Keçid linkləri

Təcili xəbərlər

İlham Əliyev 2013-cü ilə hansı ehtiyatla gedir?


İlham Əliyev
İlham Əliyev
2013-cü ilin prezident seçkisindən bizi bir ildən artıq vaxt ayırsa da artıq mövzu siyasi gündəmə gəlib. Amma 13 çox mübahisəli ədəddir.

Ola bilsin, bu və yaxud qeyri bir səbəbdən artıq ölkə müxalifəti özünün əsas siyasi hədəfitək ikidəfəlik məhdudiyyətə qayıtmağı, ya da İ. Əliyevin üçüncü dəfə namizəd olmasının qarşısını almağı seçib. Amma o da var ki, çoxdandır ölkədə siyasi ab-havanı müxalifətin bəyanatları deyil, öz həmvətənlərinin getdikcə təsəvvür etməyə belə çətinlik çəkdiyi dərəcədə varlanmış hakimiyyəti ovqatı sifariş edir. Fəqət, bu yerdə mən deyəsən, bir qədər qeyri-dəqiqliyə yol verdim, çünki ölkəni öyrənən, onun siyasi atmosferini müəyyən edən adamlar etiraf edir ki, onlar üçün ən çətin məsələ məhz hakimiyyət sözünün mənasını açmaqdır. Hakimiyyət və idarəçilik necə həyata keçirilir? Qərarlar harada qəbul olunur? Hakimiyyətin özü kimlərin timsalında təcəssüm edir?

Təəccüblənməyin, bu suallar, həm də unutduğumuz başqa məchul məqamlar 9 ildir hətta özünü siyasi təhlildə «bişmiş» hesab edən analitikləri belə çaş-baş salır. Məsələ bundadır ki, o məqamlar ki, bizim üçün maraq kəsb edir, onlar çox əhəmiyyətli dərəcədə birinci şəxsin psixoloji keyfiyyətlərindən asılıdır. Fikriniz, ABŞ-a, yaxud da başqa bir demokratik dövlətə getməsin. ABŞ-ın siyasi sistemi üçün kimin Ağ Evdə söz sahibi olmasının elə də əhəmiyyəti yoxdur, B. Obama ilə G. Bush arasındakı incə fərqləri yalnız onlarla hər gün təmasda olan məmurlar hiss edə bilər. Amma qayıdaq bizim sualımıza. Bu gün Azərbaycanda hakimiyyət deyəndə kim və ya hansı qrup nəzərdə tutulur? Bəlkə bu YAP-dır? Yaxud məmurlardır?

ÖLKƏNİ KİM İDARƏ EDİR?

Bəli, gəlin biz etiraf edək ki, ölkəni Ə. Əhmədovun və yaxud S. Novruzovun idarə etdiyini ehtimal etmək absurd olardı. Bəs onda kim? Bəlkə məmurlar?
Ölkədə iki güclü məmur var – R. Mehdiyev və K. Heydərov. Onların biri hələ ki, güclü siyasi «rıçaq»lara, o biri isə böyük iqtisadi imkanlara malikdir. Amma onların prezident ilə epizodik təmaslarına tamaşa edəndə adamın ağlından bir fikir keçir – mən onların yerində olmaq istəməzdim... Bu iki adam böyük inzibati və iqtisadi resurslara malik olsa da onlara etibar edilmir. Bəs kimlər etibar etmir? Burada mən ölkədə formalaşmış hakimiyyət nüvəsinin adını qeyd etməyə bilmərəm – Əliyevlər ailəsi... Dünən mən L. Əliyevanın tədbiri ilə bağlı reportajlara baxırdım. Təsəvvür edin, özünü müxalifət və medianın qarşısında böyük səlahiyyət sahibi kimi təqdim edən Ə. Həsənov lap məktəb şagirdləri öz müəllimlərinə əl çalan kimi L. Əliyevanın çıxışına əl çalırdı. O, tək deyildi, ölkənin əsas dövlətlərdən birindəki – Rusiyadakı səfiri bəstəkar P. Bülbüloğlu da bu cərgədə idi. Xatırladım ki, L. Əliyeva H. Əliyev Fondunun Rusiya filialının başçısıdır. Bəli, adi bir ictimai təşkilatın... Mən bu epizodun üstündə elə-belə dayanmadım. Birmənalı şəkildə demək olar ki, ölkədə və hətta onun hüdudlarından kənarda təbliğ olunmaq yalnız və yalnız Əliyevlər ailəsinin üzvlərinin imtiyazına çevrilib. Ona görə də mən yazının başlığına çıxarılmış suala birmənalı şəkildə cavab verərdim – İ. Əliyev yalnız ailəsinin potensialına arxalanır və yalnız onlara etibar edir. Ona görə də utopik olsa belə bir anlığa 2013-cü ildə hakimiyyətin «rokirovkas»ını təsəvvür etsək, o halda demək olar ki, «Azərbaycanın Medvedevi»ni kənarda axtarmaq lazım deyil. «Medvedev rolu»na yalnız ailədən iddia edə bilərlər. Mən bunu utopik variant adlandırdım, çünki düşünürəm, İ. Əliyev özünü V. Putin kimi əziyyətə salmaq fikrində deyil, onun özünə Medvedev axtarmaq həvəsi yoxdur.

İ. ƏLİYEVİN V. PUTİNDƏN BİR FƏRQİ

V. Putinin dostları var. O, onları itirməkdən ehtiyat edir. Müəyyən məqamda o hətta dostlarının da maraqlarını nəzərə alır. Lakin İ. Əliyevin dostu yoxdur. Mən bunu da təsadüfi hesab etmirəm. Bu, bəlkə də H. Əliyevin ona aşıladığı keyfiyyətlərdən biridir. Yadıma gəlir ki, bir dəfə bir film göstərirdilər. Orada həm E. Shevarnadzeni (Şevarnadze), həm də H. Əliyevi danışdırırdılar. Hər ikisindən belə bir sual soruşdular ki, dostunuz varmı? E. Şevarnadze dedi ki, var və indi də onlarla əlaqə saxlayır. Amma H. Əliyev dedi ki, yoxdur... Mən bunu başqa bir filmdə səslənən fikrin kontekstində başa düşdüm. Digər filmdə H. Əliyevin etirafı bu oldu ki, bütün həyatını siyasətə tabe edib. Bəli, tam siyasətə tabe etdirilmiş həyat. Bu həyat yəqin diktə edir ki, yüz dostun olmasın, amma bir aylıq hakimiyyətin olsun, çünki sən istədiyin vaxt bu hakimiyyət dost nədir, sənə min xidmətçi qazandıra bilər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG