Keçid linkləri

Balaca ölkələrin «geosiyasi mövqe» xülyası


Arxiv foto: Seulda keçirilə nüvə təhlükəsizliyi sammitində prezidentlər (soldan-sağa) İlham Əliyev, Nursultan Nazarbayev, Barack Obama və Lee Myung-Bak ailə şəkli çəkdirən zaman yerlərini axtarırlar. 27 mart 2012-ci il.

Arxiv foto: Seulda keçirilə nüvə təhlükəsizliyi sammitində prezidentlər (soldan-sağa) İlham Əliyev, Nursultan Nazarbayev, Barack Obama və Lee Myung-Bak ailə şəkli çəkdirən zaman yerlərini axtarırlar. 27 mart 2012-ci il.

-
QANADSIZ QUŞLAR

Bir vaxtlar "geopolitika" sözü yazarların arasında yaman dəbdəydi. Bəzi yazarlar yeri gəldi-gəlmədi bu sözü işlədir və yazılarını bu rubrika altında verməyə cəhd edirdilər.

Adamı ən çox dilxor edən isə Azərbaycanın geopolitikasının vəsf edilməsi idi.

Yazırdılar ki, bəs, bizim çox əlverişli geopolitik vəziyyətimiz var və bundan mütləq yararlanmalıyıq. Amma Azərbaycan şimaldan Rusiya, cənubdan İran və qərbdən isə Ermənistanla əhatə olunub, ərazisinin bir hissəsi də əsas ərazidən kənardadır. Buna rəğmən hələ də bir çoxu monoton şəkildə coğrafiyanın bu ölkəyə bəxş etdiyi üstünlük haqda yorulmadan danışmağı sevirlər.
Bəlkə də dünya maraq və mənafe üstündə deyil, hüquq və ədalət üstündə qurulsaydı kiçik dövlətlər üçün daha yaxşı olardı...

Amma real siyasətin içində olanlar və daim onun soyuq nəfəsini hiss edənlər yəqin bu «üstünlükləri» başqalarından daha çox hiss edirlər.

Bunu anlayaraq həmişə beynəlxalq siyasətə geosiyasi prizmadan deyil, daha çox humanitar yöndən baxmağın lazımlığını vurğulayırdım.

Bəlkə də dünya maraq və mənafe üstündə deyil, hüquq və ədalət üstündə qurulsaydı kiçik dövlətlər üçün daha yaxşı olardı.

Amma zaman bu tezisi də özünəməxsus tərzdə saf-çürük etdi. Bəli, siyasətdə zaman güclü faktor kimi çıxış edir. Ancaq məlum oldu ki, o, heç də həmişə bütün yaraların dərmanı olmur, əksinə yeni sürprizlər və yeni problemlər gətirir. İndi iki qonşu ölkənin – Azərbaycanın və Gürcüstanın vəziyyətinə baxanda buna əmin olmaq heç də çətin deyil.

Bu iki ölkə geopolitikanın bəzi hallarda sərbəst parametri kimi çıxış edən zamana çox böyük ümid bəsləyirdi. Azərbaycanda bu daha çox hiss olunurdu, çünki zaman həqiqətən də bəzi üstünlüklər gətirməli idi və gətirdi də. Amma zaman bir məsələdə – Qarabağ probleminə münasibətdə real diplomatik və hərbi üstünlüyə gətirib çıxarmadı.

Eyni sözləri Gürcüstandakı münaqişələr haqqında da demək olar.

Biz nə vaxtsa beynəlxalq hüququn qələbəsi ilə bağlı ümidlərə qapılarkən Şotlandiya Böyük Britaniyadan, Kataloniya İspaniyadan ayrılmaq istəyir və bu ayrılma, qopma prosesini artıq çoxdan başa çatdıranlar da var – məsələn, bu yerdə Kosovonu yada salmaq olar.
Rusiya görəndə ki, artıq hansısa ölkəni öz orbitində saxlaya bilmir, onun «qanadları»nı kəsib buraxır.

Ümid etmək ki, bir yerdə prinsip bir formada, başqa yerdə isə digər formada tətbiq olunacaq, bu, sadəlövhlük olardı.

Azlıq getdikcə dünya siyasətində daha çox diqqət çəkir. Fərqi yoxdur, bu, dini azlıq, ya etnik azlıq, ya da hətta cinsi azlıq ola bilər.

Misallar çoxdur. Onlar çoxlarına aydındır, amma insanlar bu xüsusda susmağa üstünlük verirlər.

İndi qonşu Gürcüstanla Rusiya arasında hələ də diplomatik münasibətlər bərqərar olmayıb, nə Rusiya tələsir, nə də Gürcüstan.

Əvvəl bir neçə dəfə yazmışdıq ki, Gürcüstanın Baş naziri Bidzina Ivanishvili-nin (B.İvanişvilinin) Rusiyanı üçüncü dəfə kəşf etmək cəhdi siyasi fiasko ilə bitəcək. Düşünmürük ki, Rusiya özünün Abxaziya və Cənubi Osetiya siyasətinə yenidən baxsın. Böyük ehtimalla bu, olmayacaq.

O bir tərəfdən də B. Ivanishvili də Rusiyadan bu iki ərazi ilə bağlı siyasətini dəyişməyi gözləyir. Hətta belə təsəvvür yaranır ki, Rusiya Gürcüstana o qədər də maraq göstərmir, bu ölkədən qopardığı iki ərazi onu qane edir.

Rusiya görəndə ki, artıq hansısa ölkəni öz orbitində saxlaya bilmir, onun «qanadları»nı kəsib buraxır.
Azlıq getdikcə dünya siyasətində daha çox diqqət çəkir. Fərqi yoxdur, bu, dini azlıq, ya etnik azlıq, ya da hətta cinsi azlıq ola bilər.

Burada mənim yadıma çoxdan oxuduğum bir roman düşür. Onun adı «Qanadsız quşlar» idi…

Başa düşürəm, bu, çox pessimist notdur. Amma məsəl var deyirlər ki, pessimist sadəcə məlumatlı optimistdir.

Təbii ki, geosiyasi kataklizmlər baş versə, tutaq ki, Rusiyada milli hərəkatlar qızışsa, bu ölkə yenidən parçalanma ilə üz-üzə qalsa, onda çox şey dəyişə bilər. Amma bunun ehtimalı nə qədərdir? Romantikləri çıxmaq şərtilə çətin ki, kimsə bu suala təsdiqedici cavab verə bilsin.

MƏDƏNİYYƏT, YALNIZ MƏDƏNİYYƏT!

Kiçik ölkələr bilməlidir ki, onlar kiçik olduqlarına görə bəzi böyüklərin özünə rəva bildiyi şeyləri tutuquşu kimi təkrar edə bilməzlər, çünki onlar kiçik və zəif olduqlarından heç kim onların nazı ilə oynamayacaq. Artıq tək superoptimistlər ümid edə bilər ki, onlar nə vaxtsa böyük dövlətlərin məqamına və səviyyəsinə çatacaqlar. Bu, olmayacaq, çünki inkişafdakı fərqlər o qədər böyükdür ki, onları adlamaq elə də asan deyil.

...Rusiyada milli hərəkatlar qızışsa, bu ölkə yenidən parçalanma ilə üz-üzə qalsa, onda çox şey dəyişə bilər. Amma bunun ehtimalı nə qədərdir? Romantikləri çıxmaq şərtilə çətin ki, kimsə bu suala təsdiqedici cavab verə bilsin.
Ona görə də vurğunu ona yönəltmək lazımdır ki, digər millətlərin heç olmasa rəğbətini qazanasan. Bu, mümkündür. Amma nə təəssüf ki, kiçik dövlətlərdəki siyasi sistemlər buna bir çox hallarda imkan vermir.

Baltikyanı ölkələr dünyanın rəğbətini qazandı. Elə sovetlərin öz vaxtında etiraf olunurdu ki, bu xalqlar qeyrilərindən daha irəlidədir.

Hərb, texnologiya – bunlar hamısı böyük dövlətlərin və böyük güclərin prioritetidir, onların inhisarındadır.

Ona görə də kiçik dövlətlər dünyaya sübut etməlidir ki, onlar başqaları üçün təhlükəsizdir, digərləri üçün problem yaratmaq niyyətində deyillər. Yalnız bu halda kiçik dövlətlərin üzünə qapılar açıla bilər…

KİÇİK SÖZARDI

Bir söz deyəcəm. Bəlkə o bir qədər qeyri-adi görünəcək.

Mənə elə gəlir ki, bu mətləbləri böyük Azərbaycan şairi Nizami hamıdan tez duymuşdu.

İstəsəydi, o da böyük qəhrəmanlıq səhifəsi təsvir edərdi, kiçik Bərdənin böyük İsgəndərin qarşısında necə dayandığını vəsf edərdi. Amma o, belə etmir, başqa bir situasiya uydurur. Elə bir situasiya ki, kiçik dövlətlərin davranışına daha adekvatdır.

Bəli, o vaxt – dövlətlərin öz münasibətlərini yalnız hərblə müəyyənləşdirdiyi bir vaxt Nizami bunu duyur və hiss edirdi…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG