Keçid linkləri

İnsan haqlarının heç bir ölkənin daxili işi olmaması bir vaxt necə çətinliklə qarşılanırdısa ayrı-ayrı ölkələrdə də demokratiyanın yalnız daxili resursların hesabına mümkün ola bilməməsi fikri də indi bu cür müqavimətlə rastlaşır. Mən indi ölkəyə səfər edən müxtəlif səviyyəli qonaqların dediklərinə diqqət edirəm. Onların hamısı öz fikirlərini belə başlayır ki, ölkədə demokratiya və insan haqlarının təmin olunmasında çox işlər görülüb, amma hələ görüləsi işlər də var... Hər dəfə belə bəyanatları eşidəndə dərhal sual yaranır ki, bəs görən, ölkədə vur-tut bir-iki gün olan bu qonaqlar demokratiya sahəsində «böyük işlər»in görüldüyünə necə əmin olurlar? Həm də bizi bu vaxta qədər çox haqlı olaraq öyrədiblər ki, dövlət heç də insan haqlarının, azadlığın ən yaxşı müdafiəçisi deyil, bunun üçün güclü vətəndaş cəmiyyəti olmalıdır. Bu cəmiyyətsə bəzi ölkələrdə hələ də yoxdur. Onda bəs nə etməli? Hər millətin yaşadığı siyasi sistemə layiq olduğu fikri ilə barışmalımı və millətləri onları əsarətdə saxlayan siyasi sistemlərlə təkbaşına buraxmalımı? Etiraf edək ki, bu sualların cavabı heç də birmənalı deyil, hətta dövlət suverenliyi ideya kimi digərlərindən çox üstün olsa belə. Çünki psevdo–vətənpərvərlik, «ura» patriotizmi yaramaz şəxslər üçün sonuncu sığınacaq olduğu tək suverenlik də yaramaz siyasi sistemlərin son sığınacağı və dayaq nöqtəsidir. Onlar bir qayda olaraq ən son halda suverenliyə apellyasiya edir və hətta xoş niyyəti olan insanları və ölkələri belə «özlərinin daxili işlərinə qarışmaqda» qınayır. Elə dövlətlər var ki, bu cür etirazların qarşısında dözüm gətirmir, geri çəkilir, amma xoşbəxtlikdən elələri də var ki, bu cür bəyanatlara məhəl qoymur və ən son ana qədər cəmiyyətlərin və azadlıqsevər insanların yanında olur...

AVROPA BİRLİYİ V. YANUKOVYCH-İ YOLA SALA BİLƏCƏKMİ?

Azərbaycana, necə deyərlər, «bir köynək yaxın olan» ölkələrdən biri keçmiş sovet ölkələridir. Onlardan biri də Ukraynadır. İndi bu ölkə ilə Avropa Birliyi arasında çox maraqlı proseslər yaşanır. Birlik Ukrayna ilə assosiativ sazişin imzalanmasını bu ölkədə keçiriləcək parlament seçkilərinin nəticələri ilə bağlayırdı. Amma indi, necə deyərlər, tələblər bir qədər də dərinləşib. Artıq Birlik bu fikirdədir ki, nə qədər ki, V. Yanukovych və onun komandası siyasi hakimiyyətdən getməyib, hətta ən demokratik hökumət belə nəsə etməkdə, ölkədə həqiqi islahatlar aparmaqda çətinlik çəkəcək. Ona görə də Ukrayna ilə assosiativ sazişin imzalanmasını və vizasız rejimin tətbiq olunmasını ən azı V. Yanukovych hakimiyyətdən gedənə qədər təxirə salmaq fikri var. Artıq bu, V. Yanukovych komandasına qarşı açıq və real təzyiqdir. Avropa Birliyi öz bəyanatları ilə Ukraynaya işarə edir ki, o, öz sıralarında demokratik ölkə və qeyri–rusofil siyasi komandanın başçılıq etdiyi dövlət görmək istəyir. Böyük ehtimalla Avropa ölkələri istəklərinə çatacaqlar. Amma bu həm də Ukrayna xalqının böyük hissəsinin istəyidir. V. Yanukovych Ukraynada yalnız rus dilinə ikinci dövlət dili statusu vermək təşəbbüsü ilə diqqəti cəlb edib. Bu isə milli qüvvələri, xüsusən də Qərbi Ukrayna insanlarını çox qəzəbləndirir. Ehtimal ki, bu qəzəb növbəti prezident seçkisində özünün ifadəsini tapacaq və o an Avropa Birliyi ilə təmasların intensivliyi də artacaq.

AZƏRBAYCANDA NEFTİN DAHA BİR FƏSADI

İnsanların böyük əksəriyyəti haqlı olaraq bir çox problemləri və o cümlədən də ölkədəki bahalığı da neftin gətirdiyi bəlalardan biri hesab edir. Bəzən bu fikirlə barışmaq istəmirsən, onun qarşısına əks dəlil qoymaq istəyirsən, zira bu, çox da asan olmur. Neft Azərbaycanda nədir? Təsəvvür edin ki, gələn il üçün nəzərdə tutulan büdcəyə Dövlət Neft Fondundan on bir milyard manat məbləğində vəsaitin transfer ediləcəyi gözlənir. Bu bahalıq, iqtisadi süstlük və tənbəllik və bir də indiki hakimiyyətin iqtisadi müstəqilliyi deməkdir. Vaxt vardı hökumət xarici təşkilatların və maraqlı dövlətlərin tövsiyələrinə daha çox diqqət edirdi, indisə etmir, çünki artıq onlardan maliyyə asılılığı yoxdur. Ölkə tədricən klassik neft ölkəsinə çevrilir – digər sahələrin inkişafı haqqında şüarlar səslənsə də onlara şübhə ilə yanaşılır və ən asan iqtisadi yol seçilir. Bu yol da sadəcə getdikcə daha çox neft hasil etməkdir. Ona görə də hasilat azacıq azalan kimi əsl siyasi vəlvələ başlayır. Siyasi islahatlara gəldikdə isə hökumət bu işin çoxdan bitdiyini güman edir və hətta bu haqda danışanlara ironiya da edir ki, ölkədə keçid dövrü çoxdan bitib. Bəlkə də hökumət keçid deyəndə başqa şeyi, tutaq ki, mərkəzləşdirilmiş hakimiyyətə keçidi nəzərdə tutur. Lakin insanların böyük əksəriyyəti üçün o, tamam başqa bir məzmun kəsb edirdi. Zaman o mənanı təhrif etməkdə acizdir. Amma cəmiyyət də onu bərqərar etmək iqtidarında deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG