Keçid linkləri

Təcili xəbərlər

Rusiya imtina etdi. Bundan sonra nə ola bilər?


Qəbələ RLS-i
Qəbələ RLS-i
-

Rusiyanın RLS-lə bağlı notası deməzdik ki, hakimiyyət üçün qəfil oldu. Yox, bir il idi ki, proses buna gedirdi. Təbii ki, hökumət məsələyə ictimai rezonans vermək istəmir. Halbuki baş vermiş hadisə Azərbaycan üçün elə də əhəmiyyətsiz deyil – müstəqil olandan 21 il sonra nəhayət ki, ölkənin öz ərazisində Rusiyanın hərbi mövcudluğuna tamam son qoymaq imkanı yaranıb. O ki qaldı belə bir hadisənin siyasi sükutla müşayiət olunmasına, burada sabiq prezident H. Əliyevin bir fikri yada düşür: «Siyasətçi dediyini etmir və etdiyini də demir!». Məsələnin ölkə üçün ən böyük önəmini qeyd etdik. Amma onun başqa cəhətləri də var. Ölkə hipotetik nüvə müharibəsi zamanı potensial hədəf olmaqdan yaxasını qurtardı, ərazisini ekoloji çirklənmədən xilas etdi – indi bu şəhərcik əsl turizm və mədəniyyət mərkəzi kimi inkişaf edə bilər. O ki qaldı, irili-xırdalı başqa problemlərə, xüsusən də stansiya ərazisində çalışan yerli əhalinin məşğulluq məsələlərinə, onlar da gec-tez həll ediləcək, insanlar özləri üçün başqa məşğuliyyət tapacaq, hər halda dövlət də yəqin ki, bu məsələdə onlara, heç olmasa, minimal yardım edəcək. Bütövlükdə isə turizm infrastrukturunun inkişaf etdirilməsi bölgəyə daha böyük iqtisadi dividentlər vəd edir, nəinki stansiyada müxtəlif işlərdə çalışmaqdan əldə olunan məvaciblər…

BU ADDIMIN SİYASİ CƏZASI NƏ OLA BİLƏR?

Bir ölkənin ərazisində başqa bir ölkənin hərbi bazasının olması heç bir halda təqdir olunan hadisə deyil – Azərbaycanın əsas uduşu budur. Təbii ki, bunun ardınca müəyyən təzyiqlər də baş verə bilər. Tutaq ki, əməkçi miqrantların Rusiyadan sıxışdırılması, Qarabağ problemində Ermənistan tərəfinin mövqeyinin daha da sərtləşməsi, Azərbaycanda başqa etnik-separatçı tendensiyaların stimullaşdırılması, Ermənistanın Rusiya tərəfindən daha intensiv və daha modern şəkildə silahlandırılması baş verə bilər. Amma bir məsələ var ki, indi artıq 1992-93-cü illər deyil, Rusiyanın da imkanları xeyli dərəcədə məhdudlaşıb. O vaxt o, daha çox geosiyasi nöqtələrə toxuna bilir və onları hərəkətə gətirirdi. İndisə başqa vaxtdır. Həm də həmişə birinci, ilk presedent olmaq çətindir. İndi Azərbaycan öz geosiyasi tutumuna görə qonşu Gürcüstanla bərabərləşdi. Azərbaycan öz ərazisindən Rusiyanın hərbi bazalarını çıxarmağa daha tez başlamışdı, amma bu prosesi tam başa çatdıra bilməmişdi, Qəbələ RLS-i hələ də qalırdı. Gürcüstan prosesə gec başlasa da, onu bir qədər tez yekunlaşdırmışdı. Müşahidələr göstərir ki, Rusiya MDB məkanının hərbi arxitekturasına son vaxtlar o qədər də önəm vermir. Hətta iş o yerə çatıb ki, Özbəkistan Kollektiv Təhlükəsizlik Təşkilatına iki dəfə üzv olub və iki dəfə də bundan imtina edib.

Qəbələ RLS
Qəbələ RLS
Nəsə baş veribmi? Nəsə dəyişibmi? Nə qədər təəccüblü olsa da, ciddi bir hadisə müşahidə olunmayıb. İndi ümid etmək olar ki, Azərbaycanla bağlı da, necə deyərlər, sovuşacaq. Təbii ki, yerli hakimiyyət daha çox istiqamətdən təzyiq gözləyir. Məsələn, onlar üçün növbəti ildə prezident seçkisini sakit və öz xeyrinə keçirmək heç də az əhəmiyyət kəsb etmir. Rusiyanın bununla bağlı da təzyiqi ola bilər. Amma bu siyasi «kart» da artıq açılıb və onunla bağlı indi elə bir sürpriz yaşanmır. Əslində siyasət fors-major situasiyaların çox qəribə sintezidir. Zaman keçdikcə siyasət adamları buna alışır və onu təbii qəbul edirlər. Əgər hər şey həmişə sakit və hamar cərəyan etsəydi, bu, heç siyasət olmazdı, nəsə başqa bir şey olardı, lap qocalar evini xatırladardı…

KİÇİK SÖZARDI

Bəlkə də elə bir vaxt gələcək ki, sonuncu ölkənin MDB-dən çıxmasının da şahidi olacağıq. Bu, indi bir qədər siyasi ekzotika kimi görünür. Amma belə hallar azmı olub siyasətdə? SSRİ-nin taleyi bir an içində həll oldu. Düzdür, buna qədər böyük yol qət etmək lazım gəldi. Amma MDB məsələsində də böyük bir yol keçilib. Ümid edirik ki, dövlət başçılarının MDB-nin nə demək olduğunu və onun hansı perspektivləri vəd etdiyini düşünməyə-daşınmağa vaxtı olub. Burada elə rusların özlərinin məşhur deyimi yada düşür: «axı şeytan nə ilə zarafat etmir ki?»…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG