Keçid linkləri

-
Azərbaycanlıların məşhur bir deyimi var: «Köhnə yurdun qədrini təzə yurdda bilərlər».
Mənə həmişə belə gəlib ki, şotlandlarla azərbaycanlılar arasında izahedilməz bir oxşarlıq var.

Şotlandiya premyer liqasının qapıçısı Graeme Smith öz ölkəsində jurnalistlərə bildirib ki, «Azərbaycanın «Qəbələ» futbol klubunda bir mövsüm oynadıqdan sonra «gözləri açılıb»».

O deyib ki, əsil istedadı güləş olan millətin futbol klubundakı təcrübəsindən sonra innən belə öz vətənin futboluna yuxarıdan aşağı baxmayacaq.

Şotlandiya mətbuatının «ulduz qapıçı» adlandırdığı futbolçu deyir ki, Qəbələdə çıxışından sonra Şotlandiya komandalarının özlərinin kasad büdcələri ilə daha yaxşı oynadıqlarını və nə qədər fədakar olduqlarını anlayıb.

O, bu sözləri «Qəbələ»nin britaniyalı məşqçisi Tony Adams-la bağladığı qısamüddətli kontraktı başa çatdıqdan xeyli sonra deyib.

Hazırda Graeme Smith öz vətənində «Partick Thistle» klubundan qısamüddətli kontrakt alıb.

ONLARINKI FUTBOL YOX, GÜLƏŞDİR, AMMA KALAN PULLARI VAR …

Azərbaycana səfəri haqqında qapıçı belə deyir:

«Mən ora getdim ki, Şotlandiya futbolundan fərqli bir təcrübə keçim və bu, doğrudan da fərqli idi».

«Azərbaycanda futbol klublarının kütləvi azarkeşləri yoxdur», - deyir Smith. «Futbol oranın əsas idman növü deyil. Onlarınkı güləşdir. Amma pula pul demirlər…».

Futbolçu bildirir ki, Azərbaycanda ilk 6-lığa daxil olan futbol komandalarının büdcəsi Şotlandiya klublarınkından 10-15 dəfə artıqdır:

«Klub sahibləri komandalara pul səpələyirlər, hələ hökumət də vəsait ayırır. Onlar beləcə idmanı inkişaf etdirmək Tony Adams

Tony Adams

istəyirlər».

Ulduz qapıçının sözündən belə çıxır ki, «bizim «Qəbələ» qədər pulumuz olsa, görün nə möcüzələr göstərərik».

QƏBƏLƏ EDİNBURQ DEYİL

Şotlandiyanın «The Daily Record» saytı yazır ki, Graeme Smith-i «Qəbələ» klubuna onun məşqçisi - «Arsenal» klubunun əfsanəvi keçmiş müdafiəçisi Tony Adams iki yay əvvəl dəvət edib.

Lakin Adams klubu bundan dörd ay sonra tərk edib və qapıçı Smith «Qəbələ»nin heyətində yalnız 7 dəfə meydançaya çıxıb.

Burada xatırlatmaq yerinə düşərdi ki, Tony Adams «Qəbələ» futbol klubu ilə 2010-cu ilin may ayında üçillik kontrakt imzalayıb. 2011-ci il noyabrın 16-da ailə vəziyyəti ilə əlaqədar məşqçi kimi postunu tərk edib. Bu ilin oktyabrında az qala birillik fasilədən sonra Adams yenidən «Qəbələ» klubuna qayıdıb.

Belə başa düşmək olar ki, şotlandiyalı qapıçının Qəbələ təcrübəsi əsasən Adams-ın orada olmadığı aylara təsadüf edir.

O deyir:

«Qəbələ bir kənddir. Məşqlər zamanı bir də görürdün ki, inəklər meydançaya daxil oldular…».

«Oralar, əlbəttə, Edinburqla müqayisə olunmaz. Amma mən bu təcrübədən doğrudan da həzz aldım», - söyləyir qapıçı. «Orada oyunçuların bəlkə də 50 faizi müsəlmanlar idi və çox vaxt soyunub-geyinmə otağında ibadət edirdilər».

Britaniyanın Nortlants şəhərinin stadionuna da inək daxil olubmuş

Britaniyanın Nortlants şəhərinin stadionuna da inək daxil olubmuş

Graeme Smith deyir ki, onların ingilis tərcüməçiləri olub. İngilis dili «Qəbələ» klubunda ikinci dil imiş və məhz buna görə də o, «mədəniyyət şoku» almayıb.

Amma bütün bu Qəbələ memuarından belə başa düşmək olar ki, doğma Şotlandiyada da ona kontraktı çox qısa müddətə veriblər. O, hələ isbat etməli olacaq ki, «Qəbələ» klubundakından daha yaxşı oynamağa qabildir.

BRİTANİYA İNƏKLƏRİ DƏ FUTBOLU SEVİRLƏR

Deyirlər, söz vaxtına çəkər. Elə ötən ilin bu çağlarında Britaniyanın Nortlants şəhərinin stadionuna da inək daxil olubmuş.

Həm də Qəbələdəki kimi məşq zamanı yox. Oyunun qızğın çağında.

Yerli «Potterspury» ilə «Southcott Village Reserves» komandaları arasında keçirilən matçın hakimi o qədər çaşıb ki, 2 tonluq inəyə qırmızı kart göstərib.

Buna baxmayaraq, cərimələnmiş heyvanı 25 dəqiqə müddətində meydançadan çıxarmaq mümkün olmayıb.

Təsəlli budur ki, «Qəbələ» ona xərclənən pulların müqabilində gözlənilən oyunu göstərməyə bilər. Hətta bu işdə onun karına İngiltərənin əfsanəvi futbolçusu və Şotlandiyanın gənc qapıçısı da gəlməyə bilər. Amma hər halda Qəbələ inəkləri Britaniya inəklərindən daha tərbiyəlidirlər.

Bir də axı, inəyin bura nə dəxli var?

Şərhləri göstər

XS
SM
MD
LG