Keçid linkləri

-

Onları tanımaq və seçmək o qədər də çətin deyil. Kişilər uzun saqqalları və bir də gödək, topuğa çatan şalvarları ilə diqqəti çəkir. Qadınlar isə tamam qara parçaya bürünür, yalnız gözləri görünür. Belə insanlar indi dünyanın hər yerində var. Onlara bəlkə də yalnız Bakıda təəccüblənirlər. Özü də hələ ki… O , insanlar hələ ki, «tolerant» Azərbaycanda çoxluq təşkil etmir, əgər belə olsaydı onda ümumi fonu da onlar müəyyən edərdi və bu fondan digərləri seçilərdi. Amma onlar ümumi fon yaratmaq iddialarını da gizlətmirlər, özlərini daha dindar hesab edirlər. Əvvəllər dindarlar və bir də dinə inanmayanlar vardı. Amma bu gün bu bölgü kifayət etmir – indi daha çox inananlar var və onlar çoxluğa çevrilməkdə israrlıdırlar. Fəqət, bu halı, artıq qeyd etdiyim kimi, hələ ki təsəvvür etməyə çətinlik çəkirik. Amma belə bir əqli eksperiment var.

TOLERANT SÖZÜ NƏDƏN QICIQ YARADIR?

Əgər kimisə yaxşı başa düşmək istəyirsənsə xəyalən özünü onun yerinə qoy.
Onda həm həmin adamı, həm də özünü daha yaxşı dərk edəcəksən. Mən bunu etdim və ona görə də tolerant sözünü dırnaqda yazdım. Bu söz adamı yamanca qıcıqlandırır. Rəsmi telekanallar onu bir təbliğat vasitəsinə çevirib və az qala bütün dünyanı Azərbaycandan öyrənməyə çağırırlar. Təbii ki, bu, yalnız gülüş doğura bilər. Adama deyərlər ki, sən hələ dini müxtəlifliyin qabarıq olduğu şəraitdə yaşa, ondan sonra baxıb görərik nə qədər tolerantsan! Sovet vaxtını bir tərəfə qoymaq lazımdır. O vaxt bütün keçmiş ittifaq ölkələrində «tolerantlıq» hökm sürürdü, təbii ki, dırnaq arasında. Səbəb də bu idi ki, bütün dinlər demək olar ki, qadağan olmuşdu. İndi fərqli dövrdür. Amma çox konfessiyalıq da hələ tam təsdiq olunmayıb. Məsələ bundadır ki, sovetlərin çöküşündən sonra böyük dini icmalar Azərbaycanı tərk etdi, yəhudilər İsrailə köçdü, ruslar isə Rusiyaya. İndi Bakıya heç çoxmillətli şəhər də demək olmur. Qeyri millətlər, etnik qruplar var, di gəl, onların böyük əksəriyyəti müsəlmandır. Ona görə də tolerantlıqdan danışmaq hələ tezdir. Burada yada maraqlı detal düşür. Bir vaxt bir deputat prezident aparatının işçilərindən birini qardaşının xristian dinini qəbul etdiyinə görə daim «tənqid» edirdi. Əsl tolerant ölkədə bu gülməli görünə bilərdi. Kiminsə qardaşı xristian dinini qəbul edib? Nə olsun ki?!

Amma sözüm bunda deyil. Düşünürəm ki, daha ciddi dini sınaqlar hələ bir müddət bundan sonra, gələcəkdə olacaq. Dünyəvilik asan məsələ deyil. Bunu həqiqətən də reallaşdırmaq çox çətin işdir. Deyirlər ki, din hər bir adamın öz işidir. Amma dinə qayıtmış hər bir adamın ilk, özü də müqəddəs işi «yolunu azmış qardaşlarını» da dinə qaytarmaq və beləcə başqalarının da işinə müdaxilə etmək olur. Bu proses maraqlı çalarlar alır və bu çalarlar ölkədəki tolerantlığın həqiqi mənzərəsini daha yaxşı cızır.

DÜNYƏVİ İŞLƏRƏ VAXT QALIRMI?

Adi misallardan başlayaq. Dindar müsəlmanlar bir ay oruc tutur. Oruc tutmayanlar ən yaxşı halda bunu, oruc tutmadıqlarını gizlətməyə məcbur olurlar. Daha sonra Qurban bayramı gəlir. Bu bayramın da ən çətin sualı «Qurban kəsdinmi?» olur. Məcbursan yenə də yalan danışasan, hətta imkanının olmadığını demək də elə asan məsələ deyil, adam utanır axı! Daha sonra məhərrəmlik ayı başlayır. Bu dini mərasimlər arasında ən hüzünlüsüdür, özü də nə az, nə də çox, düz əlli gün davam edir! Bura adi cümə axşamlarını, tanışların yas mərasimlərini də əlavə etsən, dünyəvi həyat üçün demək olar ki, heç nə qalmır… Digər dini icmalar da bu dövrlərdə məcburdur ki, hansısa formada bunları pozmasın, onlara əməl etməsə də, ümumi atmosferə xələl gətirməsin. Özü də burada çox incə bir məqam var. Digər dinlərdə də bayramlar var. Amma islamda hüzünlü ayinlər, mərasimlər daha çoxdur. Bəli, prinsipcə deyirlər ki, orucluq vaxtı toy da etmək olar. Amma heç kim buna cəsarət etmir. Mən hələ Məhərrəmlik ayını demirəm, şadlıq saraylarının qapıları düz 50 gün bağlı olur. Həm də tolerant mühit özündə təkcə dini müxtəlifliyi deyil, ateizmi də ehtiva edir. Ümumdünya İnsan Haqları Bəyannaməsinin məşhur maddəsində etiqad etmək və etməmək bir səviyyədə tutulur. Amma indi hansısa bir məclisdə açıq şəkildə demək olarmı ki, mən ateistəm? Ateizm az qala əxlaqsızlıqla bir səviyyədə, ateistlər isə lap cinsi azlıqlarla bir dərəcədə tutulur. Normal dini mühit elə olmalıdır ki, insanlar bunu hiss etməsinlər. İslam dininin mərasimləri isə az qala ümummilli səfərbərlik formasında baş verir. İnsan, əgər o, həqiqətən də ürəkdən etiqad edirsə, bunu gözə soxmamalıdır. Amma bir çox adamlar, bəlkə də böyük əksəriyyət öz ayinlərini nümayişkarcasına icra edirlər. Belə mühitdə tolerantlıq yox, həqiqətən də dözə bilmək və bu ayları seçilmədən, səbrlə, özünü hiss etdirmədən başa vurmaq məharəti tələb olunur. Təsəvvür edin, hamı, bütün telekanallar yalnız orucluğun fəzilətləri haqda danışır və yaxud da Kərbəla hadisələri haqda hansısa film göstərirlər. Nə etmək olar? Sakitcə dözməlisən. Məhz belə dözümə Azərbaycanda tolerantlıq deyilir. Amma o çarəsizlikdən nə qədər fərqlənir? Bax, bunu demək çətindir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG