Keçid linkləri

-

İlin yekununda Qarabağ probleminə toxunmamaq nəinki ölkənin, hətta bölgənin əsas probleminin üstündən sükutla keçmək deməkdir. Amma təəssüf ki, tək son bir ildə deyil, 1994-cü ildə atəşkəs elan olunandan sonra bu problemin həlli istiqamətində kiçik də olsa addım atmaq mümkün olmayıb, məsələnin siyasi həlli sözün əsl mənasında dalana dirənib. Bu baxımdan 2012-ci il də istisna olmadı. Yekun olaraq demək olar ki, Azərbaycan problemin mərhələli həll variantının üstündə təkid etdi, Ermənistan isə Dağlıq Qarabağın statusu ilə bağlı keçiriləcək referendumun tarixinin irəlicədən müəyyənləşdirilməsində israr etdi. Prezidentlərin bu il üçün birinci və elə həm də axırıncı görüşü yanvar ayının 23-də Soçidə keçirilmişdi. Bu görüş təkcə Azərbaycan və Ermənistan prezidentləri üçün axırıncı olmadı, həm də D. Medvedev-in prezident statusunda vasitəçilik etdiyi sonuncu görüş oldu. Güman etmək olardı ki, prezident V. Putin öz sələfinin təşəbbüsünü davam etdirəcək. Amma bu bir il ərzində Moskva bir dəfə belə olsun vasitəçilik təşəbbüsündə bulunmadı. Əvəzində Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı genişləndi, hava sərhədlərinin birgə qorunması razılaşdırıldı və qonşu Rusiyanın hərbi – siyasi dairələri bir daha Azərbaycana işarə etdilər ki, müharibə olacağı halda Rusiya həm Ermənistanın və həm də Dağlıq Qarabağın hava sərhədlərini qoruyacaq. Bu məsələlərlə bağlı danışanda Qəbələ RLS-i yada salmamaq olmur. Bəlkə də bu rəsmi Bakının münaqişənin gedişi ilə bağlı məyusluğunun göstəricisi idi.

Rəsmi Bakı başa düşdü ki, Rusiya münaqişənin açarının onda olmasını tez – tez xatırlamaqla sadəcə ölkələri özünün siyasi orbitində saxlamağa çalışır.

Əgər Rusiya Qarabağ problemində azacıq da olsa irəliləyişə imkan versəydi çox güman ki, rəsmi Bakı onun bu xoş məramını cavabsız qoymayacaqdı – elə RLS problem ilə həll olunacaqdı, bəlkə də Avrasiya İttifaqı məsələsinə də «hə» deyiləcəkdi. Amma Rusiya bunu etmədi və böyük ehtimalla buna cavab olaraq Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığının hər gün, hər saat genişləndirdiyi bir vaxt Azərbaycan Rusiyanın hərbi orbitindən uzaqlaşmaq yolunu tutdu. Burada etiraz etmək olar ki, Moskva Qarabağ prosesində heç də yeganə siyasi vektor deyil. Əgər məsələ ilə bağlı Rusiyanın adı çəkilirsə digər dövlətlərin də «xidmətləri» sadalanmalıdır. Bunu haqlı irad hesab etmək olar. Amma nə etmək olar? Belarus orta statistik qafqazlının şüurunda hansı assosiasiyanı yaradırsa elə Minsk Qrupu də oxşar reaksiyalar doğurur.

MİNSK QRUPUNUN YUBİLEY İLİ

ATƏT-in Minsk qrupunun həmsədrləri

ATƏT-in Minsk qrupunun həmsədrləri

Bəli, bu il Minsk Qrupunun əməlli – başlı yubileyi idi. 2012-ci ildə Qrupun yaradılmasının 20 ili tamam oldu. Təbii ki, həmsədrlər bölgəyə səfərlər etdilər. Amma nəticə olmadı. İndi ATƏT-də sədrlik Ukraynaya keçib. Sonuncu Azərbaycana yaxın dövlət olsa da, böyük ümidlərə qapılmaq üçün elə bir əsas yoxdur, çünki yaxın keçmişdə bu quruma sədrlik edənlərdən biri də türkdilli dövlət – Qazaxıstan idi. Sonuncunun vasitəçiliyinin nəticəsi o olmuşdu ki, ATƏT-in Astanada keçirilən zirvə toplantısında Qarabağ probleminə toxunulmamışdı. Ona görə də dövlətlər gəlir-gedir, amma məsələ qalır, problem həll olunmur…

2013-CÜ İL MÜNAQİŞƏNİN HƏLLİ ÜÇÜN NƏ VƏD EDİR?

Böyük ehtimalla heç nə, çünki növbəti ildə hər iki dövlətdə – həm Ermənistanda, həm də Azərbaycanda seçki ilidir. Hər iki ölkədə hakimiyyət dairələrinin ictimai rəydən asılılığı minimum olsa da, hər halda seçki seçkidir – bu dövrdə hamı öz çıxışlarının pafosunu artırır, vədləri bir az da şişirtməyə və hətta reallıqları təhrif etməyə çalışır. Ona görə də böyük siyasi sazişdən danışmaq hələ tezdir. Zamana ümid bağlayanlar indi bütün vasitələrlə öz zamanlarını uzatmağa çalışırlar. Ermənistan Qarabağın müstəqilliyini tanıtmaq üçün kiçik dövlətlərlə iş birliyindədir, çalışırlar ki, Abxaziya və Cənubi Osetiya presedentini təkrar etsinlər. Azərbaycan isə öz iqtisadi göstəricilərinin nə vaxsta Ermənistanı ciddi düşünməyə vadar edəcəyinə ümid edir. Nə demək olar? Ümid ümiddir, onu yasaq etmək olmaz. Hər iki tərəf bu durumdadır. Biri Rusiyanı istismar etməklə duruş gətirəcəyini, o birisi isə özünün neft və qaz ehtiyatlarını siyasi – diplomatik üstünlüyə çevirə biləcəyini güman edir. Amma ciddi bir fərq var. Tərəflərdən biri hər halda Qarabağdadır və dinc dayanmır, daim orada nəsə etməyə cəhd edir, gah yol çəkir, gah aeroport tikir. O birisi isə kənardadır və öz uzaqlığını daha çox böyük vədlərlə və bir də musiqili «Qarabağ harayları» ilə kompensasiya etməyə çalışır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG