Keçid linkləri

-

Bu sual on beş – iyirmi il bundan əvvəl daha çox aktual idi. Amma o indi də özünün aktuallığını saxlayır, çünki ölkədə iqtisadi münasibətlər qismən dəyişsə də, əsl siyasi islahatlar istiqamətində demək olar ki, ciddi addım atılmayıb. Təsadüfi deyil ki, bu gün də ölkə üçün bu və ya digər modellər və inkişaf istiqamətləri təklif edənlər var. Üstəlik, müstəqillik tarixi eyni olan Gürcüstan növbəti ildən başlayaraq öz siyasi sistemində ciddi islahatlar aparmaq niyyətindədir. Nəzərə alsaq ki, belə proseslər Türkiyə kimi böyük dövlətçilik tarixi olan ölkələrdə də gedir, onda məsələnin bir o qədər də əhəmiyyətsiz olmadığı qənaətinə gələrik. Bəri başdan deyək ki, bu məsələ ilə bağlı rəsmi səviyyədə hələ ki hər hansı təklif səsləndirilməyib və güman etmirik ki, yaxın vaxtlarda belə təkliflər gündəmə gələcək, çünki ölkə rəsmiləri hazırkı siyasi sistemi nəinki mükəmməl hesab edirlər, hətta dünyanın inkişaf etmiş ölkələrini də ondan öyrənməyə çağırırlar.

Amma görürsən ki, arabir müstəqil deputatlar, ayrı – ayrı politoloqlar ölkənin siyasi transformasiyası haqda fikir yürüdürlər. Fəqət, bu fikir və təkliflərdə ölkəni daha demokratik görmək arzusu deyil, əksinə onun bir qədər də avtoritarlaşması ideyası ifadə olunur. Hətta bu yaxınlarda bir müstəqil deputat belə bir fikir demişdi ki, Azərbaycan öz inkişafında Çin modelinə üstünlük verməlidir. Amma gəlin baxaq, görək, Çin modeli nədir? Bu, adi avtoritar, tək partiyalı siyasi sistem modelidir. İqtisadiyyatda nisbətən sərbəstlik var, amma siyasi sfera tamamilə bir partiyanın şəriksiz nəzarətindədir. Əslində Azərbaycan bir neçə ildir ki, bu yolla gedir. Ölkədə faktiki olaraq bir partiyalı sistem bərqərar olub, digər partiyalar yalnız simvolik status və məzmun kəsb edirlər. Təbii ki, bir çox parametrlə – korrupsiyanın vəziyyəti və inhisarçılığın səviyyəsi ilə bağlı Çin ilə müqayisədə fərqlər tapmaq mümkündür. Amma bu daha çox ənənə məsələsidir.

Sistemlər demək olar ki, identikdir. Belə olduğu təqdirdə günün bu çağında nədən bəziləri avtoritar Çin modelinə bu qədər maraq göstərirlər? Bunun yozumu sadədir. Hakimiyyətdə olanlar və yaxud da hakimiyyətə yaxın olanlar mövcud status-kvonun dəyişməsini istəmir, indiki bölgünün və həmçinin münasibətlərin qalmasını arzulayırlar. Əslində həqiqi keçidin istiqaməti bəllidir və bu, belə bir ardıcıllıqla baş verməlidir – diktatura – avtoritar rejim – demokratik quruluş. Azərbaycan bu sıranın ikinci həlqəsindədir.

Bundan sonra yol demokratiyanındır. Təbii, keçid həmişə bir istiqamətli olmur, bəzən geri çəkilmələr də baş verir. Məsələn, indiki vəziyyətə nəzər salsaq, demokratiya istiqamətində birmənalı addımlar atılmır, əksinə bir az da geriyə – totalitar quruluşun elementlərinin bərpası istiqamətində addım atmağa cəhd edilir. Belə bir vəziyyətdə məqsəd aydınlığı çox mühüm məsələdir. Məqsəd aydınlığı isə ölkənin müxtəlif təbəqələrinə aid olan insanların çıxışlarında, fikirlərində öz ifadəsini tapmalıdır. Amma baxıb görürsən ki, vəziyyət düşünüləndən də bir qədər qəlizdir. Bəzi insanlar hələ də belə hesab edir ki, avtoritar siyasi sistem özünün bütün imkanlarını tükəndirməyib. Onlar hələ də belə hesab edirlər ki, ölkədə baş verən proseslər avtoritarizmin qüsurları nəticəsində deyil, əsl «güclü əl»in, sərt quruluşun, «həqiqi diktatura»nın bərqərar olmamasının nəticəsidir.

AVTORİTARİZMƏ NƏ VAXT SİFARİŞ YARANIR?

Avtoritarizm üçün əslində bəraət yoxdur. Amma bəzən çox ciddi iqtisadi keçid dövrlərində «vintlər»in bir qədər bərkidilməsini tövsiyə edirlər. Bunun özü bir qədər mübahisəli məsələdir, amma etiraf edirik ki, dünya praktikasında buna təsadüf olunur. Amma konkret olaraq Azərbaycana gəldikdə isə artıq rəsmi şəkildə elan edilib ki, iqtisadi keçid dövrü bitib.

İqtisadi keçid üçün dövlətlərə maksimum on - on beş il lazım gəlir. Amma Azərbaycan artıq 21 ildir ki, müstəqildir. Bura dövlətçilik təcrübəsi üçün ayrılan vaxtı da əlavə etmək olar. Amma limit artıq bitib. Daha ölkədə avtoritar sistemin qalmasını əsaslandırmaq üçün gətirilən bütün dəlil və arqumentlər tükənib. Tədricən demokratiyaya keçmək lazımdır. İnsanların demokratiya təcrübəsinin və mədəniyyətinin azlığına gəldikdə isə, heç kim bunu onlara hazır şəkildə gətirib verməyəcək, onlar bunu təcrübədə öyrənməlidir. Bəzən deyirlər ki, demokratiya siyasi demoqoqiyaya gətirib çıxarır. Amma belə deyil. A. Smith deyirdi ki, bazarın «gizli əli» hər şeyi özü nizamlayacaq. Demokratiya da belədir. İnsanlara inanmaq lazımdır, o yerdə ki, insana inam yoxdur, orada humanist quruluş bərqərar ola bilməz.

KİÇİK SÖZARDI

Əslində bu mövzu böyük konfransların predmeti olmalıdır, çünki çoxdandır bu ölkədə « Biz haradayıq? Hara gedirik?» kimi suallar verilmir. Avtoritar idarəçilik müəyyən nəticələr verdi – sabitlik yarandı, pis-yaxşı dövlət institutları formalaşdı, iqtisadiyyat «ölü nöqtə»dən çıxdı, bazar münasibətləri formalaşdı… Amma o, artıq özünü tükəndirib, indi böhran və staqnasiya dövrü başlayıb. Daha bir neçə il də avtoritarizmdə qalmaq əldə olunmuş azacıq nəticələri də itirmək demək olacaq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG