Keçid linkləri

-

Tək Azərbaycan üçün deyil, bütün keçmiş sovet respublikaları üçün həmişə bir Rusiya kabusu mövcud olub. Bəlkə bunun nəticəsidir ki, real gərginliyin olmadığı hallarda belə müxtəlif insanlar – jurnalistlər, təhlilçilər onun təzahürünü axtarmağa çalışırlar. Bəzən bu, real olur və özünü doğruldur, bəzən isə əksinə, şişirdilir. Söhbət indiki münasibətlərdən gedirsə, onları o qədər də rəvan hesab etmək olmaz. Təsadüfi deyil ki, İ. Əliyev öz partiyasının yaradılmasının 20-сi ildönümünə həsr olunmuş tədbirdəki çıxışında Rusiyanın ünvanına sərt fikirlər səsləndirdi. O vaxtdan indiyə qədər yerli mətbuat Azərbaycan – Rusiya münasibətlərini özünün əsas mövzusuna çevirib. Amma vəziyyəti adekvat qiymətləndirmək üçün bir qədər də əvvələ qayıtmaq lazımdır. İ. Əliyevi kəskin fikirlər söyləməyə nə vadar etdi? Məsələ bundadır ki, digər ölkələrdən fərqli olaraq Rusiya ilə münasibətlərdə o həmişə ehtiyatlı olur və ənənəvi diplomatik ritorikanın sərhədlərindən kənara çıxmır. Amma bu dəfə alınmadı. Bəlkə bunun сiddi siyasi kökləri də var. H. Əliyev siyasi reallıqların əsiri olmasa da heç bir vaxt reallıq hissini itirmirdi, o rəhbərlik etdiyi Azərbaycanın dünya siyasətindəki yerini və çəkisini düzgün qiymətləndirməyi bacarırdı. Amma İ. Əliyev bu qaydanı gözləməyə çalışsa da, bəzən emosiyaları tab gətirmir, böyük zal, gur işıqlar və onu maraqla dinləyən insanlar ani də olsa reallıq hissini boğur və o, bəlkə də üzbəüz, təkbətək deyilməli olan fikirləri geniş auditoriya qarşısında söyləməyə başlayır. Desək ki, İ. Əliyev siyasətində Rusiyadan həmişə ehtiyatlı məsafə saxlayıb, bu, bir qədər də ədalətli olmaz. O, Rusiya ilə münasibətlərdə «Sənin dostun mənim dostum, düşmənin isə mənim düşmənimdir!» prinsipinin çərçivəsində qalmır. Bunu sübut etmək üçün kifayət qədər faktlar xatırlamaq olar. Amma o, münasibətlərdə «diplomatik taran»a da getməyi sevmir. Ona görə də iki ölkə arasında bu günə qədərki münasibətləri sadəcə, dözümlü adlandırmaq olardı. Amma bu dəfə əsəblər dözmədi və bu dözümsüzlük artıq öz ifadəsini hakimiyyətə yaxın mediada da büruzə verir.

ZAHİRƏN HƏR ŞEY OXŞAYIR, AMMA…

Qafqazda baş verən proseslərə həssas yanaşmaq bir tərəfdən bu bölgənin bütün siyasətçiləri üçün təbiidir. Amma başqa bir Qafqaz ölkəsində baş verən proseslərin identik inikasını öz ölkəndə gözləmək artıq xoflanmaq əlamətidir. Gürcüstanda hər şey bir kasetdən başladı. Azərbaycan da belə kaset meydana çıxdı və bu gün artıq o, əsl siyasi seriala çevrilib. Təxminən bir vaxtda da rusiyalı milyarderlərin təşəbbüsü meydana çıxdı. Hər şey onu deməyə əsas verirdi ki, hər iki ölkə üçün eyni siyasi ssenari cızılıb.

İndi oliqarxların təşəbbüsü dondurulsa da, öz inkişafını tapmasa da, hakimiyyət özünü elə aparır ki, sanki böyük bir xəyanətin izinə düşüb və onu bağışlaya bilmir. Daha təbii olardı ki, onlar bir-birinin ardınca meydana çıxan kasetlərdə səslənən fikirlərə, orada əks olunan faktlara öz diqqətlərini artıraydılar. Amma bu, hiss olunmur. Burada görünür belə bir fakt da rol oynayır ki, Gürcüstan cəmiyyətindən fərqli olaraq Azərbaycan cəmiyyətini nəinki bir, hətta bir neçə kasetlə hərəkətə gətirmək çətindir.

Rusiyadakı milyardçıların bəlkə özləri də hakimiyyəti bu qədər narahat edəcəklərini düşünmürdülər. Bunun baş verməməsi üçün onlar təşəbbüsə Bakıdakı siyasi elitaya yaxın adamları cəlb etmişdilər. Amma Bakıdakı hakimiyyətin, hətta özünə nisbətən yaxın adamlara hansı rolları ayırdığı artıq məlum oldu. Bu rol Heydər Əliyev Fondunun Rusiya filialı ətrafında vurnuxmaqdan o tərəfə keçmir. Siyasətə sanki tabu qoyulub, bununla yalnız hakim ailənin üzvləri məşğul ola bilərlər. Hər halda, rəsmi Bakının hələ də sönməyən hiddəti, hikkəsi belə qənaətə gəlməyə əsas verir. Amma münasibətlər tək bu detallarla məhdudlaşmır. Yada salmaq olar ki, bu vaxta qədər Qəbələ RLS-i ilə bağlı da razılıq əldə edilməyib. Təbii ki, Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq niyyəti də qonşu Rusiyanı qıcıqlandırmaya bilməz. Rəsmi Bakı rusiyalı oliqarxların təşəbbüsünü bütün bunlara cavab hesab edir. Ona görə də hadisələrin düyün nöqtəsinin necə açılacağını proqnozlaşdırmaq elə də çətin deyil. Əgər bu təşəbbüsün arxasında Rusiya dayanırsa və bu ölkə Azərbaycan hakimiyyəti ilə bağlı artıq öz fikrini qətiləşdiribsə, onda rusiyalı oliqarxların təşəbbüs etdiyi təşkilat gec-tez qurulacaq. Yox, əgər rəsmi Bakı qabağa düşərək, öz xidmətlərini bir daha Rusiyaya təklif edə bilsə, onda təşəbbüs donacaq. Gürcüstandan Azərbaycanın bir fərqi var. Rusiya öz qapılarını M. Saakashvili-nin üzünə tamam bağlamışdı. Amma Azərbaycanın timsalında bu, belə deyil, qonşu ölkə rəsmi Bakı üçün hələ şans saxlayır. Elə rusiyalı oliqarxlar da bundan ehtiyat edir, onlar Bakı ilə Moskva arasındakı daim dəyişən arakəsməyə düşmək istəmirlər.

SİYASƏTİN YAZILMAYAN QANUNU

İki ölkə arasında cərəyan edən siyasi proseslər müəyyən mənada siyasətin özünün xislətinə uyğundur. Siyasətdə hamı bir-birindən istifadə edir. Özünün maksimalist siyasi prinsipləri ilə fərqlənən siyasi dairələrdə bəzən belə fikirlər o qədər yaxşı qarşılanmır. Amma bu, siyasətdir. Azərbaycanla Rusiya arasında yaşanan indiki siyasi gərginliyin təkcə rusiyalı oliqarxların iradəsi və iddiası ilə yarandığını iddia etməkdən uzağıq. Amma Azərbaycan hakimiyyəti neçə illərdir bütün vasitələrlə, bəzən hətta qeyri-məqbul və yolverilməz vasitələrlə ölkə müxalifətinin siyasətə yolunu bağlamırmı? Ona görə də «Siyasət nəcib qızlar klubu deyil» deyənlər, qismən haqlıdır. Ola bilməz ki, siyasətdə bir tərəf üçün bütün vasitələr məqbul sayılsın, o biri tərəf isə yalnız cəngavərlərə xas yüksək prinsiplərdən istifadə etmək məcburiyyətində qalsın. Siyasətdə belə olmur, ən azı ona görə ki, onun adı siyasətdir, xüsusən də nəzərə alanda ki, mövcud olduğu min illər ərzində bu peşə florensiyalı N. Machiavelli-nin «Məqsəd vasitəyə bəraət qazandırır» prinsipindən çox da uzağa gedə bilməyib…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG