Keçid linkləri

Oliqarxlar nədən hərəkətə gəldi və niyə tez də dayandılar?


Arxiv foto: Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının H. Əliyev məzarını ziyarəti

Arxiv foto: Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının H. Əliyev məzarını ziyarəti

-

Daha çox siyasi müxalifət haqda eşitməyə alışmış Azərbaycan cəmiyyəti bir neçə günün içində sanki siyasi vərdişlərini dəyişdi, hətta qəzetlərə də maraq artdı: Moskvadakı Azərbaycan əsilli oliqarxların yeni təşkilatlanma xəbəri haqda məlumatlar o qədər maraqlı idi ki, onlar digər xəbərlərin onsuz da doldurmaq iqtidarında olmadığı informasiya fəzasını bir günün içində zəbt etdi. Bəlkə də cəmiyyət bunda Gürcüstandakı son proseslərin əlamətini hiss etdi. Məsələ bundadır ki, «Gürcü arzusu»nun təntənəli qələbəsi 19 il ərzində dəyişiklik və dinamika nə olduğunu bilməyən Azərbaycan gerçəkliyi üçün də örnək ola bilərdi. Təsadüfi deyil ki, hamıdan əvvəl bu gümanlara məhz müxalifyönlü qəzetlər düşdü. Onları belə gümanlara sövq edən səbəblərdən biri isə bu idi ki, yeni təşkilatlanma formatında təmsil olunan siyasi isimlərdən biri də özünün tənqidi çıxışları və bəyanatları ilə məşhur olan R. İbrahimbəyov idi. Amma lap əvvəldən tələsik nəticələrlə çıxış etmək istəməyən insanlar da vardı, onlar bir qədər gözləməyi və yekun nəticə ilə tələsməməyi tövsiyə edirdilər. Uzağa gedən nəticələr çıxarmaq üçün prosesin bir qədər də durulmasına ehtiyac var, amma artıq indi də bəzi məqamlara aydınlıq gətirmək mümkündür.

BÖYÜK İSİMLƏR VƏ BÖYÜK TƏRƏDDÜDLƏR

Lap əvvəldən təşkilatda rəsmi Bakıya çox yaxın olan adların olması böyük və tələsik ümidlərə qapılmamağı tövsiyə edirdi. Mən o adların hamısını bir-bir sadalaya bilərəm, lakin iki nəfərin adını çəkmək kifayətdir ki, bu təşkilatın rəsmi Bakı ilə konfrontasiyaya gedəcəyi fikrindən əl çəkəsən.

Araz Ağalarov

Araz Ağalarov

A. Abbasovun və ya A. Ağalarovun hakimiyyətə çox yaxın insanlar olduğu haqda əlavə dəlillər gətirməyə ehtiyac varmı? Bəli, prosesdə R. İbrahimbəyovun da adı hallanır. Amma R. İbrahimbəyov məsələsi çox incə məsələdir. O, çox tənqidi çıxışlar edib, amma bu çıxışların həmişə bir sərhədi də olub.

İbrahimbəyov daha çox ondan narazılıq edirdi ki, prezidenti və digər əsas şəxsləri savadsız və rüşvətxor adamlar əhatə edib, onlara işləməyə imkan vermir. O, daha çox əsl elitanın siyasi və ictimai proseslərə cəlb olunmamasından narazılıq edirdi. Onda bəs Rusiyadakı iş adamlarını hərəkətə gətirən nə idi? Rusiyadakı və eləcə də bütün dünyadakı Azərbaycan diasporu Əliyev hakimiyyətinin maraqlarını təmin edən rupora çevrilib.

Rusiyadakı oliqarxlar da bu maraqlar üçün sadəcə «pul kisəsi» rolunu oynamaq istəmir. Onlar öz məqsədlərini açıq ifadə edirlər. Deyirlər ki, istəyirik ki, Dumada təmsil olunaq, bələdiyyələrin işində iştirak edək. Əslində burada pis heç nə yoxdur. Niyə görə bu gün nüfuz sahibi olan insanlar özləri proseslərə yaxından cəlb olunmamalıdır? Nədən onların Rusiyada gördüyü işlər hakimiyyətdə olan Əliyevlərin adına yazılmalıdır? İndi diasporun fəaliyyəti çox məhdudlaşdırılıb: onların işi Rusiyanın müxtəlif şəhərlərində H. Əliyevin adını əbədiləşdirmək və bir də daha çox Heydər Əliyev Fondunun adına çıxılan humanitar tədbirlərdir. Bunu diaspor fəaliyyəti adlandırmaq çox çətindir, çünki diasporun öz marağı üçün demək olar ki, heç bir iş görülmür. Digər diasporlar Rusiyanın siyasi və ictimai həyatına Azərbaycan diasporundan daha çox inteqrasiya olunub.

RUSİYA İZİ…

İlham Əliyev

İlham Əliyev

Rusiyada baş verən prosesləri bu ölkənin adı ilə bağlamaq adi haldır. Təbii ki, bu məsələdə də bunsuz sovuşmadı. Amma bu iddialar nə qədər realdır? Əgər belə bağlılıq varsa da o məqbul sərhədlərdədir: o insanlar Rusiyada yaşayır və orada bizneslə məşğul olurlar, ona görə də onlar Rusiya ilə Azərbaycan arasında normal əlaqələrin olmasında maraqlıdır. Lap yaxın və sıx əlaqələrə gəldikdə isə bu haqda konkret söz demək hələ çətindir. Düzdür, burada siyasi fantaziyaya meydan vermək və İ. Əliyevlə V. Putin arasında olan ziddiyyətdən çox danışmaq olar. Amma harada belə ziddiyyət yoxdur? O, hər yerdə var. Ona görə mən Rusiya ilə bağlı siyasətdə hələlik bir paralel görürəm. Bir xeyli müddət idi ki, Azərbaycanla Ermənistan arasındakı danışıqlar tamam dalana dirənmişdi. R. Səfərov hadisəsindən sonra onların bərpa ediləcəyinə olan bütün ümidlər də kəsilmişdi. Amma yeni təşəbbüsdə bulunan oliqarxların erməni tərəfdaşları ilə görüşündən sonra sanki buz əridi, xarici işlər nazirləri arasında görüş baş tutdu, indi də prezidentlərin görüşündən söhbət gedir… Bəlkə də bu adi bir xronoloji təsadüfdür, hər şey ola bilər.

Lakin elə təsadüflər bir çox hallarda qanunauyğunluqlara gətirmirmi?

HAKİMİYYƏT NƏDƏN EHTİYAT ETDİ?

Yeni təşəbbüsü hakimiyyətə yaxın olan isimlərin adı ilə bağlamaq siyasi gediş də ola bilər. Bəlkə bununla Moskvadakı Azərbaycan mənşəli işgüzar dairələr hakimiyyətin maraqlarına qarşı olmadıqlarına əminlik yaratmaq istəyirlər. Amma hakimiyyət dərhal təşvişə düşdü, çünki onlara fəal diaspor lazım deyil, eləsi lazımdır ki, yalnız Bakıdan gələn işarələrlə hərəkətə gəlsin. Hiss olunur, Rusiyadakı iş adamları bu rolla – Heydər Əliyev Fondunun Rusiya filialının tədbirlərində əl çalmaqla kifayətlənmək istəmirlər. Əgər həqiqətən belə tendensiya varsa, onda yaxın müddətdə Rusiyadakı diasporun da iki hissəyə – Əliyev yönümlü və bir müstəqil hissələrə bölünəcəyi labüd olacaq…

Şərhləri göstər

XS
SM
MD
LG