Keçid linkləri

Bülletenlərin hamısı sayıldı və «Gürcü arzusu» blokunun qələbəsinə heç bir şübhə qalmadı. İndi hər şey arxada qalıb və ən çox maraq kəsb edən ölkədə bundan sonra nələrin olacağıdır. Amma seçkidən bir detal mənim yadımdan çıxmır. Seçki öncəsi Rusiya mətbuatı yazdı ki, bəli, bu seçkilər Gürcüstanın tarixində ən çirkli seçkilər olacaq. Amma seçkidən azca sonra bəyan etdilər ki, «Gürcü arzusu» bloku təntənəli qələbə qazanıb. Bunun səbəbini anlamaq elə də çətin deyil. Rusiya M. Saakashvili ilə bağlı olan hər şeyə nifrət edir və onu gözdən salmaq istəyirdi. Elə ki, B. İvanishvilinin qələbəsi bəlli oldu, onlar ölkə diplomatiyasının Gürcüstanın üzünə açıq olduğunu bildirdilər. Heç bir vaxt rusofobiya tərəfdarı olmamışam, amma bu ölkənin mətbuatının yazdığı məqalələrin hamısı sanki bir nəfər tərəfindən redaktə olunur və hətta adam məəttəl qalır ki, görən, bu ölkədə başqa cür düşünənlər yoxdurmu? İndi bu ərəfədə də Rusiyanın bəslədiyi ümidlərdə qaranlıq bir şey yoxdur. Onlar öz tələblərini çox açıq ifadə edirlər. Bəs bu, hansı tələblərdir?

QƏRBƏ VƏ NATO-YA «YOX», RUSİYAYA «HƏ»...

Hər şey olduqca sadədir. Ruslar artıq öz tələblərini açıq ifadə ediblər. Onlar Gürcüstandan NATO-ya və Qərbə «yox» deməyi tələb edirlər. B. İvanishvilini hələ siyasətçi kimi duymaq çətindir. Rusiya mətbuatı böyük qürurla yazır ki, bu adam öz sərvətinin böyük hissəsini Rusiyada toplayıb. B. İvanishvili isə öz müsahibəsində dedi ki, Gürcüstanın Baltik ölkələrinin təcrübəsinə maraq və diqqət göstərməsinə, bu təcrübəni öyrənməsinə ehtiyac var. Amma o bir məqamı unudur ki, Baltik ölkələrinin də NATO-ya yolu hamar olmadı və bu yolda onlar da Rusiyanın yaratdığı maneələri aşmalı oldular. Sadəcə həmin ölkələrə Avropanın dəstəyi o qədər böyük idi ki, Rusiya ciddi bir maneə və çətinlik yaratmaq iqtidarında olmadı.

RUSİYA İLƏ BAĞLI PUÇA ÇIXACAQ ÜMİDLƏR...

Rusiya dalğasında hakimiyyətə gələn siyasi qüvvələr çox tez bir zamandaca özünü ifşa edir və iflasa uğrayır. Mən B. İvanishvilini populist siyasətçi hesab edir və onun ciddi uğur qazanacağına ümid etmirəm.Təbii, M. Saakashvilinin Rusiya ilə bağlı siyasətində qüsurlar vardı. Lakin problemlər daha çox digər tərəfin – Rusiyanın səyləri ucbatından yaranırdı. Həm də mənim yadıma elə Azərbaycanın öz siyasi təcrübəsi düşür. Bir vaxt Rusiya dalğasında siyasət olimpinə yüksələn insanlar Rusiya ilə və o cümlədən də İranla təmaslarda böyük sıçrayışlar edəcəklərini bildirirdilər. Amma zaman keçdi belə olmadı.

İnsanlar da başa düşdülər ki, daha sovet münasibətləri keçmişdə qalıb, onu geri qaytarmaq mümkün deyil. Məsələn, H. Əliyev və yaxud E. Shevardnadze Rusiyadan nə qopara bildilər? Bəlkə Qarabağ problemi və yaxud da Osetiya münaqişəsi həll olundu? Xeyr. Bunların heç biri olmadı. Eləcə də iqtisadi və sosial ümidlərin də puç olduğu bəlli oldu – insanların gözlədiyi kimi böyük zavodlar və fabriklər işə düşmədi, sənaye öz əvvəlki halına qayıtmadı və bu ölkələr öz iqtisadi aqibətlərilə barışmalı oldular. Mən B. İvanishvilinin seçkilər öncəsi verdiyi bəzi vədləri dinləyirdim. Məsələn, o, keçmişdə sənaye şəhəri olan Rustavidə insanlara əvvəlki strukturları bərpa edəcəyini vəd edirdi və işsiz insanlar da ona inanırdı. Lakin insanlar bir şeyi unudurdular ki, böyük zavodlar artıq Rusiyanın özündə də işləmir...

M. SAAKASHVİLİNİN DAHA BİR MİSSİYASI...

Artıq bir qədər əvvəldə yazdım ki, B. İvanishvilinin vədlərinin puçluğu çox tez bir zamanda bəlli olacaq. Ölkəni Rusiya ilə ifrat yaxınlaşmadan qorumaq və ona bir daha boyunduruğa keçməyə imkan verməmək üçün çox güclü milli müxalifətə ehtiyac olacaq. Mən M. Saakashvili – B. İvanishvili əvəzləməsinə çox vaxt V. Yushchenko–V. Yanukovych əvəzləməsi kimi baxıram. İndi Ukraynada da insanlar V. Yushchenko dövrü üçün nostalgiya keçirməyə başlayıblar. Siyasət özü müəyyən dəyişikliyə məruz qalmalıdır. Məsələn, Qərbdə heç bir siyasət adamı deməz ki, mən işsizliyi tamam ləğv edəcəm, çünki müəyyən qədər və ən azı az miqdarda işsizlik həmişə olur, hətta o, iqtisadiyyatın inkişafına da müsbət təsir göstərir. Lakin keçmiş sovet ölkələrində hələ də belə nağıllara inanırlar. Bu da təsadüfi deyil. İnsanlar nağıllara öz uşaqlıq çağlarında daha çox inanırlar. Millətlər də belədir. Onların da uşaqlıq, yeniyetməlik və ahıllıq çağları olur...

Şərhləri göstər

XS
SM
MD
LG