Keçid linkləri

SİYASƏTDƏ YENİ ADAMLARA KİM MANE OLUR?

Çox vaxt deyirlər ki, siyasətdə romantika dövrü bitib. Amma siyasətin çətin keçid dövrlərində, əhəmiyyətli dönəmlərində bəzən elə olur ki, romantikanı realizmdən seçib ayırmaq o qədər də asan olmur. O dövrlərdə siyasətin özü yaranır və ona görə də bu dövrün siyasətçilərindən bir az fərqli keyfiyyətlər tələb olunur. Bir neçə gün bundan irəli Rusiyada etiraz aksiyası oldu. Rəsmi orqanlar yürüşdə 11, müxalifətin özü isə 100 min nəfərin iştirak etdiyini dedi və beləcə bu dəfə də kəmiyyət mübahisə predmeti oldu. Mən ədədlərin elə də fərqinə varmıram. Düşünürəm, əsas neçə nəfərin iştirakı deyil, insanların etirazıdır. Məni sadəcə bir məsələ düşündürür ki, etirazın liderləri bir qədər rusiyalıları və hətta xarici müşahidəçiləri yormuş adamlardır. Zira bu onların günahıdır, yoxsa Rusiya cəmiyyətinin? Mənə elə gəlir ki, cəmiyyət öz siyasi qısırlığını başqa bəhanələrlə ört-basdır etməyə çalışır. Bu problem bizim Azərbaycanın özündə də yaşanır. Deyirlər, filankəslər bizi yorub. Nə demək olar? Buyurun, başqalarını təqdim edin. Biz burada iki amillə rastlaşırıq. Biri cəmiyyətin öz ətaləti və tənbəlliyidir, digəri isə bəzi siyasətçilərin inadkarlığı. Mən bu inadı qeyri ölkələrin təcrübəsində də görmüşəm. Qonşu Türkiyədə S. Dəmirəl, İtaliyada S. Berlusconi’ni qeyd etmək olar. S. Dəmirəl çox inadkar siyasətçi idi, siyasət olimpinin zirvəsinə qədər addımladı. Başqalarına mane olurdumu? Təbii, demokratik siyasətin yol verdiyi qədər, rəqabət mühitinin imkan verdiyi və sivil qaydalarla tənzimlədiyi qədər. Mənə elə gəlir, Türkiyə siyasətində indi rəqabət daha gərgin keçir, siyasətçilər bəzən «qurşaqdan aşağı» kəskin zərbələr də alırlar. Yəni dediyim odur ki, demokratik şəraitdə kiminsə siyasi inkişafının qarşısını almaq o qədər də asan olmur. Bəzən bu hakimiyyətlər ona nail olur ki, siyasi mühit hədsiz dərəcədə ağır olur, xalis cəngəlliyi xatırladır və belə şəraitdə yalnız ən inadkarlar siyasətdə qala bilir. Azərbaycanda o mühit 1993-cü ildən, Rusiyada isə V. Putin’in hakimiyyətə gəlişindən sonra bərqərar olub. Cəmiyyətsə bunun səbəbini hakimiyyətdə, real siyasi sistem çərçivəsində görmür, günahları və ya təqsiri müxalifətdə axtarır. İndi Rusiyanı seyr edəndə elə təsəvvür yaranır ki, B. Nemtsov, yaxud başqası siyasəti bir neçə illiyə icarəyə götürüb. Lakin belə deyil. Bu, sadəcə zahiri görüntü ola bilər. Səbəblərin kökü dərindədir.

DƏYƏNƏK KİMİ SEÇİR?

Bəzən şərait çox şeyləri dəyişir, o cümlədən də elə siyasi münasibətləri də.

Böyük despotizm təcrübəsi, bu təcrübənin cəmiyyətə aşıladığı vərdişlər yeni siyasətçilərin meydana gəlişi üçün zəmin qoymur. Dəyənək intellektualları yox, necə deyərlər, kəlləsinin «möhkəmlik əmsalı» böyük olanları irəli verir və onları seçir. Belə vəziyyət intellektual siyasətçilərdən əlavə keyfiyyətlər tələb edir. Yeganə situasiyadır ki, mən bu situasiyada bir fikirlə razılaşıram: siyasət nəcib qızlar üçün deyil, necə deyərlər, o, nəcib qızlar klubu deyil. O ki qaldı digər situasiyalara, mən siyasətdə etik dəyərlərə böyük məzmun və önəm verməyin tərəfdarıyam. Əslində bir qədər əvvəl dediyim fikrə aydınlıq gətirmək o qədər də çətin deyil. «Əlavə keyfiyyətlər» nədir? O, dözüm, inad və iradə deməkdi. Burada yadıma başqa bir fikir düşür. Ə. Elçibəy deyirdi ki, «həbsdə olmayan siyasətçi qızılca çıxartmayan uşaq kimidir». Təbii ki, bu fikri absurda qədər inkişaf etdirməyin mənası yoxdur, söhbətin hansı və nə kimi xüsusiyyətlərə malik rejimlərdən getdiyi aydındır. Bir dəfə söhbət zamanı bir nəfər dedi ki, «xarici ölkələrdə həbsdə olmağa nə var ki? CAR–da mənim nəinki N. Mandela kimi 27, hətta lap 37 il də həbsdə qalmağa gücüm çatardı». Ona heç nə demədim, çünki N. Mandela’nın məhbəs həyatından bəzi detallar mənə məlum idi və elə o cümlədən də onun həbsxana zibilliyində eşələnib qəzet parçaları axtarması da. Bəs bunu niyə deyirəm? Həbsxana hər yerdə həbsxanadır. Sadəcə siyasi fəallar nəzərə almalıdır ki, qeyri-demokratik rejimlərdə onları belə aqibət də gözləyə bilər. Bunu siyasətin məntiqi iddia edir, mən yox. Qeyri- demokratik rejimlərdə zorakılığa qarşı fiziki dözümün olmalıdır. Mən siyasətdə elə adamlar tanıyıram ki, azacıq riskli aksiyalarda heç vaxt iştirak etmirlər. Elə adamlar siyasətdə ikinci, yaxud üçüncü pillədə yer tutar, amma heç bir vaxt birinci ola bilməz... Birinci olmaq adamdan çox keyfiyyətlər tələb edir. Bu adamlar hətta birinci pilləyə adlasalar belə bunun nəticəsi olmayacaq, bu, praktiki nəticə verməyəcək, çünki bəzi halda çətin siyasi qərarların qəbulu adamdan həm də cəsarət tələb edir.

M. QANDHİ’NİN ZORSUZ MÜQAVİMƏT TƏLİMİ

Qandhi (Qandi) haqqında bir film var və həmin film onun haqqında yazılanlardan heç də az şey demir. Bir çox adamlara elə gəlir, Qandhi zora qarşı, ümumiyyətlə müqavimət göstərməməyi tövsiyə edirdi. Amma belə deyil. Təsəvvür edin ki, insanlar oturaq aksiya keçirir, polis onlara hücum edir, dəyənəklər işə düşür amma heç kim yerindən tərpənmir. Çox primitiv halda Qandhi’nin müqavimət üsulunu belə təsvir etmək olar. Əslində bu üsul insandan daha artıq dözüm və iradə tələb edir və bir daha əmin olursan ki, dözüm, iradə olmayan yerdə heç nə alınmır, o cümlədən də siyasət...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG