Keçid linkləri

-

İ.Əliyevin BP şirkətini kəskin tənqid etməsi artıq üçüncü gündür ki, bütün digər xəbərləri arxa plana keçirib. İndi hamı bu olayın əsl siyasi və iqtisadi motivlərini araşdırmaqla məşğuldur. Məsələ bundadır ki, adətən belə olay və hadisələr geniş ictimai müstəviyə çıxarılmadan çözülür. Üstəlik, İ.Əliyev hakimiyyəti adətən xarici tərəfdaşlarla münasibətlərdə ehtiyatlılığı ilə daha çox yadda qalıb. Düzdür, o çıxışlarında bir neçə dəfə beynəlxalq təşkilatları kəskin tənqid edib, zira o təşkilatlar daha çox insan haqları və demokratiya məsələləri ilə məşğul olan qurumlar olub, BP isə özünəməxsus iqtisadi və biznes imperiyasıdır. İ.Əliyevin dediyinə görə, BP – nin səhvləri ucbatından ölkə son üç ildə 8 milyard dollar itirib. Amma mənim bu çıxışdan yadımda bir qədər fərqli nəticələr də qaldı. Təbii ki, iqtisadçı ekspertlər bu məqamlara diqqət yetirəcək, çünki onlar özündə ölkə iqtisadiyyatının özəlliklərini çox gözəl və üzvi şəkildə ehtiva edir.
ÖLKƏ İQTİSADİYYATI NEFTƏ NƏ QƏDƏR HƏSSASDIR?
Bu vaxta qədər analoqsuz iqtisadi inkişafdan danışan İ.Əliyev bəlkə özü də bilmədən ölkənin əsas iqtisadi donorunun adını açıqladı – bu donor neftdir.
İ.Əliyev dedi ki, ölkədə bu vaxta qədər həyata keçirilən bütün layihələr neft gəlirləri hesabına mümkün olub. Başqa vaxt o, bunu etiraf etməzdi, hərçənd ki, iqtisadiyyatla az – çox maraqlananlar üçün burada qeyri – adi heç bir şey yoxdur. Bəli, qeyri – neft sektorunun inkişafından nə qədər danışılsa da bu, ritorikadan başqa bir şey deyil.

Təsadüfi deyil ki, cənubi Qafqaz ölkələrində mövcud olan iqtisadi vəziyyətə toxunan ekspertlərdən biri demişdi ki, əgər siz Azərbaycan büdcəsindən neft gəlirlərini çıxsanız Ermənistanın və yaxud da Gürcüstanın büdcəsi alınar. Azərbaycanın rəsmi televiziyası hər bir gün Avropa ölkələrində baş verən iqtisadi böhran haqqında xüsusi blok təqdim edir. Hökumətin parlamentdə formal hesabatları zamanı dünyada baş verən iqtisadi böhrana rəğmən Azərbaycanda böyük irəliləyişin olduğu iddia edilir və bunun üçün hökumətin işinə yüksək qiymət vermək tələb olunur. Yaxın günlərdə İ.Əliyev də iqtisadiyyatdakı «yüksək inkişaf templəri»nə toxunaraq demişdi ki, bəlkə bir qədər yavaşıyaq? Onun üstündən heç bir neçə gün də keçmədi ki, neftin ölkə iqtisadiyyatı üçün əsas gəlir mənbəyi olması yüksək səviyyədə öz etirafını və təsdiqini tapdı.
NEFT GƏLİRLƏRİ AŞAĞI DÜŞÜRMÜ?
İ.Əliyev BP şirkətini yanlış proqnozlar verməkdə qınadı. Lakin diqqətli olsaq burada iki nüansı seçə bilərik. Birincisi odur ki, proqnoz öhdəlikləri yerinə yetirilməyib. İkincisi budur ki, proqnozlarda bir azalma tendensiyası diqqəti çəkir. Bu, təkcə BP – nin səhlənkarlığı ucbatından yaranmır. Hələ bir neçə il bundan əvvəl deyilirdi ki, neft gəlirləri 2010 – cu illərin əvvəlində özünün pik nöqtəsinə çatacaq, sonra isə azalma müşahidə olunacaq. Bəlkə biz artıq bu azalmanı müşahidə edirik? Hələlik bu azalma böyük templərlə getmir. Lakin bir tendensiya tək özünü biruzə verir. Əgər kiçik templər bu qədər siyasi və ictimai isterika yaradırsa onda böyük aşağı düşmələrin hansı panika yarada biləcəyini indidən demək elə də çətin deyil. Düzdür, Azərbaycanın hələ qaz ehtiyatları da var. Lakin o ehtiyatların neft gəlirlərinin neçə faizini təmin edə bilməsi hələ birmənalı şəkildə bəlli deyil. İ.Əliyev böyük layihələrdən danışır və onların neft gəlirləri hesabına başa gəldiyini deyir. Lakin ciddi yanaşsaq ortalıqda böyük layihələr də yoxdur. Hələki Azərbaycanda sürətli dəmir yolu və yaxud da böyük metro stansiyaları şəbəkəsi uzaq perspektivlərin qayğısı və predmeti kimi qalmaqdadır. Reallıqda həddən artıq şişirdilmiş ədədlər və daim, əbədi təmir olunan yollar var...
BP-YƏ YÖNƏLƏN TƏNQİDİN SİYASİ MOTİVLƏRİ VARMI?
Bunu hələ araşdırmaq lazımdır. Lakin belə bir halı tamam inkar etmək olmaz və prinsipcə bu, da olar bilər, çünki İ.Əliyev hakimiyyəti növbəti siyasi tryuk və yaxud da siyasi layihə ərəfəsini yaşayır. O, maraqlı ölkələri özünün daha bir seçiminə hazırlamalıdır. BP biznes strukturudur, amma ona siyasi maraq da yad deyil, xüsusən də nəzərə alanda ki, bu strukturun adı bir neçə dəfə ölkə siyasəti ilə bağlı müxtəlif olaylarda hallanıb. Amma indi birmənalı iddia irəli sürmək çətindir. Hər halda, yaxın vaxtlarda bu məsələ ilə də bağlı bəzi ehtimalların səslənməsi istisna olunmur, çünki xoşbəxtlikdən biz siyasi və sosial vakuumda yaşamırıq, böyük dünyanın bir hissəsiyik. Hətta bir qədər qapalı hissəsi olsaq belə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG