Keçid linkləri

Dini, milli, irqi nifrətə necə səsbatırıcı qoyaq?


Arxiv foto: İslamabadda İslam Peyğəmbəri əleyhinə qiymətləndirilən filmə etiraz edənlərlə polis arasında toqquşma. 21 sentyabr 2012

Arxiv foto: İslamabadda İslam Peyğəmbəri əleyhinə qiymətləndirilən filmə etiraz edənlərlə polis arasında toqquşma. 21 sentyabr 2012

.


Özünüterapiya və ya özünüsağaltma

Bu yazı Batının xoşuna gəlmək üçün yazılmayıb. Bu yazı «özümüzü necə dəyişdirməliyik ki (düzəltməliyik, sağaltmalıyıq ki), böyük dünyada – yəni S.Hantinqtonun dili ilə desək, Hinduist, Buddist uyqarlıqlar da qatılmaqla bütün sivilizasiyaları çevrələyən böyük dünyada uğurlu və sayğılı olaq» sorusuna cavab axtarışından doğur.

Çox müsəlmanların içində səslənmədən qalan bir inam var ki, İslam fundamentalistləri, radikalları biz müsəlmanların problemi deyil, yəni bizə qorxulu deyil, xristianların problemidir. Hətta bu radikallığa qarşı çıxan müsəlman ruhanilərin «əsl İslamda terror, şəhid kəməri yoxdur» çağırışları da çoxları tərəfindən «düzdür!» xoru ilə qarşılanmır. Halbuki gözəl yazıçı Rafiq Tağının öldürülməsi, Dağıstanda, deyilənlərə görə, sayğılı olan sufi şeyxinin partladılması göstərir ki, fundamentalistlərin bıçağı və bombası hamımızın bir addımlığındadır.
Niyazi Mehdi

Niyazi Mehdi


Radikallar, terrorçular çağdaş dünyanın hər yerində var. Breyvik olayı göstərdi ki, hətta sakit Norveçdə də var. Ona görə də radikallar və terrorçular Amerikanın, Avropanın da iç problemləridir. Yəni onlar da düşünə bilməzlər ki, “xristian fundamentalistləri və ya fransız millətçiləri İslam dünyası üçün qorxuludur, bizim üçün yox”.

Onun üçün də Qərb və Şərq axtarışda olmalıdır: necə özümüzü düzəldək ki, dini, irqi, milli nifrətə səsbatırıcı qoyaq, ya da belə nifrət yarananda, onu təhlükəsiz biçimlərə salaq, sublimasiyona uğradaq.

Müsəlman hirsinə tənqidi baxış

Bax bu düşüncə kontekstində məni bir situasiya bezdirib: hər dəfə Avropada, Amerikada birisi, çox vaxt da acıqçıxanın birisi, peyğəmbərə karikatura çəkir (indi də film çəkib) ələ salır, bizim müsəlmanlar isə küçələrə tökülüşüb nalə çəkir, dükanları (özününkülərin dükanlarını), idarələri dağıdırlar. Budu, Pakistanda, artıq, 19 adam öldü… kiminsə oğlu, kiminsə qardaşı… belə ölümə görə, heç «behiştlik olacaqlar» deyimi də aksiomatik görünmür…
...peyğəmbərin və İslamın ünvanına hər xoşa gəlməyən şəkillərdən, filmdən barıt çəlləyi kimi partlayan müsəlmanlara demək istərdim: Batıda söz azadlığı mühitində səs-küy qoparmaq istəyən o qədər yazı-pozu adamı var ki. Siz hər dəfə belə reaksiya verəndə onları şitəndirirsiniz.

Və bir də mən nədən, onlara «bizim müsəlman» dedim?! Onların çoxunun iman tərzi mənim kimi adamlara yaddır, axı! Pakistanda, Hindistanda, İndoneziyada İslamı nağılsayaq-mifoloji əhvalatlar dilində anlayan və sevən müsəlmanlar İslamı intellektual axtarışlarda sevməyə çalışan mənim kimi adamlara çoxmu yaxındırlar?! Bunu soruşmaqla onları elə cür olmaqda qınamıram, çünki ibadətin çoxcürlüyünü tanıyıram, sadəcə, sonrakı söhbət üçün fərqi qabartmalı oluram.

Bir də bu soru onun üçündür ki, İslamı futbol klubu əlamətlərində qavrayıb çılğın «fanatlarının» sayı və xoru ilə ölçməyin eyiblərini açım. Onun üçün belə deyirəm ki, hətta bizim “sakit” Bakıda da imanlı insanlar var ki, teleekranda ellikcə müsəlman qəzəbini və dağıntısını görəndə «Amerikaya göstərdik!!!» sevinci ilə hayqırırlar, sonra da Bakını söyürlər ki, burada müsəlmanlar mal kimidir.

Mən «Müsəlmanın məsumluğu» filmini, filminin fraqmentini nə görmüşəm, nə də görməyə həvəsim var. Görməsəm də bilirəm ki, axmaq və ya alçaq film olmalıdır. Özü də belə düşünməyim Sovet dönəmində Soljenitsin haqqında «romanını oxumamışam, ancaq lənətləyirəm» cümləsi ilə eyni deyil, bunu sonra görəcəksiz.

Mən Quranı yandırmış o Terri Consu görəndə elə bil cini görürəm (bəyəm, oxşamır?!). Bunları onun üçün deyirəm ki, kimsə indi yazacaqlarımı Xristian dünyasının təsir ajanının sözləri kimi qavramasın. Ancaq qavrayırsa da qavrasın.

«Əmmalaırn» sıra ilə açımı

Birincisi, peyğəmbərin və İslamın ünvanına hər xoşa gəlməyən şəkillərdən, filmdən barıt çəlləyi kimi partlayan müsəlmanlara demək istərdim: Batıda söz azadlığı mühitində ucuz yolla, yəni böyük intellektual və mənəviyyat fəda göstərmədən səs-küy qoparmaq istəyən o qədər yazı-pozu adamı var ki. Siz hər dəfə belə reaksiya verəndə onları şitəndirirsiniz. Şitəndirdiyiniz üçün də yeni-yeni həvəskarları doğurursunuz.
Peyğəmbərin karikaturasını çəkəndə, əslində, Peyğəmbərin özünü çəkmirlər. Onun şəklindən istifadə edirlər ki, qışqırıqçı, saldırqan müsəlmanlardan acıqlarını çıxsınlar.

Ən pisi isə odur ki, qıraqdan baxanlara qorxulu görünərək hürküdürsünüz – ölkələrinizə biznesə, gəzməyə gəlməyə qorxurlar. Güman ki belə tamaşaçılar yaponlar, hinduslar arasında yetərincədir.

İkincisi, gəlin baxaq İslam dünyasına. Küçələrdə barıt çəlləyi kimi görünən müsəlman yığnağı, görün, İslam dünyasını nə günə salıb. Bunu mən həmin yığnağın qəzəbinə baxıb «nə əjdahayıq» düşünənlərə deyirəm. Bu izdihamların sırasından şiə, sünni, sələfi şəhidləri çıxaraq bir-birini qırırlar (hansıdır onlardan behiştlik olan?!). İraqda Şiə məscidində, Sünni məscidində partlayışları yada salın (bəziləri utandıqlarından «Amerika qızışdırır» deyirlər).

İslam dünyasında bəzi təriqətlər arasında az-çox didişmələr, dalaşmalar qabaqlar da olardı (hətta Kəbənin qara daşını sındıranlar da olub). Elə şeylər harada olmayıb?! Bəlkə Xristianlıqda olmayıb?! Bəlkə Buddizmdə olmayıb?! Ancaq heç vaxt İslam dünyasında indiki kimi təriqətlərin, məzhəblərin bir-birinə nifrəti bu qədər dindarı əhatə etməyib. Heç vaxt nifrət o qədər olmayıb ki, bir sünni özünü şiə məscidində, şiə sünni məscidində partlatsın.

Əcəba, bu halın fonunda bir keyfiyyətsiz kopt rejissorunun İslam düşmənçiliyi nədir ki?! Yoxsa, İslam dünyasında düşüncə belədir: özümüz-özümüzə nə edirik, biz bilərik. Sizin işiniz deyil?

Nə yanlış düşüncə!

Üçüncüsü, Batıda abstrakt İslama, yəni müsəlmanlardan qıraq götürülmüş İslamın özünə düşmənçilik yoxdur. Varsa da elə bir önəmi olmayan kəslərdədir. Necə ki bizdə abstrakt, yəni ermənilərsiz götürülmüş erməniliyə düşmənçilik yoxdur.

Bizi sinirləndirən ermənilik ölkəmizlə düşmənçilik etmiş, adamlarımızın qanını tökmüş minlərlə ermənilərin sir-sifətindən yığılmış obrazdır, görkdür, imicdir.
...iki tərəfin ortasında qalmışıq. O tərəf İslam, Peyğəmbər deyəndə axmaqcasına göz qabağına qışqırıqçı müsəlmanları gətirir. Bu tərəf isə bilmir ki, o tərəfdə İslama düşmənçilik yaradan nə Quran, nə də Peyğəmbərdir. Düşmənçilik yaradan özüləridir.

Moskva bazarlarındakı pinti, vulqar, ədəbsiz azərilərin sir-sifətlərindən də rus qavrayışı üçün pis Azəri imici yaranıb. Oxşar olaraq, Batıda İslama pis baxanların çoxu özləri də bilmədən İslamın özünə yox, əl-Qaidə terrorçularının, Pakistan, əfqan dinçilərinin üz-gözlərindən yığılmış İslam imicinə pis baxırlar.

Ona görə də Peyğəmbərin karikaturasını çəkəndə, əslində, Peyğəmbərin özünü çəkmirlər. Onun şəklindən istifadə edirlər ki, qışqırıqçı, saldırqan müsəlmanlardan acıqlarını çıxsınlar.

Belədə bir dekonstruksiya, ifşa üzə çıxır: Karaçi, Benqazi müsəlmanları, işdə, Peyğəmbəri müdafiə etmirlər. Peyğəmbərdə özlərinin yaratdığı, özlərinin şəkli olan imiclərini müdafiə edirlər. Çünki Qərbdəki İslam düşməninin haq-hesabı, əslində, İslamla, Peyğəmbərlə deyil, İslam bayrağı altında yığılmış gericil qışqırıqçılarladır.

Beləcə, bizlər iki tərəfin ortasında qalmışıq. O tərəf İslam, Peyğəmbər deyəndə axmaqcasına göz qabağına qışqırıqçı müsəlmanları gətirir. Bu tərəf isə bilmir ki, o tərəfdə İslama düşmənçilik yaradan nə Quran, nə də Peyğəmbərdir. Düşmənçilik yaradan özləridir.

Daha konkret: dava kimin davasıdır?

Dava Fərabi, İbn Xaldun, İbn Sina, Mövlana şəxsi və intellektual möcüzələrindən yığılmış İslam obrazı ilə Akvinalı Foma, Kuzalı Nikolay, Laybnis, Qöte kimilərinin təmsil etdiyi Batı arasında deyil. Dava özünü məsciddə partladan «şəhidlərə» mühit və qaynaq yaradan «islamçılarla» İslama sataşmağı özünə pul və ya ad qazanmaq peşəsi etmiş Qərb adamları arasındadır.

Yazının sonunda bir nəsnədən silkələndim. Taliblər Buddanın sənət möcüzəsi olan heykəlini partladanda niyə mən susmuşdum? Niyə yaponlar küçələrə tökülməmişdilər və niyə Peyğəmbər karikaturalarından qeyzlənmiş müsəlmanlar bu ayıb fakta bir söz demirlər?!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG