Keçid linkləri

Təcili xəbərlər

Qarabağ konflikti üzrə düşüncə axtarışlarından


Professor Niyazi Mehdi.
Professor Niyazi Mehdi.
-



Konfliktlərdə sivilizasiya adamı olmağın faydası

Adamlar çox eşidiblər ki, «xalq diplomatiyası» deyilən bir nəsnə var, erməni və azərbaycanlı fəallarının, dərnəklərinin (QHT-lərinin) görüşü olur. Ancaq «görüş» abstraksiyasından ümumi sözlərdən başqa heç nə bilinmir və bunda vətəndaş fəallarının öz suçları var. Azəri-erməni vətəndaş kontaktları «biz hamımız insanıq», «gəlin, qan tökülməsinə qarşı çıxaq» ritorikası üçün deyil, olsaydı doğrudan da mənasız olardı (hərçənd bəzi görüş iştirakçıları, daha çox bəzi erməni iştirakçıları elə belə də çıxış yapırlar).

Görüşlərin ən başlıca amacı odur ki, Qarabağ konfliktinin uyqar, sivilizasiya qaydaları səviyyəsində çözümü üçün tərəflər yüksək mədəniyyətə qalxsınlar, axmaq stereotiplərdən qurtulsunlar və münaqişənin çözümü üçün ciddi arqumentlərə yiyələnsinlər, yeni perspektivlərə açılsınlar. Yazıqlar olsun ki, vətəndaş fəalları bu yöndə nələr etdikləri, nələrə çatdıqları ilə bağlı adamlara «hesabat» verməyi sevmirlər. Vermirlər, ona görə də cürbəcür söz-söhbət yaranır.

Separatizmə qarşı daha güclü arqument

İndi isə ermənilərlə vətəndaş fəalları qatında debatların, diskusiyaların önəmini konkret faktlarda açım. Bu zaman öz təəssüratlarımdan və öz işlərimdən danışacam ki, başqaları da belə etsinlər.

Neçə illərdən bəridir ki, Bakıda, Tbilisidə və Gürcüstanda azərbaycanlıların yaşadığı Təkəli kəndində Vətəndaş dinləmələri və İnsan haqları üzrə Rəmzi Məhkəmələr keçirilir. Bizim proqramın iştirakçısı, Qərbdə hüquq təhsilini davam etmiş Günel Quliyeva 2010-cu ildə təklif etmişdi ki, Tbilisi rəmzi məhkəməsində «Millətlərin öz müqəddəratını həll etmək haqqı»nı diskussiyadan keçirək.

İsveçdə Vahe Avetyan adında bir yazar yaşayır, o özü mənə demişdi ki, bir vaxtlar mətbuatda Azərbaycan xalqından erməni hərbçilərinin tökdüyü qanlara görə üzr istəyib. Mənim üçün gözlənməz o oldu ki, Vahe iddiaçı olub «millətlərin öz müqəddəratını həll etmək haqqı»na qarşı çıxmaq istəyirdi. Bu çıxış ona görə sensasiya olardı ki, həmin haqqı Ermənistanda və Dağlıq Qarabağda separatçılar çox «sevirlər». Biz və gürcülərsə (Qarabağ, Abxaziya və Güney Osetiya üstündə) «sevmirik».
...hətta Prezident səviyyəsində də, ermənilərin öz müqəddəratlarını həll etmək iddiasına tutarlı cavab bunu sayırlar ki, «ermənilər, artıq, bir dəfə Ermənistan dövləti ilə öz müqəddəratlarını həll ediblər». Nəzərə alanda ki, «Arsax» etnonimi Qarabağ ermənilərinin guya başqa ulus olduğunu göstərmək üçündür və ya dünyada ərəblərin, ingilislərin, almanların birdən çox dövləti var, bizim anti-separatçı arqumentimiz zəifləyir.

Günel, artıq, işləyib əziyyət çəkdiyini əsas gətirərək həmin haqqı müdafiə etmək istəmədi və beləcə, öyrəncəkli simmetriya alındı: erməni tərəfi «Millətlərin öz müqəddəratını həll etmək haqqı»nı müdafiə etdi, Azərbaycan tərəfi isə həmin haqqı yox, ermənilərin onu yanlış yozmasını tənqid etdi.

Günel Quliyeva göstərdi ki, «Millətlərin öz müqəddəratını həll etmək haqqı»nı separatizm olmadan da, ən yüksək statuslu avtonomiya və ya başqa şərtlərlə ödəmək olar. Diskussiya Tbilisidə getdiyi üçün Vahe uduzdu, ancaq demərəm ki, bundan pərt oldu.

Bu məhkəmədən bir il sonra Cenevrədə yaşayan Viken Çeterian bir konfrans keçirdi və mən də iştirakçılardan biri oldum. İştirakçıların çoxu ermənilər idi. Orada prof. Jerar Libaridian çıxışında Tevan Poqosyanın (Dağlıq Qarabağ separatçılarındandır) replikasına cavab olaraq qayıtdı ki, siz nədən millətlərin öz müqəddəratını həll etmək haqqını separatizm üçün əsas sayırsınız? Ölkənin sınırlarını dəyişmədən də o haqqı ödəmək olar.

Mən orada bizim Tbilisi məhkəməsindən danışdım və Günelin ideyalarını səsləndirdim. Yeri gəlmişkən, Azərbaycanda, hətta Prezident səviyyəsində də, ermənilərin öz müqəddəratlarını həll etmək iddiasına tutarlı cavab bunu sayırlar ki, «ermənilər, artıq, bir dəfə Ermənistan dövləti ilə öz müqəddəratlarını həll ediblər».

Nəzərə alanda ki, «Arsax» etnonimi Qarabağ ermənilərinin guya başqa ulus olduğunu göstərmək üçündür və ya dünyada ərəblərin, ingilislərin, almanların birdən çox dövləti var, bizim anti-separatçı arqumentimiz zəifləyir. Onun üçün də Günel Quliyevanın müdafiə etdiyi yozumu qəribçiliyə salmamalıyıq.

Görüş və söhbətlərdə düstur tapıntıları

Erməni fəalları ilə görüşlərdə bir nəsnə məni həmişə üzürdü. Onlar qonaqpərvərliklə bizi Yerevana çağırırdılar, biz isə çağıra bilmirdik və belə çıxırdı ki, ya qonaqsevər deyilik, ya da qorxağıq. Cavabında mən nəsə mızıldayırdım ki, başa düşün, torpaqlarımız Ermənistan ordusunun işğalı altında olduğu üçün sizi Bakıya çağırmaq çoxlu problem törədər.

İki il qabaq isə Leyla Əliyevanın bir cavabı mənə iti formula verdi. «Qafqazda Tarix dərslikləri necə olmalıdır ki, milli münaqişələrə zəmin olmasın?» mövzusunda konfransın bir seksiyasında o, erməni tərəfinin oxşar təklifinə dedi: başa düşün, bizim qoşunlar Gümrüdə dursaydı, o zaman biz sizin kimi, siz də bizim kimi danışardınız.
...münaqişədə ölən dinc əhaliylə bağlı erməni vətəndaş fəalları bizə baxanda daha çox yana-yana danışırlar. Qıraqdan belə təsəvvür yaranır ki, ermənilər humanist, biz isə insan həyatının dəyərini saya salmayan adamlarıq. ...Mütləq bu humanizm həm də göstərməlidir ki, münaqişənin ədalətli çözümü nədə ola bilər. Yoxsa, erməni humanizmi kartda bankı götürüb, daha oynamayaq, «qumar pis şeydir» deyən adamın cığallığına oxşayacaq.

Beləliklə, görüşlərin, debatların bir faydası dumanlı-yayğın düşüncələri kəsmə qəliblərə salmaqdır. Yəni vəziyyətlərlə ilgili təsirli deyimlər, formulalar tapmaqdır.

Görüş və söhbətlərdə problem tapıntıları

Bu il Təkəlidə bir mövzu üzrə dinləmədə idim. Konusu belə idi: «Atəşkəsin pozulması: ictimai rəyin işə qarışması nə dərəcə gerçəkdir?». Orada erməni iştirakçılarının konfliktdə tökülən qanlar haqqında ürək ağrısı ilə danışması nə qədər məni təsirləndirsə də bir narahatçılıq doğurdu və qayıdan kimi bir məqalə yazdım.

Onun əsas məzmunu bu idi: çox konfranslarda görmüşəm ki, Qarabağda və sərhəd bölgələrində münaqişədə ölən dinc əhaliylə bağlı erməni vətəndaş fəalları bizə baxanda daha çox yana-yana danışırlar.

Qıraqdan belə təsəvvür yaranır ki, ermənilər humanist, biz isə insan həyatının dəyərini saya salmayan adamlarıq. Ancaq Qarabağ münaqişəsi ilə bağlı erməni insansevərliyinə bir şərt çərçivəsində inanmaq olar.

Mütləq bu humanizm həm də göstərməlidir ki, münaqişənin ədalətli çözümü nədə ola bilər. Yoxsa, erməni humanizmi kartda bankı götürüb, daha oynamayaq, «qumar pis şeydir» deyən adamın cığallığına oxşayacaq. Onu da deyim ki, yazını Onik Kirkoryan adlı bir Britaniya vətəndaşı öz saytına qoydu.

Görüş və söhbətlərdə ideya tapıntıları

Bu il Tbilisidə azərbaycanlı və erməni gənclərin konfliktlə bağlı birgə hazırladıqları filmlərin müsabiqəsində jüri üzvü idim. Ordakı çıxışımı guya barış ruhunda formalaşdırılmış bir stereotipə qarşı qoydum. Stereotip isə budur: etnik konfliktlərdə xalqların suçu yoxdur. Siyasətçilər, ya da üçüncü güc onu törədir.

Mən isə söylədim: hər bir milli mədəniyyətin mahiyyətində başqalarına düşmənçilik potensialı gizlənir. Elə dünyanı «bizimkilərə və yadlara» bölmək də düşmənçilikdən doğur. Milli mədəniyyətin mahiyyətində gizlənən düşmənçilik qızışanda siyasətçilər ondan istifadə edə bilərlər. Onun üçün də hər bir mədəniyyət mahiyyətində duran düşmənçilik potensialını, cilovlamaq, passivləşdirmək üçün mexanizmlər formalaşdırmalıdır.

İndi söyləyəcəklərimi orada demədim, ancaq burada deyə bilərəm. Ermənilərin genosid, Böyük Ermənistan ideyaları mədəniyyətlərinin mahiyyətində duran düşmənçilik potensialını türklərə, gürcülərə yönəltmişdi.

Ermənilər düşmənçilik potensialını fəallaşdırmaqla Qafqazda çox bəlaların, gərginliklərin nədəni olublar. Onun üçün də düşmənçilik potensialını neytrallaşdırma əməliyyatlarına keçmək üçün onların məsuliyyətləri daha böyükdür.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG