Keçid linkləri

Təcili xəbərlər

«Green Card» lotereyasının sonu?


-
ABŞ-ın Nümayəndələr Palatasının 139-səsə qarşı 245 səslə qəbul etdiyi qanun layihəsi 55 min daimi yaşayış icazəsini ehtiyatda saxlamağı və bu “Green Cardları” (yaşıl kartları) ABŞ universitetlərində elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə təhsil almış, maqistr adına və ya elmi dərəcəyə yiyələnmiş xaricilərə verməyi nəzərdə tutur.

Nümayəndələr palatasının bu qərarı illik “Green card” lotereyasına son qoya və bu yerləri yüksək təhsilli xaricilər üçün saxlaya bilər.
“Green card” lotereyası ilə ən çox mükafatlandırılan mühacir qruplarından biri isə keçmiş Sovet məkanından olanlardır.

ABŞ AĞILLILARI SEÇMƏK İSTƏYİR

Qanun layihəsi STEM ( Science, Technology, Engineering, Math) adlanır. Bunun müəlliflərindən olan respublikaçı Lamar Smith deyir: “Qlobal iqtisadiyyatda biz xariciləri ABŞ-da oxudub sonra da geri göndərə bilmərik ki, gedib orda bizim iqtisadi rəqiblərimizə işləsinlər”.

Yeni qanun layihəsini ABŞ-ın ən güclü lobbilərindən olan texnologiya lobbisi də dəstəkləyib.

DEMOKRATLAR QOYMAYACAQ

Nümayəndələr palatasında olan demokratlar isə qanun layihəsini səhv hesab edirlər. Onların fikrincə, birinin təhsil səviyyəsi aşağıdırsa, o, ABŞ-a mühacirət edə bilməzmi? Bu, təhsil səviyyəsinə görə ayrı-seçkilik deyilmi?

İllinois ştatından demokrat Luis Gutierrez yeni qanun layihəsini ABŞ-a mühacirətin zəngin irsinin və dəyərlərinin üzünə şapalaq adlandırır.
“Azadlıq heykəlinin üstə işarə qoyulmayıb ki, sənin İQ-n (intellekt əmsalın) bu səviyyədədirsə, keçə bilərsən.”

Ancaq bu qanun layihəsinin qanuna çevrilə biləcəyinə çox az adam inanır. Çünki demokratların əksəriyyətdə olduğu Senat bu layihəni rədd edəcək.

Green Card
Green Card

ABŞ-ın immiqrasiya siyasəti üzrə ekspert Audrey Singer hesab edir ki, yeni qanun layihəsinin ən böyük problemi onu respublikaçıların təklikdə hazırlmasıdır.

“Belə qanun layihələrinin qabağa gedə bilməsi üçün hər iki tərəf bir masa arxsında oturub, ortaq məxrəcə gəlməlidir.”

Mühacir məsələsi ABŞ-da son prezident seçkilərində ən qaynar məsələlərdən biri idi.
ABŞ-da 11 milyon qanunsuz miqrant var.

Barack Obama söz verirdi ki, mühacir problemini ikinci prezidentliyi dövründə öz prioritetlərindən edəcək.

GREEN CARD

1995-ci ildən ABŞ ona mühacirət etmək istəyən milyonluq kütlənin kiçik bir hissəsinə green card – daimi yaşayış icazəsi verir.

Bu il üçün məsələn, müraciət edənlərin ailə üzvləri ilə birlikdə sayı 12 milyon 500 mindir.

Green card almaq istəyənə İQ tələbi yüksək deyil – onun tam orta təhsili və ya son iş yerində iki illik təcrübəsi olmalıdır.

Son vaxtlar bəziləri hesab edir ki, bu green card lotereyasına daha ehtiyac yoxdur.

Ancaq ekspert Singer deyir ki, green card ABŞ-ın immiqrasiya siyasətinin tərkib hissəsidir. Yəni, onu ləğv etmək asan deyil.
Bununla belə, onun sözlərinə görə, gələcəkdə qanunvericilər immiqrasiya siyasətində dəyişiklik etdikcə, green card məsələsində də dəyişiklik ola bilər.

Ən son yazılan

XS
SM
MD
LG