Keçid linkləri

Azərbaycan axır ki, Dubay səviyyəsinə çatdı.
4-cü sinif şagirdinin riyazi test nəticələrinə görə, Dubay 468 bal yığıb, Azərbaycan 463 bal.

Hər iki nəticə normadan xeyli aşağıdır.
Norma 500 baldır.

Azərbaycan 4-cü sinif şagirdlərinin riyazi savadı yoxlanan 52 ölkə və ərazi arasında 37-cı yerdədir.

ABŞ-ın Boston Kolleci orta məktəblərin 4-cü siniflərinin riyazi və qiraət vərdişlərinin, biliklərinin testi əsasında hesabat hazırlayıb.
500 ballıq normadan yuxarı nəticəni 27 ölkə göstərib.

Ən yüksək təhsil səviyyəsi Sinqapurdadır -606 bal.
Sonrakı yerlərdə yenə Cənub-Şərqi Asiya ölkələridir və əraziləridir:

Cənubi Koreya - 605
Honq Konq - 602
Tayvan - 591
Yaponiya – 585 bal.

4-cü sinif məktəblisinin təhsil səviyyəsinə görə,

Rusiya 10-cu yerdədir – 542 bal.
11-ci yerdə ABŞ-dır – 541 bal.
Almaniya 16-cıdır – 528 bal.

500 ballıq norma həddini Qazaxıstan da keçib - 501 bal.

500 bal həddinə çata bilməyənlər arasında neft ölkəsi Norveçdir- 495 bal.
Yeni Zelandiya (486 bal) , İspaniya (482 bal) kimi ölkələr də lazım olan səviyyəyə çata bilməyib.

Cənubi Qafqaz regionu ölkələri arasında Gürcüstan və Ermənistan Azərbaycandan da geridədir:

Ermənistan – 452 bal
Gürcüstan – 450 bal.

Türkiyədə məktəblinin səviyyəsi təxminən Azərbaycandakı kimidir – 469 bal.


Məlahət Mürşüdlü

Məlahət Mürşüdlü

Hesabat reallığı dürüsmü əks etdirir? Azərbaycanda 4-cü sinif şagirdinin riyazi savadı doğrudanmı belə aşağıdır?

Azad Müəllimlər Birliyinin” sədri Məlahət Mürşüdlü:
- Şagirdlərin riyazi savadı aşağıdır. Bu, heç kimə sirr deyil. Bunu bizim monitorinqlər göstərir. Elə Təhsil Nazirliyinin yoxlamaları da göstərir ki, savad aşağıdır.

Azadlıq Radiosu: Bəs buna səbəb nədir?

Məlahət Mürşüdlü: Bizim ibtidai sinif müəllimləri yeni innovativ üsullarla təhsil proqramını tədris edə bilmirlər.

Azadlıq Radiosu: Problem müəllimdədir, təhsil sistemindədir yoxsa şagirdlərin özündədir?

Məlahət Mürşüdlü: Belə deyim, problem müəllim hazırlığındadır. Və bu hazırlıq universitetlərdən başlayır. Müəllimlər universitetlərdən məktəblərə hazır gəlmirlər. Məktəblərdə isə o kəsir aradan qaldırılmır.
Məktəblərdə elə bir pedaqoji mühit yaradılmır ki, müəllimlər peşəkar səviyyələrini artırsınlar.

Azadlıq Radiosu: Bəs uşağı məktəbdə oxuyan valideyn neyləsin? Yeganə yol qıraqda müəllim tutmaqdır?

Məlahət Mürşüdlü: Valideynlər yol tapırlar. Siz demişkən, yolu müəllim tutmaqda görürlər. Ancaq bu, doğru yol deyil. Onda gərək məktəblər bağlansın.

Mən düşünürəm ki. problemin yolu – sistemli şəkildə iş aparılmasındadır. Təhsil qanununda müəllim hazırlığı məsələləri öz həllini tapmadı.

Pedaqoji universitetlərə orta məktəb abiturientinin seçimindən başlamış orta məktəblərdə müəllimin fəaliyyətinə qədər bütün bu prosesi özündə əks etdirən qanun olmalıdır. Belə qanunlar Avropada var, Gürcüstanda var.
Müəllimin peşəkar səviyyəsini artıra bilməsi üçün sistem yarımçıqdır. Belə bir sistem olmalıdır.
Bütün bunlar olmadıqca, nəticələr də göz qabağındadır.

ABŞ-DA CƏMİ 7 FAİZ

Boston Kollecinin hesabatı 4-cü sinif şagirdlərinin biliyinə aiddir.
Ancaq ABŞ-da 8-ci, 11-ci sinif şagirdlərinin də bilikləri yoxlanıb.

Nyu York Times qəzeti yazır ki, testə görə, ABŞ-da 8-ci sinif şagirdlərinin cəmi 7 faizinin tələb olunan səviyyədə riyazi biliyi var.

Sonda qeyd edək ki, Boston Kollecinin testləri riyaziyyat və müxtəlif siniflər üzrə 63 ölkədə, ədəbiyyat üzrə isə 49 ölkədə və təhsil sistemində keçirilib.
Hələlik yalnılz 4-cü siniflərin riyazi testlərinin nəticələri açıqlanıb. Ədəbiyyat testlərinin nəticələri hələ açıqlanmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG