Keçid linkləri

Siyasət mədəniyyətlə məhdudlaşanda


Rəşid Şərifin karikaturası

Rəşid Şərifin karikaturası

Siyasi mədəniyyət haqqında ilk anlayışlar 18-ci əsrə gedib çıxır. İlk dəfə bu haqda alman filosofu J. Herder’in yazdığı güman edilir. İnsanlar tədricən belə qənaətə gəlirdilər ki, mədəniyyət təkcə qanunlar üçün bazis rolunu oynamır. O həm də hakimiyyəti və siyasəti məhdudlaşdıran bir vasitədir. Mədəniyyət və qanun arakəsmə yaradır və insanın fəaliyyəti bu arakəsmə hüdudlarında baş verir – bütün hərəkətləri aşağıdan mədəniyyət, yuxarıdan isə qanunlar tənzimləyir. Bu sərhədlərdən hər birinin pozulması cəmiyyətin sanksiyasına gətirib çıxarır. Mənim burada siyasi mədəniyyət anlayışının dərinliklərinə və incəliklərinə varmaq fikrim yoxdur. Bircə onu demək istəyirəm ki, müxtəlif siyasi sistemlərin müqayisəli təhlili həmişə maraqlı faktlar üzə çıxarır. Bunu elə bu günümüzdə də hiss etmək mümkündür. Bir dəfə Avropa dəyərlərilə bağlı yazı yazmışdım. O, dəyərlərdən biri də məsuliyyət hesab olunur. Məni bu yazını yazmağa işgəncə faktlarına görə gürcüstanlı nazirin istefası vadar etdi. Bəli, Gürcüstan bəzi parametrlərə görə Avropaya bənzəməyə başlayır.

Dərhal deyə bilərsiniz ki, Gürcüstan Avropaya bənzəsəydi orada işgəncələr olmazdı. Razıyam. Amma qismən. Məsələ bundadır ki, belə hallara hətta ən demokratik ölkələrin praktikasında da təsadüf edilir. O haqda çoxlu yazılar və hətta filmlər var. Fərq isə onda təzahür edir ki, bu cür faktlar aşkarlananda cəmiyyətin və siyasətçilərin buna münasibəti necə olur. Elə cəmiyyətlər və ölkələr var ki, bu haqda susur. Elələri də var ki, buna çox dözümsüz yanaşır və onu qətiyyətlə pisləyir. Bilirsiniz siyasətçilər hər bir məsələyə cəmiyyətin reaksiyasını proqnozlaşdırmağa çalışırlar. Və bu reaksiyanın özü cəmiyyət və ölkələrin fərqini üzə çıxarır. Bir detal heç vaxt yadımdan çıxmır. Bir neçə ilə bundan əvvəl həbsxanalar haqda bir yazıya münasibət bildirərkən bir nəfər demişdi ki, həbsxanaları elə təsvir edirlər ki, adam yayda ailəsini götürüb ora dincəlməyə getmək istəyir! Həqiqətdə isə belədirmi? Əlbəttə ki, yox. Mən əminəm ki, Azərbaycanda belə bir işgəncə faktları gizli kameraya çəkilib nümayiş etdirilsəydi, bu heç də böyük reaksiya doğurmayacaqdı. Nə üçün mən belə düşünürəm?

NƏ İSTEFA VERƏN OLDU, NƏ DƏ...

Yəqin H. Məmmədov olayı hamının yadındadır. Normal dövlət üçün qəbahət sayıla biləcək bir hadisə baş vermişdi. Cinayətkarları kənarda axtararkən və ölkədə hüquqi dövlətin bərqərar olduğunu iddia edərkən məlum oldu ki, elə cinayətkarları təqib edən və hüquqi dövləti təmin etməli olan strukturun öz içində böyük cinayətlərlə məşğul olan adamlar var. Mən indi bu məsələnin təfərrüatlarına varmayacam, buna ehtiyac yoxdur. O vaxt yüksək səviyyəli istefalar gözlənirdi. Lakin bu, baş vermədi. Təbii ki, Gürcüstanda baş verən olayı oktyabrın 1-də olacaq parlament seçkisinin də ayağına yazmaq olar.
Ola bilər. Lakin elə hakimiyyətlər var ki, nə seçki vaxtı, nə də bir başqa vaxt özlərində belə bir məsuliyyət və təpər hiss etmirlər. Adama bəzən belə gəlir ki, bu cür hakimiyyətlər istənilən situasiyada özlərinə bəraət qazandıra bilər və heç bir məsuliyyət hiss etmədən fəaliyyətlərini davam etdirə bilərlər. Elə praktikada belə də olur. Əvvəldə Avropanın siyasi dəyərləri haqda çox kiçik bir qeyd etdim. Siyasətdə cəza təkcə məsuliyyətə cəlb edilmək formasında olmur. Siyasətçi öz cəzasını bəzən istefa vermək formasında reallaşdırır və bu, nəinki Avropa, hətta dünya praktikasında geniş yayılmış bir haldır. Hətta bəzən elə olur ki, siyasət adamı istefa verməklə də, necə deyərlər, öz canını məsuliyyətdən qurtara bilmir.

SİYASİ KOMANDA HİSSİ

Bəzən bizə elə gəlir ki, cinayətə meylli insanlar təkcə üçüncü ölkələrdə cəm olublar. Lakin belə deyil, bu cür insanlar hər yerdə var. Bəzən də düşünürük yalnız bizim bəxtimizə bu qədər pis siyasətçilər düşüb. Bu da doğru deyil. O ki qaldı, gürcüstanlı nazirin istefasına, burada mən həm də siyasi komanda hissi və məsuliyyəti görürəm. Bir daha qeyd etmək istəyirəm ki, belə faktın seçki ərəfəsində açıqlanması bütün hakim siyasi komandaya böyük zərbə ola bilərdi və M. Saakashvili’nin həmin adama bəraət qazandırmağa çalışması onun seçki blokunun elektoratının biri hissəsinin itirilməsi ilə nəticələnərdi.

Burada konkret siyasi maraqlar da var. Amma bunsuz mümkündürmü? Heç bir yerdə siyasətçilər tək idealist prinsiplərin diktəsi ilə hərəkət etmirlər, bir çox hallarda onlar bunu etməyə məcbur olurlar. Lakin elə ölkələr də var ki, orada siyasətçilər hətta öz maraqları naminə belə bunu etmirlər. Səbəbi də budur ki, onlar cəmiyyətin sanksiyasından azaddırlar, onun qarşısında kiçik də olsa cavabdehlik hissi duymurlar və ictimai rəyi nəzərə almırlar. Burada siyasi komanda hissi daha çox cinayətkar aləmə xas olan çalarlar kəsb edir. Mafiya hər şeyi bağışlayır, təkcə özünə xəyanətdən savayı...

Şərhləri göstər

XS
SM
MD
LG