Keçid linkləri

-

Facebook səhifələrin saxta «like»larını pozmağa başlayıb. BBC müstəqil informasiya mənbəyi olan Pagedata-nın məlumatına əsasən yazır ki, Facebook-da ən çox «like» qazanan səhifələr çərşənbə günü göstəricilərinin çoxunu itiriblər.

İSTİFADƏÇİLƏRİN 8.7%-İ «REAL» DEYİL

Facebook sosial şəbəkəsi bundan əvvəl etiraf edib ki, istifadəçilərinin 8.7%-i «real» deyil, spamçılar tərəfindən yaradılıb və məqsəd də səhifələrin populyarlığını süni şəkildə artırmaqdır.

Bu məsələ Facebook üçün problem yaradır, çünki şəbəkə reklam xidmətini genişləndirmək istəyir. Reklam Facebook-da əsas gəlir mənbəyidir.

Avqustda yerləşdirilmiş bloqda Facebook yazırdı: «Like doğrudan da səhifə ilə əlaqə yaratmaq istəyəndən gəlmirsə, heç kəsə xeyri yoxdur».

Facebook-da texnologiya xəbər saytı olan The Verge qeyd edir ki, FB-da çox məşhur səhifələrin istifadəçiləri birdən-birə kəskin azalıb.

GÜNƏ 96,317 «LIKE» İTİRMƏK

Saytda ən populyar səhifələrdən olan Texas HoldEm Poker çərşənbə günü 96,317 «like» itirib. Digər nüfuzlu saytların göstəriciləri də xeyli azalıb – məsələn pop müğənnilərdən Rihanna (-28,275), Eminem (-15,420) and Lady Gaga (-34,326) «like» itirib.

Facebook BBC-yə bu təmizləmə əməliyyatını təsdiqləməyib, ancaq rəqəmlərdəki azalmaya alternativ izah da verə bilməyib.

Bu ilin əvvəlində BBC-nin texnologiya üzrə müxbiri Rory Cellan-Jones-un apardığı araşdırma Facebook-un «like» sistemində bəzi qüsurları üzə çıxarmışdı.

O, Virtual Bagel adı altında saxta şirkət yaratmış və FB-nin reklam proqramından istifadə etməklə 1.600-dən çox «like» yığa bilmişdi, bunun üçün xüsusi məhsul yaxud maraqlı material da təqdim etməmişdi.

Daha yaxından təftiş edəndə aydın olub ki, «like»lardan çoxu Hindistan, Misir, İndoneziya və Filippin kimi ölkələrdən gəlir.

REAL ŞİRKƏTLƏR PULLARI BOŞUNA XƏRCLƏYİR?

Marketinq üzrə ekspertlərin fikrincə, Virtual Bagel real şirkət olsaydı, bu «like»ları yığmaq üçün Facebook reklamından istifadəyə xeyli pulu boşuna xərcləmiş olardı.

Həmin vaxt Facebook-dan BBC-yə demişdilər ki, «ciddi» bir problem yoxdur.

Ancaq daha sonra Facebook bloq yazısında qeyd etdi ki, qanunsuz fəaliyyətlə mübarizə aparılacaq. İstifadəçiləri əmin edirdilər ki, bunun təsiri minimuma endiriləcək.

Şirkət bildirib ki, hər hansı səhifənin «like»larının orta hesabla 1%-dən azı pozulacaq, «əgər onlar və filialları bizim şərtlərə əməl ediblərsə».

Təmizləmənin məqsədi bu şəbəkədən reklama görə istifadə edən brendlər üçün fanat sayı və demoqrafik vəziyyəti əks etdirməkdir.
XS
SM
MD
LG