Keçid linkləri

-
SİYASƏTİN İKİ QAVRAYIŞ TİPİ

İndiki gənclər bunu bilməz, ötən yüzilin 90-cı illərində «siyasət oyundur» dedisi bilgəlik, yəni müdriklik düsturu kimi qavranılırdı. Ona görə də, hər yerindən duran həmin formulanı söyləyəndə işarət verirdi ki, mən ağıllıyam. İşarəni alan isə o çağın «oyun qaydasına» görə razılaşmalıydı ki, bu kişinin dünya gizlilərindən xəbəri var.

Düşüncə tarixində qəribə dəbərmələr, dəyişmələr olur. Bəs nə baş verdi ki, «siyasət oyundur» deyimi dəbdən çıxdı? Adamlarmı ağıllandı, ağızlarmı deməkdən yoruldu?!

Bir an sonra Bəşər Əsədin taleyi ilə bağlı düşüncələrimi yazacam, hələliksə giriş sözünü davam edim. Siyasi olayların qavrayışı ilə bağlı bizlərdə adi adamlar kimi iki «kod» var, ikisi də əyər-əskiklidir. Biri fasadda, vitrində, üzdə görünənlərə baxanda arxada, gizlində nələr baş verdiyini düşünmədən baxmağımızdır. O birisi də «siyasət oyundur» düsturunda «oyun»u fırıldaq, saxtakarlıq kimi anlamağımızdır.

NƏ CÜR MƏSLƏHƏTLƏR OLUR?

Məsələn, Ramil Səfərovun əfvi ilə bağlı çoxumuzun qavrayışı belədir ki, Prezident istədi, qələmi alıb qol çəkdi. Mən heç öz hüquqçularımızla məsləhətləşmələri demirəm. Axı, Avropa Şurasında, Avropa Birliyində, ABŞ və başqa önəmli mərkəzlərdə də nüfuzlu «yaxın dostlar» var ki, «belə etsək, nə edərlər» sorusuna cavabən məsləhət üçün hazır durublar. Biz nəzərə almırıq ki, dünyanın önəmli mərkəzlərində filan qədər bilgili, ilişgili adamların çörəyi ondan çıxır ki, yerdə qalan dünyanın pullu və vəzifəli adamları ilə «dostluq» edirlər ki, lobbiçilik və ya konsultantlıq etsinlər.

TARİXDƏN BU GÜNƏ NECƏ OLUB?

Bu hal dünyanın əski qaydasıdır. Əhməd bəy Ağaoğlu yazırdı ki, İranda hər böyük məqam sahibinin ətrafında iki cür tüfeyli dəstə fırlanırdı. Onlardan biri məqam sahibi hara getsə, dalına düşüb böyük izdiham, yığnaq effekti yaradırdı. İranda belənçi qələbəlik nə qədər böyük olurdusa, məqam sahibi də Islam Karimov və Nursultan Nazarbaev

Islam Karimov və Nursultan Nazarbaev

o nisbətdə əzəmətli görünürdü. Bu dəstə məqam sahibindən heç bir maaş-filan almırdı. Ancaq böyük adama mənsubiyyətləri onlar üçün dolanışıq qaynağı olurdu.

O biri dəstə münşilər, mirzələrdi. Bunlar əli qələmli-kağızlı adamlardı, mənsəb sahibinin hər yerdə ardına düşüb gəzirdilər. Mənsəb sahibi istənilən yerdə divan qururdu, bunlar yazırdılar. Bunlar da ondan-bundan qopardıqları bəxşişlərlə dolanırdılar.

İndi dünya dəyişib. Ancaq Batıda siyasi liderlərin çevrəsində min cür adam var ki, yaxşı qonorara Qazaxıstan, Özbəkistan kimi ölkələrə yaxşı məsləhətlər verməyə hazırdırlar. Yerdə qalan dünyadan «siyasi məhbusları hələlik buraxmasaq, nə olar», «Avropa sanksiyalarını saymasaq, nə olar» kimi suallarla çıxan çox müştəri olduğu üçün də Batı lobbiçilərinin, məsləhətçilərinin seçmək imkanı var. Ona görə də, hər ləkəsi olan dövlət adamı ilə kontakta girmirlər. Ləkəlilər müştərisi az olana yol tapırlar, ancaq belələrinin məsləhəti də keyfiyyətsiz olur. Ümid edək ki, bizimkilər keyfiyyətli məsləhətçilərlə işləyirlər və daha çox Ramil Səfərovun əfvi kimi gərəkli məsələlərlə bağlı informasiya alırlar.

KEÇƏK BƏŞƏR ƏSƏDƏ

İndi, Bəşər Əsədin də hərəkətlərini qavrayanda, bütün bunları gözə alanda, bəzi arxa planları modelləşdirmək olur. Sözsüz, onun da çoxlu köhnə dostları olub ki, yanlış-doğru məsləhətlər veriblər və verirlər. Sözsüz, indi də Batıda yeni adamlar var ki, Bəşər Əsədlə və ya adamları ilə ilişgi qurub yaxşı pulla nələrdəsə yardımçı olmağı təklif edirlər.

Biz Türkiyə, ABŞ, Avropa və Suriya, İran ilişgilərinin üzünü görürük və heç ağlımıza da gəlmir ki, arxa planda nələr baş verir. Məsələn, o baş verir ki, Əsədin vaxtı ilə ürək dostu olmuş filan amerikalı diplomat ona nə etməyin məsləhətini verir, nəyisə çatdırır, İran tərəfi isə sonra bu məsləhəti ya puça çıxarır, ya da çıxarmır.

Üzdə görünənlər bizdə təəccüb yaradır ki, bu Əsəd nə tərs və ürəkli adamdır. Sünni ərəb çevrəsi, Güclü Batı, Türkiyə onu məngənəyə salıblar. O isə dirəşir ki, dirəşir. Axı, bütün oyunlarda, bütün savaşlarda yaxşılıqla təslim olmaq imkanı var, bu isə ağlı yoxdur, ya nədir? Dmitry Medvedev və Bashar al-Assad, 11 may 2010

Dmitry Medvedev və Bashar al-Assad, 11 may 2010

Dirəşə-dirəşə bütün körpüləri yandırır. Niyə təslim olmur və ya aradan çıxıb qaçmır? Nəyə ümid edir?

SİYASİ DOSTLARDAN AMANSIZ NƏSNƏLƏR

Güman ki Bəşər Əsəd çoxdan çıxıb İranda, Rusiyada və başqa «dost» ölkədə sığınacaq tapardı. Ancaq məncə, Əsəd öz siyasətinin girovuna çevrilib. Yəqin ki, İran sığınacaq vermir və ona şərt qoyur ki, davam et. Yəqin ki, Rusiya da, Çin də elə edirlər. Ona görə də, getməyə yeri olmadığı üçün getmir. İndi Bəşər Əsəd gözləməlidir, haçan komanda gələcək ki, Suriyanı tərk edə bilərsən. Onacansa «oyun qaydası» belədir: davam et!

Bəs gələcəkdə nə ola bilər? Ola bilər ki, İran, Rusiya Qərblə gələcək danışıqlarda Əsədi bahalı nəsnə kimi satıb əvəzində hansısa güzəşti alsın. Ola bilər ki, Əsədin başına Qəddafinin başına gələnlər gəlsin… Ola bilsin ki.., ola bilsin ki… Hər halda Əsədlər öz indiki siyasətlərini quranda gələcək «ola bilsinləri də» hesablamalıdırlar. Bu isə çox çətin oyundur. Siyasət, bax, bu mənada oyundur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG