Keçid linkləri

-
«The Washington Post» qəzetinin yazdığına görə, Meksika paytaxtında Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevə abidə ucaldılması anlaşılmazlıq və etirazlar doğurub.

Etirazçıların fikrincə, Heydər Əliyev avtoritar lider sayıldığından, onun heykəli Mahatma Gandhi, Abraham Lincoln və başqa dünya liderlərinin abidələri ilə bir sırada dayana bilməz.

Azərbaycan rəhbərliyi heykəl sökülərsə, sanksiyalara əl atacağı ilə xox gəlir. Xarici İşlər naziri Elmar Məmmədyarovla üz-üzə görüşmək imkanım olmadığına görə onun bu suallara cavab verməsini istəyirəm.

SUALLAR:

1. Dünyanın müxtəlif ölkələrində Heydər Əliyevin heykəllərini ucaltmaqda hansı məqsəd güdülür? Məqsəd – ən yeni çağ Azərbaycanının görkəmli dövlət və siyasi xadiminin xatirəsini əbədiləşdirməkdirsə, niyə bu heykəlin ucaldılmasına pis baxan ölkələrdə də edilir?

2. Məqsəd – Heydər Əliyevin adını əbədiləşdirmək deyilsə, Azərbaycanın dövlətçilik və mədəniyyətinin təbliğidirsə, nədən poeziya ustadları Nizamiyə, Nəsimiyə, həm şah, həm də şair Xətaiyə, alim Nəsrəddin Tusiyə və ya daha kimlərə abidə qoyulmasın? Özləri bir yana, yaratdıqları qəhrəmanlar heykəllərə çevrilməsin?

3. Heydər Əliyevin heykəlinə etirazlar günbəgün coşub-daşırsa və paytaxt Mexikonun meri də narazılarla hesablaşmağa məcbur qalırsa, onları Azərbaycan səfirliyinin bağlanması ilə hədələmək doğrumu davranışdır? Bəyəm Meksika sovetlər imperiyası çökəndən sonra Azərbaycanı ilk tanıyan ölkələrdən biri deyil? Bəyəm Meksika Senatı dünya parlament qurumları arasında Xocalı faciəsini ilk dəfə soyqırımı kimi tanımayıb?

4. Meksika paytaxtı sakinlərinin etirazlarını nəyə bağlayırsınız? Doğrudanmı təkcə Heydər Əliyevin heykəlini guya gözü götürməyən erməni diasporunun əməllərinə? Bəlkə başqa səbəblər də var?

5. Meksika yazıçısı Homero Aridjis-in prezident Heydər Əliyevi bütün dünyada insan hüquqlarını pozan bir şəxs kimi ad çıxaran lider hesab etməsinə hansı əsas var və ümumiyyətlə varmı? Xüsusən də Heydər Əliyevi üzdəniraq şəxslər olan Adolf HitlerJoseph Stalin-lə bir tərəziyə qoymaq? Aridjis-in əlində bir dəlil-sübut yoxdursa, Meksikanın aparıcı mediasında nədən onun suçlamalarına layiqli cavab verilmədi?

Mexikoda Heydər Əliyevin heykəli

Mexikoda Heydər Əliyevin heykəli

6. Hansı iqtisadi, maliyyə və siyasi meyar və arqumentlərə dayanaraq, gələcəkdə Meksika iqtisadiyyatına 4 milyard ABŞ dolları civarında yatırımlara qərar verilib?

7. Yatırım qərarı zamanı Azərbaycanın ümummilli liderinə heykəl qoyulmasına razılaşması üçün Meksika rəhbərliyi ilə dil tapmaq niyyəti də güdülübmü? Parkın abadlaşdırılmasına xərclənən xeyriyyə amaclı 5 milyon ABŞ dollarını hesaba qatmadan soruşuram. Belə bir niyyət güdülürdüsə, Meksika iqtisadiyyatına 4 milyard ABŞ dolları civarında yatırım həm iqtisadi, həm də maliyyə baxımından nə dərəcədə əsaslandırılıb?

8. Elə bir niyyət güdülməyibsə, milyardlarca dollarlıq yatırımın iqtisadi və maliyyə arqumentləri yetərincə ölçülüb-biçilibsə, ictimai basqılar ucbatından Heydər Əliyevin heykəlinin sökülmə olasılığı niyə belə qarşılanmalı və Meksika iqtisadiyyatına yatırımlardan vaz keçmək hədəsi səslənməliydi? Bu cür hədə-qorxu və xox gəlmək davranışları Azərbaycanın maliyyə və iqtisadi siyasətini, bütövlükdə dövlət siyasətini necə səciyyələndirir?

9. Meksikadakı heykəl olayı barədə sosial şəbəkələrdə belə fikirlər də səslənib ki, Azərbaycanın milli maraqları Əliyevlər ailəsinin maraqlarına tabe etdirilib. Buna nə deyərdiniz, hörmətli Elmar müəllim?

10. Bilirəm ki, bəzi suallar Sizin səlahiyyət çərçivənizi aşır. O üzdən bir məqamı dəqiqləşdirmək istəyirəm: Azərbaycan Respublikasının xarici işlər naziri kimi Siz Prezident İlham Əliyevə heç olmasa daha ölçü-biçili və daha balanslı diplomatik yanaşma və qərarlar təklif etmisinizmi? «Hə»sini, «yox»unu söyləyin.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG