Keçid linkləri

Təcili xəbərlər

Alternativlər haqda düşünməyin vaxtı deyilmi?


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-

SİYASƏT BİRDƏFƏLİK MƏNZİLLƏRƏ KÖÇDÜMÜ?

Bəlkə də «kabinetlərə, qərargahlara köçdü» demək, daha düzgün olardı. Amma indi ölkədə çox az sayda partiya özünün mənzil-qərargahının olması ilə öyünə və qürurlana bilər. Həmçinin də çox az sayda partiya qərargahdan kənar fəaliyyəti ilə diqqət çəkdiyini iddia edə bilər. İndi Azərbaycanda bütün siyasi partiyalar bir «lokallaşma» dövrünü yaşayır. Hətta bu durum, belə bir hal hakimiyyətə yaxın telekanalları da narahat edir. Məsələ bundadır ki, hakim Yeni Azərbaycan Partiyası müxalifət partiyalarının fəaliyyətinə azacıq da olsa dinamizm verə bilmək iqtidarında olan bütün imkanları məhdudlaşdırmağa cəhd edir, hətta müxalifət partiyalarının təmsil olunduqları teledebatlara belə qatılmaq istəmirlər. İcazəsiz siyasi aksiyalara görə cərimələrin artırılması isə müxalifət partiyalarını öz siyasətlərinə vizual görüntü vermək imkanından tamam məhrum edir. Cərimələr böyük ehtimalla müxalifət partiyalarına görə qaldırıldı. Amma aksiyalardan təkcə onlar istifadə edirdimi? Əlbəttə ki, yox. Amma bu gün çox absurd bir vəziyyət yaranıb. Belə çıxır ki, mətbuat yayımı ilə məşğul olan təşkilatlardan, hesablarının bağlanmasından narazılıq edən media işçiləri öz etirazlarını bildirmək üçün «20-ci sahə» adlanan yerə üz tutmalıdırlar? Dəyişiklik Azərbaycanın qapılarını döymək ərəfəsindədir. İndi elə bir tanınmış xarici mətbu orqanı yoxdur ki, orada bu ölkədəki reallıqlar özünün əksini tapmasın. Reallıqlar getdikcə beynəlmiləlləşir, getdikcə daha çox adam burada baş verən hadisələrdən xəbər tutur. Ona görə də daxili resursları elə bir vəziyyətə gətirmək istəyirlər ki, onlar yalnız bir məsələyə – hakimiyyətin möhkəmlənməsinə xidmət etsin. Burada bir neqativ detalı da qeyd etmək yerinə düşərdi. H. Əliyevin vaxtında daha çox fəallıq edən bəzi siyasət və media insanları İ. Əliyev hakimiyyətə gələndən sonra öz siyasi fəaliyyətlərinin tempini, tonunu bir qədər aşağı saldılar. Bunu onunla izah etdilər ki, guya həmin adamlar İ. Əliyevdən daha çox ehtiyat edirlər. Amma bu həqiqətdən və reallıqdan çox uzaqdır. İ. Əliyev öz atasının siyasətini davam etdirir. H. Əliyevin də vaxtında siyasi və ictimai fəallar təqib edilib, həbslərə məruz qalırdı, qəzetlər böyük məbləğlərdə cərimələnir, bəzən də bağlanırdı. Bəs onda problem nədədir? Məsələ bundadır ki, İ. Əliyevin öz atası ilə müqayisədə siyasi təzyiqlərə tab gətirmək imkanları daha azdır və daha dəqiq desək, H. Əliyevin vaxtında icazəli müxalifətçiliyin sərhədləri bir, İ. Əliyevin vaxtında isə bir qədər başqadır. Ona görə də ölkənin siyasi spektri dəyişməkdə davam etməlidir. Çox güman ki, ölkə siyasəti dəyişməyənə qədər, siyasətdə bəzi komplekslərin əsiri olan adamların sayı azalmayanadək, ciddi nəticələr gözləmək çətin olacaq. Amma yeni siyasi qüvvələrin səhnəyə gəlişi bir neçə səbəbdən müqavimətlə qarşılanır. Əsas səbəb təbii ki, ölkədə yeni siyasi qüvvənin meydana çıxmasının qarşısını almağa yönələn addım və tədbirlərin çox olmasıdır. Amma yeni siyasi obrazlarla bağlı da aydınlıq və yəqinlik yoxdur. Gənclər siyasətə az gəlir. Gələndə də onlar ya artıq cəmiyyəti siyasi mənada yormuş liderlərə dəstək verirlər, ya da onları çox uğursuz şəkildə yamsılayırlar. Bu isə arzu olunan nəticəni vermir və çox güman ki, verməyəcək də.

BİR SİYASİ MİF HAQQINDA

Ölkənin müxalifət yönümlü siyasi qüvvələri özləri üçün bir mif yaradıblar. Buna siyasi bəraət də demək olar. Onlar hesab edir ki, ciddi bir iş görmək üçün ölkədə mütləq demokratik şərait bərqərar olmalı, yalnız bundan sonra onlardan nəsə tələb edilməlidir. Amma onlar bir suala cavab vermirlər: bəs bu şəraiti kim bərpa etməlidir? Tarixi təcrübə göstərir ki, ən ekstremal şəraitdə müxalifət və siyasi mübarizə olub. Partiyalar olub ki, onların əsas mərkəzi hətta xaricdə olub. Amma buna baxmayaraq onlar öz ölkələrində belə şəbəkələrini qurmağa müvəffəq olublar. Əslində leqal mübarizə üsulları bir qədər dərindən düşünülsə hakimiyyətin işini asanlaşdırır, çətinliyi daha çox qeyri-leqal mübarizə üsulları yaradır. İndi Azərbaycandakı hakimiyyət cəmiyyəti də, müxalifəti də qeyri-leqal siyasi mübarizəyə sürükləyir. Bunu görməmək və hiss etməmək mümkün deyil. Ən qorxulusu budur ki, belə haldan qeyri-leqal mübarizə üsullarına daha çox meylli olan neqativ siyasi qüvvələr istifadə edir. Dinc, leqal mübarizədə öz üstünlüyünü təsdiqləyə bilməyən bu qüvvələr qeyri-leqal şəraitdə daha qabarıq formada təzahür edirlər və bir çox hallarda ümumi narazılığın fonunda buna nail ola da bilirlər və özləri haqda fədakar və əzabkeş obrazı yaradırlar.

GÜCSÜZLƏRİN GÜCÜ

Dissident və dissidentliyin ciddi təhlillərindən birini V. Havel verib. Bu fenomeni öyrənmək üçün indi çox da uzaqlara baş vurmağa ehtiyac yoxdur. Bir məsələ artıq aydındır: ölkədə siyasi qüvvələr həm də dissident mübarizəsinə təhrik edilir. Bunun mənfi tərəfləri ilə bahəm, həm də müsbət tərəfləri var. Dissidentlik özünün intellektual tələbləri ilə daha çox seçilir. Bəzən bunu alternativ mədəniyyət kimi də qəbul edirlər. Onun gücü də məhz onda təzahür edir ki, bir gün dissidentlik mədəniyyətə sirayət etməyə başlayır. Təbii ki, hər fərqli baxış, hər alternativ mədəniyyət demokratik düşüncə kimi yozula bilməz. Amma o, sistemdaxili baxış və ya mədəniyyət deyil, ona alternativdir. Beləcə, alternativlər haqqında da düşünməlisən ki, bir vaxt «yağışdan çıxıb yağmura düşdük» - demək məcburiyyətində qalmayasan…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG