Keçid linkləri

Təcili xəbərlər

İngilislər benzini...havadan düzəldəcəklər


Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi
-

İngiltərənin şimalında kiçik bir şirkət «hava sağımı» texnologiyasının yardımı ilə yalnız havadan və elektrikdən istifadə etməklə sintetik neft əldə etməyin yolunu tapdığını bildirib.

«The Daily Telegraph» yazır ki, ekspertlər yeni üsulu iqlim dəyişikliyi və dünya enerji böhranı şəraitində oyun qaydalarını dəyişəcək ixtira kimi alqışlayıblar.

Bu həftə London Mühəndislik Konfransına təqdim olunmuş yeni texnologiya atmosferdən karbon qazının çıxarılmasına əsaslanır.

«Havadan benzin» texnologiyasına uyğun olaraq kaustik soda karbon qazı ilə birlikdə elektroliz edilərək karbon qazının «saf» formasını verir.

Bundan sonra isə «Air Fuel Syndication» adlı şirkət «təmiz karbon qazını» adi sudan əldə olunmuş hidrogenlə qarışdıraraq metil spirti əldə edir ki, bu da öz növbəsində benzin reaktorundan keçərək benzinə çevrilir.

HƏLƏLİK CƏMİ 5 LİTR

Şirkət nümayəndələri bildirirlər ki, onlar son üç ayda Tisayd əyalətindəki kiçik neft emalı sexində 5 litr «hava benzini» istehsal edə biliblər.

«The İndependent» qəzetinə görə, şirkət iki il ərzində daha böyük kommersiya əhəmiyyətli zavod tikməyə və gündə bir ton benzin istehsal etməyə hazırlaşır.

Şirkətin həmçinin «ekoloji baxımdan təmiz aviasiya benzini» istehsal edə biləcəyi də bildirilir.

İki ildir ki, davam edən 1,1 milyon funt sterlinqlik bu layihəni adlarının gizli saxlanmasını istəyən bir neçə xeyriyyəçi maliyyələşdirib.

Yeni texnologiya Britaniya Mexanika Mühəndisləri Cəmiyyəti tərəfindən dəstəklənsə də, onun həyata vəsiqə alması üçün əsas neft şirkətləri tərəfindən dəstəklənməsi mühümdür.

Cəmiyyətin sədri Stephen Tetlow deyib ki, bu ixtira karbon qazı emissiyalarını inqilabi şəkildə azalda bilər.

O həmçinin qeyd edib ki, «layihənin inkişaf etdirilməsi Britaniyanın qlobal enerji bazarlarından asılılığını aşağı salacaq».

BİR QƏDƏR FƏRQLİ ALTERNATİV YANACAQ

Şirkət proses üçün lazım olacaq elektrikin günəş batareyalarından və yel dəyirmanlarından alınmasını nəzərdə tutur.

Layihə müəlliflərinin fikrincə, dünyanın ucqar yerlərində «benzin istehsalı» üçün yeni texnologiyadan istifadə son dərəcə faydalı ola bilərdi.

Şirkətin 58 yaşlı rəhbəri Peter Harrison isə deyib ki, «bu, bir qədər fərqli alternativ yanacaq» olacaq.

Cənab Harrison əlavə edib ki, «alınmış məhsul benzin iyi verir, lakin ondan qat-qat təmizdir».

O, qeyd edib ki, onların benzini bu gün müasir mühərrikləri işlədə bilər.

İŞLƏTMƏYİNƏ İŞLƏDƏ BİLƏR, LAKİN…

Ekspertlərin fikrincə, karbon qazının havadan «sağılması» texnologiyası nə qədər cazibədar görünsə də, hələlik kommersiya miqyaslı istehsal üçün son dərəcə qeyri-səmərəlidir.

Məhz buna görədir ki, şirkət hələlik karbon qazının bir hissəsini sənaye mənbələrindən almağa məcburdur.

Britaniyada başqa şirkətlər də havadan karbon qazının «sağılması» texnologiyaları üzərində işləyirlər, lakin hələlik bu cür əldə olunmuş bir ton karbon qazı 400 funt sterlinqə başa gəlir ki, bu da kommersiya məqsədli istehsal üçün son dərəcə bahadır.

Bununla belə, Nyu Yorkdakı Kolumbiya Universitetin professoru Klaus Lackner deyir ki, hər bir yeni texnologiyanın xərcləri sonradan heyrətamiz şəkildə azalır:

«Məsələn mən öz ilk diskimi 1980-ci illərdə 20 dollara almışam, halbuki indi onun qiyməti on sentdir. Adi işıq lampasının qiyməti ötən əsr ərzində 7000 dəfə ucuzlaşıb», Lackner deyib.

Ən son yazılan

XS
SM
MD
LG