Keçid linkləri

Nəyinsə intizarında olmaq, nəyisə çox gözləmək də bir şey deyil, xüsusən də nəzərə alanda ki, bəzi ölkələr ümidlərin puç olduğu və öldüyü məkandır.

Uzun müddət idi ki, siyasi partiyaların dövlətdən maliyyə dəstəyi alacağı haqda söhbətlər gəzirdi. Bu il məsələ, necə deyərlər, «ölü nöqtə»dən azca olsa da tərpəndi. İndi budur, gələn ilin büdcəsində siyasi partiyalara artıq 2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Məbləğ elə də böyük və həm də ümidverici deyil. O, dövlətin başqa ölkələrdə xeyriyyə tədbirlərinə və H. Əliyevin xatirəsinin əbədiləşdirilməsinə ayırdığı vəsaitlərdən olduqca azdır. Həm də maliyyə yardımı təkcə parlamentdə təmsil olunan partiyalara ayrılacaq. Onların sayı isə guya 11-dir. Bu partiyaların hər biri parlamentdə bir-iki mandatla təmsil olunub. Elə ona görə də vəsaitin əsas hissəsi hakim Yeni Azərbaycan Partiyasının hesabına daxil olacaq. Digər müxalifət partiya və qurumları isə heç bir vəsait almayacaq. Göründüyü kimi, çox komik bir vəziyyət yaranır.

Bunu sadəcə belə adlandırmaq olardı ki, bəli, dövlət YAP-a maliyyə vəsaiti ayırıb. Başqa partiyaların burada adının hallanması isə onların parlamentdə mövcud olan missiyalarına tam uyğundur: çoxpartiyalı siyasi sistem və ya plüralist cəmiyyət görüntüsü yaratmaq. Çox maraqlıdır ki, bu partiyalar öz missiyalarından o qədər də narazı deyillər, çünki onların hamısı bir prinsip əsasında fəaliyyət göstərir, o da budur ki, «bəy verən atın dişinə baxmazlar».

Prinsipcə, çox maraqlı bir qiymətləndirmə aparmaq olardı. Görən, bu dövlət demokratiya görüntüsü yaratmaq üçün nə qədər vəsait xərcləyir? Seçkilər, parlament, bələdiyyələr, indi də siyasi partiyalar... Əslində bu siyasi teatrın vaxtı keçib, çünki artıq bu yolla Türkmənistan da çoxdan çoxpartiyalı ölkə olub, orada da prezidentin tapşırığı ilə çox operativ şəkildə daha bir partiya təsis etdilər. Üstəlik, başqa bir nüans da var. Nə qədər çalışdılarsa həmin o partiyaları aparıcı müxalifət roluna sala bilmədilər. Parlamentdəki görüşlər və kontaktlar istisna olunmaqla heç kim bu partiyaların qapısını döymür. Lakin orta statistik Azərbaycan seçicisi indi özünün onsuz da az olan maaşından 11 yalançı siyasi partiyanı saxlamaq üçün vergi ödəməli olacaq. Buna qədər onsuz da dövlət sektorunda çalışan adamların zorla hakim partiyaya qəbul edilməsi praktikası vardı. İndi bu partiyanın gəlirləri bir qədər də artacaq və guya ki, onun maliyyələşməsi prosesi azacıq da olsa şəffaflaşacaq. Amma digər partiyalar nəinki maliyyə ala bilməyəcək, həm də özlərinin bəzi texniki problemlərini də həll edə bilməyəcəklər. Bu texniki problemlər isə yetərincə qədərdir. Fəal partiyalardan olan AXCP-nin hətta özünün mənzil-qərargahı da yoxdur, həmin partiya öz tədbirlərini Müsavat partiyasının qərargahında keçirir. Müsavatın qərargahı isə hakim YAP-ın hətta bir rayon şöbəsinin də qərargahı ilə müqayisə olunmaq iqtidarında deyil...

21-Cİ ƏSRİN DİSSİDENTLƏRİ

Gürcüstanda seçkilər zamanı bir detal xüsusilə diqqət çəkdi. Bu ölkədə hələ proporsional seçki sistemi qalmaqdadır, həm də bu üsulla deputatların çox böyük hissəsi seçilir (təxminən 70 nəfərdən də artıq). H. Əliyev Azərbaycanı İ. Əliyev üçün «hazırlamaq» üçün proporsional sistemi tamam ləğv etdi. İndi prinsipcə bu iş davam etdirilir, fəal partiyalar bütün vasitələrlə siyasətin ən çıxılmaz dalanlarına doğru sıxışdırılır. Ona görə də Azərbaycanda biz faktiki olaraq partiya mübarizəsindən və partiyaların rolundan danışmağa çətinlik çəkirik. Bu, daha çox dissident mübarizəsini xatırladır. Belə bir şəraitdə və bu cür siyasi atmosferdə siyasi partiyaların bəzi elementlərinin yaşaması da təəccüb doğurur: partiyalarda ən mübariz insanlar qalıb... Azacıq tərəddüd edənlər, başqa sahədə özlərinə tətbiq tapanlar çoxdan partiyaları tərk edib.

Avropada böyük dissident dalğası çoxdan bitib – hər bir adam hakimiyyəti tənqid edə, onun formalaşmasında iştirak edə və təbii ki, özünü də siyasi və ictimai cəhətdən tam ifadə edə bilər. Amma Şərq ölkələrində belə deyil, ona görə burada siyasi mübarizənin ən ekzotik formaları hələ də qalmaqdadır. O da var ki, bu ölkələrin bəzisi hətta şərqi Avropa ölkəsi statusunu da alıb. Di gəl, müstəbid şərq psixologiyası və vərdişləri hələ də yaşamaqdadır...

KİÇİK SÖZARDI

Bəzən bizə elə gəlir ki, siyasi partiyalar bir institut kimi son bir neçə yüz ildə yaranıb. Amma belə deyil. Əslində onlar həmişə mövcud olub, ta dövlət və siyasi hakimiyyət yaranandan. Fərq ondadır ki, bəzi ölkələrdə onlar leqal və aşkar fəaliyyət göstərirlər, bəzilərində isə latent qruplar kimi təzahür edirlər.

Ağıllı hakimiyyət onların leqal və aşkar olmasına çalışar, çünki belə halda bu partiyaların fəaliyyətini demokratik çərçivəyə salmaq, onlara nəzarət etmək mümkün olur. Bu halda partiyalar bir növ qızğın siyasi emosiyaların soyuq fazaya keçməsini təmin edir, necə deyərlər, «buxar»ı buraxır... Böyük siyasi vəlvələlərin bünövrəsi onda qoyulur ki, bu «buxar» vaxtaşırı buraxılmır və bu cəmiyyətdə toplanıb qalır. Cəmiyyət isə onu əbədi olaraq özündə saxlamaq iqtidarında deyil...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG