən bir fərqimiz var ki, biz hələ ki, bu reallığı dilə gətirib söyləyə bilirik. Hələ ki... Çox vaxt isə dediklərimiz və yazdıqlarımız bumeranq olub özümüzə dəyir və getdikcə bundan qorunmaq, sığortalanmaq da çətin olur. Amma nə etmək olar? Burada mənim yadıma bir Amerika filmi düşür.

Filmin qəhrəmanı deyir ki, mən, heç olmasa, buna cəhd etdim... Azərbaycan digər avtoritar ölkələrdən məhz bununla fərqlənir–insanlar cəhd edirlər. Ola bilsin, kimsə yorulur, geri çəkilir, amma onun əvəzinə mütləq başqası gəlir və o, bu ölkədəki üsul – idarə haqda öz fikrini deyir...

KİÇİK SÖZARDI

Mən heç vaxt o fikirlə barışmamışam ki, xalqlar öz hökumətlərinə layiqdir.
Ən azı ona görə ki, bir Koreya xalqı iki dövlətlə təmsil olunub. Onlar həmin dövlətlərdən hansına layiqdirlər? Amma hər kəs öz məsuliyyətini də inkar etməməlidir. Hər halda, mövcud siyasi üsul – idarədə bizim hər birimizin öz payı var. Kiminin az, kiminin isə çox... Amma hamının öz payı var...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG